LEDİNİN QURBAN PAY(lar)I!!!

PAYLAŞIN

 YAXUD, “KÜR QIRAĞININ ƏCƏB SEYRANGAHI VAR!”!!!

————————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor     

————————————

———————————————————————-

Bir qədər çaydan aralı, od qalamış dağda çoban,

Oyadır öz sürüsün, otlaya yaylaqda çoban.

Abbas SƏHHƏT

 

 

———————————————————————–

Açığı, bir az problemlərin, bir az da qayğıların çoxluğundan artıq neçə həftədi ki, dərc olunan və hətta, deyəsən, son həftə səhifədən çıxarılan anons yazılarının vaxtı yamanca uzandı. Söhbət Azərbaycan siyasətində son vaxtlar daha çox parlayan və bu parıltısı ilə çox gözləri qamaşdıran Qənirə xanım Paşayevanın qeyri-siyasi fəaliyyətindən, daha doğrusu, onun yaratdığı biznes şəbəkəsindən gedir. Sözün düzü, Qənirə xanımın özü ilə üz-üzə görüşmədən və bir para məsələlərə tam dəqiqliyi ilə aydınlıq gətirmədən bu yazını yazmağa da əlim gəlmirdi. Hər nə də olsa, illər boyu, həmkar olaraq, eyni məsləyə qulluq etmiş adamlarıq və aramızda salam-kəlam  da olub. Bir də millət vəkili olandan sonra daha çevik, dilli-dilavər, bir az da Azərbaycanın müxtəlif sahələrdəki problemləri ilə bağlı canıyananlıq edən deputat təsiri bağışlayan Qənirə xanıma bu cür işləri, özlüyümdə heç yakışdıra bilmirdim. Bəlkə onun özünün bu məsələlərə dair hansısa bir izahı və ya şərhi, nəsə bilmədiyimiz pərdəarxası məqamlar ola bilər deyə, xeyli müddət onunla əlaqə saxlamağa çalışdım. Ama Qənirə xanım bir qayda olaraq mobil telefonuna edilən zənglərə cavab vermir. Bir neçə dəfə Emin adlı köməkçisi ilə danışsam da, sonda adam bildirdi ki, heç mənim özüm Qənirə xanımı düz-əməlli görə bilmirəm. Ev telefonunu (bəlkə artıq onun evi də, telefonu da dəyişib – S.Ə.) da dəfələrlə arasam da, nəticə hasil olmadı. Bəzi millət vəkillərindən xahiş etdim ki,  onunla görüşmək istədiyimi çatdırsınlar. Burada da uğur qazana bilmədiyimi görüb, mobil telefonuna mesaj çəkdim. Yenə də nəticə sıfır.

Yeri gəlmişkən, indi bir çox adamlar Azərbaycan respublikasının prezidenti İlham Əliyevlə və Birinci Ledi Mehriban xanım Əliyeva ilə görüşə bilməməklərindən o qədər ağrılı danışırlar ki, adamın onlara yazığı gəlir. Amma heç kim fikirləşmir ki, yaxşı-pis, Azərbaycan mətbuatında tanınan və yenə də yaxşı-pis zamanında Qənirə xanımla salam-kalamı olan Sərdar Əlibəyli, əslində sıradan olan bir millət vəkili ilə görüşə bilmirsə, o zaman adı çəkilən personalarla görüşə bilməməkdə təəccüblü nə var ki? Hər halda, necə deyərlər, günah məndən getdi, Qənirə xanım. Amma bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, bu xanım millət vəkilinin barəsində bəndənizin sərəncamına  çatan məlumatları nə dəqiqləşdirməyə, nə də onların təsdiqinə və ya təkzibinə şəxsən mənrm heç bir ehtiyacım yoxdu. Çünki bu məlumatlar o mənbədən gəlib ki, burada nə yanlışlıq, nə qərəz, nə də səhv ola bilər. Beləliklə, ara-sıra efirlərdən pafosla, bir az da olduğundan böyük görsənməyə çalışan Qənirə Paşayevanın millət vəkilliyi ilə biznes fəaliyyətini necə bir araya sığışdırması barəsindəki məlumatlarla siz də tanış olun, əziz oxucular və bilin ki, heç də, efirlərdən eşitdiyiniz yanğılı sözlər, həmişə o sözləri danışanların can yanğısından deyil, müxtəlif qanunsuz əməllərin ört-basdır edə bilmək cəhdindən də doğa bilər. Qənirə xanımın baş vurduğu biznes sahəsi isə, ona ümumiyyətlə nə yaraşır, nə də kimsənin ağlına gələsidi. Bəlkə elə, xanım deputat buna görə öz beznes fəaliyyətini bu sahəyə kökləyib ki, nə unayan olsun, nə də eşidənlər inansın.

İndi isə ayağınızı yerə möhkəm basın ki, torpaq ayağınızın altından qaçmasın. Bəli, hər gün efirlərdən gördüyünüz bu nazlı, qəmzəli, kifayət qədər ağlı başında görünən və özünü-sözünü bilən  gözəl xanım, «QOYUN» biznesi ilə məşğul olur. Hazırda bu biznesin inkişafı üçün Tovuz rayonunun yaylaq və qışlaq ərazilərində hektarlarla otlaq sahələri olan Q. Paşayevanın  QOYUN sürüləri var. Bu sürülər hazırda qışlaqda bəslənməkdədi və Qənirə xanımın baş çobanı bir vaxtlar Ermənistan respublikasının Göyçə mahalında, tanınmış çobanların quzu otaranı olmuş, 1988-ci ildən isə Bakıda seyf qapıların hazırlanması və «ustanovka»sı üzrə ixtisaslaşmış Fətulla Alisgəndərovdu. Hələ quzuçuluq dönəmindən hamının «Umuş» deyə çağırdığı bu şəxs, indi Qənirə xanımın QOYUNlarını həvalə etdiyi adam olmaqla  yanaşı, həm də özünü deputatın biznes ortaqlarından biri hesab edir. Bəs, Qənirə xanımla «Umuş»un biznes ortağı olmalarının əsasında nələr dayanır və millət vəkili ilə «baş çoban» harada və hansı şəraitdə tanış olublar? Məsələ burasındadı ki, Qənirə xanım hələ tələbə olduğu illərdə «Umuş»un Tibb Universitetinin yaxınlığında yerləşən evində kirayənişin kimi yaşayıb. Və tanışlıq məsələsi də başlanğıcını o zamandan götürür. O zamanlar, nə Qənirənin deputat olacağı ağlına gələrdi, nə də hər ayın əvvəlində «Umuş», qapısını kəsdirib kirayə haqqını tələb etdiyi bu qızcığazın, bir vaxtlar baş çobanı olacağını düşünə bilərdi. Amma necə deyərlər, «sən saydığını say, gör fələk nə sayır». Fələk də beləsinə saydı ki, Qənirə deputat oldu və necə deyərlər, əvvəl rəis olan, indi tabeçiliyə, tabeçilikdə olan isə rəisliyə keçdi. Və bu gün Qənirənin qoyun biznesi bütünlüklə «Umuş»un sərəncamındadı. 

Təbi ki, məhz Qənirə Paşayevanın bu sahədə biznes fəaliyyətinə başlaması, Tovuz rayonunda əvvəllər bu sahəni monopoliyaya götürmüş digər biznesmenlərin heç də ürəyincə olmayıb və onlar da öz imkanları  çərçivəsində buna qarşı müqavimət göstərməyə çalışırlar. Ancaq ortada bir məsələ var ki, onların qarşısındakı indi sadəcə Qənirə Paşayeva deyil, deputat Qənirə Paşayevadı.  O Qənirə ki, təkcə deputat deyil, həm də Heydər Əliyev Fondunda məsul vəzifə tutan  və  Mehridan xanım Əliyevaya  yaxın olan iqtidar təmsilçilərindən biridi. Elə bu baxımdan da, Qənirə Paşayevaya qarşı çıxmaq, hətta haqlı olsa belə, indi nəinki bir kimsəyə  xeyir gətirər, əksinə əlində olanların da itrilməsi ilə nəticələnə bilər. Bütün bunlar məsələnin bir tərəfidi. Yeri gəlmişkən, bu sırada bir şeyi də, «desəm öldürərlər, deməsəm ölləm» anlamında olsa belə, ictimai rəyin diqqətinə çatdırmağı özümə borc bilirəm. Belə ki, ötən il Qurban bayramında Mehriban xanımın adından Bakı şəhərində paylanan qurbanların xeyli hissəsi də Qənirə Paşayevaının hesabından çıxıb. Bu məqsədlə Bakıya gətirilən minlərlə QOYUNlardan 150 başı məhz Qənirə Paşayevanın sürüsündən gətirilən qurbanlıqlarıydı.

Burda bəndənizə irad tutub deyə bilərsiniz ki, axı, bütün bunlardan sənə nə, «bacarana can qurban».  Etiraf edim ki, mən özüm də, qismən bu iradı haqlı bulur və qəbul da edirəm. Ancaq məsələnin başqa boyutları da var ki, Azərbaycanın mövcud qanunları millət vəkillərinə və dövlət qulluğunda olan məmurlara bizneslə məşğul olmağı rəsmən yasaq edir. Bu mənada, Qənirə Paşayeva da istisna deyil və olmamalıdı. Azərbaycanda son vaxtlar başdan aşağı məmur və deputat korpusunun tam əksəriyyəti «staxanovçuluqla» məşğuldular. Axı, bir nəfər, istər ictimai, istərsə də dövlət vəzifəsi olsun, nə qədər  sahəyə rəhbərlik edə, nə qədər yerdə çalışa bilər. Qənirə xanımın da bu yöndə rəsmi və qeyri-rəsmi xeyli görəvlər üstləndiyi heç kəsə sirr deyil. Təkcə parlament xətti ilə bu xanımın bir neçə vəzifəsi var, üstünə-üst HƏF-də məsul bir işin başındadı, bu yanda da Tovuz rayonundakı biznes sahəsi, daha doğrusu, hər gün, hər saat sahibindən qayğı və nəvaziş tələb edən minlərlə  baş QOYUN.  Əslində, dünya praktikasında da millət vəkillərinin və dövlət işçilərinin biznes və başqa sahələrlə məşğul olması ona görə yasaq olunur ki, onlar yalnız dövlətdən aldıqları görəvin başında olsunlar və başqa sahələrin qayğısı dövləti işlərə maneçilik törətməsin. İndi isə bircə anlıq təsəvvür edin ki, Qənirə xanım, ya AŞPA-nın sessiyasında olarkən, ya da, tutaq ki, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Komissiyasının sədri kimi Tiflisdə görəvlərini yerinə yetirərkən, «Umuş»dan telefon gəlir ki, bəs QOYUNların bir sürüsünü sel apardı, canavar parçaladı, sürünün birinə xəstəlik düşüb və sair. O zaman  deputat Qənirə Paşayevanın dövlət görəvi, yoxsa QOYUNLAR barəsində düşünməli olduğu sualının cavabını kim tapsa, mən əlimin arxasını yerə qoyub üzr istəməyə hazıram. Təbii ki, bu barədə Qənirə xanımın özünə sual versəniz, o, mütləq deyəcək ki, dövlətin görəvləri daha əsvəldi, amma həmin anda adamın ürəyinə girilməz ki? Sözün səmimiyyətini ölçən tərəzi də yox, bəşəriyyət isə hələlik «vicdanometr» adlı cihazı da kəşf edə bilməyib.  Bax, əslində narahatedici məqam da elə buradadı.

Bir sözlə, efirdə yeri gəldi-gəlmədi, millətin və dövlətin qayğıkeş hamilərindən biri kimi görünməyə çalışan Qənirə Paşayeva, bunu istəsə də, istəməsə də, geçə-gündüz dövlətdən də, millətdən də daha çox, öz QOYUNLARINI düşünməyə məcbur və məhkumdu. Yəni onun üçün ilk növbədə QOYUNLAR var, sonra isə seçicilər, millət, xalq, dövlət, qloballaşan dünya və bu dünyanın fonunda Azərbaycanı gözləyən digər problemlər və sair gəlir…

Amma düşünməyin ki,Qənirə xanımın qeyri-siyasi fəaliyyəti «QOYUN» biznesi ilə və öz QOYUNLARININ halını düşünməklə məhdudlaşır. Xeyr, o artıq ikinci biznes sahəsinə də baş vurub. Bu sahə isə üzümçülük sahəsidi. Ancaq onun bu sahədəki ortağı sıradan üzümçü və ya keçmiş kolxozçu-filan da deyil, generaldı, general. «Hansı generalmı?» deyirsiniz, Azərbaycanda nə  çox general. Hətta Allahın metri işçiləri də bayram günlərində general mundirinə bənzər zərli poqonlarla bəzədilmiş paltarlar geyillər. 20 yanvar günü,  Tağı müəllimin özü də, metronun gül-çiçəklə bəzədilmiş və az qala bütün metropoliten işçilərinin «fəxri qaravula»a düzüldüyü «20 Yanvar»stansiyasında müsahibə vermək üçün “general” qiyafəsində peyda olmuşdu. Ancaq Qənirənin ortağı bir başqa generaldı, o, Azərbaycan Respublikasının Hərbi Komissarı general Əlağa Hüseynovdu.  Bu, deputat-general cütlüyü Salyan rayonu ərazisində 40 hektara yaxın üzüm sahəsi götürüblər və hazırda orada müasir standartlara uyğun şərab zavodu tikilir. Ayrıca, şərab zavodu ilə yanaşı, yenə də müasir standartlara cavab verən «Soyuducu» kompleksi də tikilməkdədi. General və deputat yaxın gələcəkdə Azərbaycan vətəndaşlarını qışın oğlan çağında

PREZİDENT İLHAM ƏLİYEV SALYANDA SOYUDUCU ANBAR KOMPLEKSİNDƏ …

«sveji» üzüm məhsulları ilə təmin edəcəklər. Təbii ki, ən gəlirli əmtəə predmetlərindən sayılan arağı, çaxırı, konyakı , şampanı və digər şərab növləri də öz yerində. Bax, buna deyərəm, əsl dövlət  qayğısı və millət, xalq sevgisi. Adamlar nəhayət ki, «öz musiqimiz, öz pomidorumuz» deyiminə «öz musiqimiz və öz üzümümüz» deyimini də əlavə etdilər. Buraya «öz QOYUNUMUZ, öz ətimiz, öz südümüz»ü də əlavə etsək, Qənirə xanımın xalq və millət sevgisi,  Əlağa müəllimlə müqayisədə ikiqat artıq olur. Nə deyirik ki, Allah bazar versin.

QANUNLAR İSƏ HEÇ VAXT AZƏRBAYCANDA ŞAH OLA BİLMƏDİ, ŞAH VƏ ŞAHA YAXIN OLANLAR QANUN OLDULAR!

———————————————————————————-

P.S.

Yeri gəlmişkən, son bir neçə ilin Qurban bayramı günlərində, birinci ledi, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Bədii Gimnastika Federasiyasının prezidenti (aman Allah, bu ölkədə nə qədər «staxanovçu» var? – S.Ə.) Mehriban xanım Əliyevanın adından ölkənin bütün çoğrafiyası boyu paylanan Qurban paylarının haradan və hansı vəsaitlər hesabına başa gəldiyini hey düşünsəm də, buna mərifətli bir cavab bula bilmirdim. Belə baxanda, adamın ilxıları, naxırları, sürüləri yoxdu ki, oradan müəyyən miqdarda ət istehsal edib Qurbanlıqda Allah rizası üçün camaata paylasın. Bu biri yandan da, bir günün içində bir belə əti alacaq xeyli pul-para lazımdı. Məncə, birinci ledi olsa belə, Mehriban xanımın əlində bu qədər nəğd pulun olması da mümkün deyil. Hələ mən Qurbanlıq payı üçün ödənilən pulların halallığını və ya haramlığını işin içinə qatmıram. Bəs onda, görəsən bir belə Qurban payı haradan təmin olunur? Düşünürəm ki, Qənirə Paşayeva barəsində bu gün sizə təqdim etdiyim faktlar bu məsələyə də qismən aydınlıq gətirir. Əks təqdirdə belə çıxır ki, sadəcə, Qurban payları müxtəlif məmurlara və ya iş adamlarına edilən telefon zənglərindən çıxır. Bu cür qurbanlıq isə Tanrı Dərgahında qəbul olunarmı, olunmazmı, bax, burasını Tanrının özü bilər, mənim isə deyəcəyim bircə söz var:  Allah qurbanlarınızı qəbul eləsin, Mehriban xanım!

«Nota» qəzeti No 03(017)

28-31 – yanvar 2009

——————————————————————————–

P.P.S. 

 NƏCİB ƏNƏNƏ BU GÜN DƏ DAVAM EDİR…

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti

Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı

ailələrə qurban payları çatdırılır. Ümumilikdə 70 minə yaxın ailənin bayramı

təbrik edilərək onlara Qurban bayramı münasibətilə qurban payları çatdırılacaq.

12.08.2019

 

 

 

 

 

 

 

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*