“LDU NECƏ VƏ KİM TƏRƏFİNDƏN YARADILIB?” – SABİQ NAZİRLƏ SABİQ REKTOR QARŞI-QARŞIYA !!!

PAYLAŞIN

PROFESSOR HACIBABA ƏZİMOV SABİQ NAZİRİ QINADI !!!

Fb-NİN GÜNDƏMİNDƏN

Hacibaba AZİMOV

10 avqust 2020

 

Dəyərli dostlar!

Hörmətli və istedadlı jurnalist Aydın Canıyev mənim ad günüm münasibətilə öz səhifəsində yazdığı statusunda ənənəni pozaraq (p.s. Bilsəydim buna etirazımı bildirib mane olmağa çalışardım – H.Ə.) yaradıcısı və ilk rektoru olduğum Lənkəran Dövlət Universitetinə elə sağlığımda mənim adımın verilməsi haqda iddia qaldırmışdı. Sonra nədənsə o, öz yazısına keçmişdə bir müddət Təhsil Naziri vəzifəsində olmuş Firudin Cəlilovun qərəzli və yalan iddia ilə yazdığı kommentində dediklərini də, etibarlı fakt kimi, öz yazısına əlavə etmişdi. Bundan sonra Aydın bəyin təklifinə sosial şəbəkədə qısa vaxt ərzində 800-dən artıq bəyənmə, təxminən 200-dən artıq müsbət rəy yazıldı, 50-dən artıq paylaşma oldu və həmin şəxslərin çoxu, yəqin ki, həm də F.Cəlilovin yalanına inandı. Bu haldan xəbər tutduqdan sonra mən, təbii ki, etirazımı bildirib Cəlilovun sözlərinin tamamilə yalan olduğunu Aydın bəyə açıqladım. O, mənimlə razılaşıb, dərhal yazdığı mətndə düzəlişlər etdi və bunun səbəbini də göstərdi. Mən də yeni mətnin rəylər bölməsində əsl həqiqətləri qısaca olaraq yazdım. Lakin mənim rəyimi cəmi 4-5 nəfər oxuya bildi. Çünki, insanlar Aydın Canın ilkin yazısi ilə tanış olmuşdular və rəylərini də bildirmişdilər. Bütün bunlara və ictimaiyyətin əsl həqiqəti bilməsinə eytiyac olduğuna görə mən, F.Cəlilova öz səhifəmdə qısa, lakin dürüst faktlar əsasında aşağıdakı cavabı verməyə məcburam:
Əvvələn, deməliyəm ki, bütün şüurlu həyatımda heç vaxt, heç kimin kiçik xidmətini belə danmamışam, hətta mənə qəsdən pisliklər edən şəxslərin də. Həmişə belə hesab etmişəm və edirəm ki, başqalarının haqqını danmaq, xidmətlərini əyri güzgüdə göstərmək ləyaqətsizlik, şərəfsizlik və əxlaqsızlıqdır. Öz haqqımı, xidmətlərimi isə dilə gətirməkdən çəkinmiş, hətta haqqımı bilə-bilə tapdalayanlara qarşı belə, kin-kudurət saxlamamışam. Lakin bu heç də o demək deyildir ki, uzun illər ərzində gərgin və böyük zəhmət hesabına qurucusu olduğum, nümunəvi elm-tədris mərkəzi kimi ərsəyə gətirdiyim bir ali məktəbin – LDU-nun yaranması və inkişafında mənim xidmətlərimin danılmasına da biganə qala bilərəm. Buna heç vaxt yol verə bilmərəm, əks təqdirdə özüm-özümə hörmətsizlik etmiş olaram.

İkincisi, bildirməliyəm ki, haqqında bəhs olunan rəyində Cəlilov yaşına və alim-ziyalı adına yaraşmayan bir tərzdə etik normaları pozaraq, kəsdiyimiz duz-çörəyə xəyanət edərək, qəsdən LDU-nun yaradılmasında mənim xidmətimi danmağa, özünün etdiyi pislikləri ört-basdır edərək, LDU-nun yaranmasında xidməti olduğunu iddia etməyə cəhd göstərir və deyir ki, güya onun müraciətiilə Prezident Ə.Elçibəy sərəncam verərək, Lənkəran filialını müstəqil universitet edib. Cəlilovun bu fikri tamamilə ağ yalan, gülünc və absurd bir iddiadır. Çünki, Əbülfəz bəyin LDU-nun yaranması haqda Nazirlər Kabinetinin qərarından xəbəri belə olmayıb, Cəlilov isə LDU-nun yaranmasına mane olmağa çalışıb. Bunu aşağdakı təkzibolunmaz faktlar aşıq-aydın subut edir:

1. BDU-nun Lənkəran filialının direktoru olaraq mənim təşəbbüsüm və rəsmi vəsatətim əsasında Baş Nazir Rəhim Hüseynovun razılığı və tövsiyyəsi, aidiyyəti üzrə vəzifəli şəxslərin razılıq vizası (imzası) ilə hələ 1992-ci il may ayının əvvəlində Lənkəran Dövlət Universitetinin yaranması barədə qərarın layihəsinin hazırlanması işi başa çatdırılmışdı və son imza üçün Baş Nazirə təqdim olunmalı idi. Lakin mayın 18-də Baş Nazirin müavini vəzifəsinə təyin olunan F.Cəlilov LDU-nun yaranması barəsində qərar layihəsini öz seyfində saxlayıb, Baş Nazirə vermədi. İyun ayında, Ə.Elçibəy Prezident seçiləndən sonra, Dövlət Müşaviri təyin olunan Rafiq İsmayılov, mənim xahişimlə, F.Cəlilova tapşırıq verdikdən sonra, o, həmin qərar layihəsini imzalamaq üçün Baş Nazirə verməyə məcbur oldu və dərhal da R.Hüseynov tərəfindən imzalandı. Beləliklə 1992-ci ilin iyul ayında Lənkəran Dövlət Universiteti yarandı.

2. İyul ayında Təhsil Naziri təyin olunan Cəlilov, mənim LDU-nun rektoru vəzifəsinə təyin olunmağım haqda əmr verməli idi (o zaman rekoru nazirlik təyin və işdən azad edirdi – H.Ə.), lakin vermədi. O, bu təyinatı 2 ay uzatdı və yalnız Dövlət Katibi P.Hüseynin tapşırığından sonra, sentyabr ayında, mənim iyul ayından rektor hesab olunmağım haqda əndirəbadi əmr verdi.

3. 1992-ci ildə LDU-nun normal fəaliyyət göstərməsi üçün tədris binalarına böyük ehtiyacı var idi. Bu məqsədlə də mən Prezident Ə.Elçibəyin qəbulunda olmuş və rəsmi məktubla ona müraciət edib, Lənkəran şəhərindəki şagird kontingent yeri əsasən boş olan 3 peşə məktəbindən birinin binasının LDU üçün ayrılmasını xahiş etmişdim. Lakin Cəlilov absurd bir bəhanə ilə buna da imkan vermədi.

4. 1992-1993-cü tədris ili üçün Nazirlər Kabinetinin təsdiq etdiyi dövlət planı əsasında “beynəlxalq münasibələr” ixtisası (Azərbaycan bölməsi) üzrə LDU-ya 25 nəfər tələbə qəbul olunmuşdu. Həmin ixtisas üzrə BDU-ya yalnız rus bölməsi üzrə tələbə qəbulu olmuşdu. Lakin nazir Cəlilovun xeyir-duası ilə LDU-ya qəbul olunan abiturientlərin 50 faizdən çoxu dərslərə gəlmədi və bir aydan çox müddətdə Bakıda, mehmanxanada yerləşdirildi, sonra da onlar nazir Cəlilovun tamamilə qanunsuz əmrilə BDU-ya köçürüldülər. Həmin tələbə qrupunun maliyyəlşdirilməsi dövlət planında nəzərdə tutulmadığı səbəbdən də Cəlilov dövlət büdcəsinə təqribən bir milyon manat ziyan vurdu.

——————————————————————————————–

P.S.

Təəccüblü haldır ki, Cəlilov hələ də bilmir ki, ali məktəblər Prezidentlərin sərəncamı ilə deyil, Nazirlər Kabinetinin qərarı ilə yaradılıb və yaradılır. Bu tarixi həqiqətləri saxtalaşdırmaq mümkün deyil. Bütün bunları sənədlər əsasında təfərrüatı ilə öz xatirələrimdə yazıb çapa hazırlamışam.

———————————————————————————————

P.P.S.

F.Cəlilovun mənə və LDU-ya qarşı yuxarıda qeyd etdiyim və etmədiyim “xidmətlər”ini indiyədək heç vaxt dilə gətirməmişəm, onun üzünə vurmamışam və onunla normal, səmimi münasibətlər saxlamağa çalışmışam. Ancaq o, göstərilən yalan rəyi ilə etik normaları, insani dəyərləri pozaraq həqiqətin ağzına daş basmaq, tarixi həqiqətləri əyri güzgüdə göstərmək istədiyinə görə bu izahatı yazmağa məcbur oldum.

Dəyərli dostlar!

Bir daha Sizi bu yazını diqqətlə oxumağa, rəyinizi bildirməyə və paylaşmağa dəvət edirəm!

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*