MƏN AZƏRBAYCAN VƏTƏNDAŞIYAM(MI) ???!!!

PAYLAŞIN

“Mən Sizdən sədəqə dilənmək fikrində deyiləm”

“Unutmayın ki, hər şey naziklikdən, insansa qalınlıqdan qırılır”

Rəhim Qazıyev
“Diqqətinizə ərz etməyə məcburam ki, mən də Azərbaycan vətəndaşıyam. Azərbaycanın qüvvədə olan konstitusiyasına və Sizin fonddaxili sərəncamınızla müəyyən edilmiş qaydaya əsasən məni qəbul etməyə borclusunuz. “


Keçmiş müdafiə naziri, Memarlıq və İnşaat Universitetinin keçmiş müəllimi, elmlər namizədi, dosent Rəhim Qazıyev 25 il iş stajına, 22 illik pedaqoji fəaliyyətinə, keçmiş müdafiə naziri və istiqlalçı deputat olmasına baxmayaraq 165 manat təqaüd verilməsinə etiraz əlaməti olaraq Dövlət Sosial Müdafiə Fondunun sədrinə  Açıq Məktub göndərib.  Məktubda deyilir: 

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri cənab Elman Mehdiyevə

 

                            AÇIQ MƏKTUB

 

Cənab Elman Mehdiyev!

Sədri olduğunuz Dövlət Sosial Müdafiə Fondunda sizə müraciət edən vətəndaşların qəbul edilib tərəfinizdən dinlənilməsi, problemlərin qanuni yolla həll edilməsi məqsədilə şəxsi qərarınızla fonddaxili vahid qayda yaratmısınız. Həmin qaydaya əsasən qəbulunuza gəlmək istəyən vətəndaş adınıza ərizə ilə müraciət etdiyi gündən bir ay müddətində tərəfinizdən qəbul edilib dinlənilməlidir. 

Yuxarıda qeyd etdiyim həmin qaydaya əsasən 13.01.2015-ci il tarixində adınıza ərizə yazıb fondun inzibati binasının birinci mərtəbəsində qoyulmuş şəffaf poçt qutusuna atdım. 19.01.2015-ci il tarixində fondun Eyvaz adlı əməkdaşı tərəfindən evimə telefon açıldı və həmin şəxs yaxın günlərdə sədrin məni qəbul edəcəyi barədə əlavə məlumat veriləcəyini bildirdi. Lakin müəyyən edilən müddətin keçməsinə baxmayaraq qəbulunuza dəvət edilmədim. Fikirləşdim ki, sədr də adamdı, yəqin çox vacib işləri olduğundan məni qəbul etməyə vaxtı, imkanı olmayıb. Ancaq əldə etdiyim dəqiq informasiyaya görə, Siz həmin müddət ərzində mənimlə eyni vaxtda müraciət edən digər şəxsləri qəbul etmisiniz. Mənə isə qəbul edilməməyimin səbəbi nə yazılı, nə də şifahi formada bildirilmədi.

Elman Mehdiyev
“Mən Sizdən ianə, nəzir, sədəqə dilənməyə gəlmək fikrində deyiləm. Sizdən qanuni haqqımı tələb etməyə gəlirdim və sona qədər də bu haqqımı tələb etməyə israrlıyam. “

 

Hörmətli sədr!

İkinci eyni məzmunlu ərizəni 13.02.2015-ci il tarixində yazıb həmin şəffaf poçt qutusuna atdım. İkinci ərizəni verdiyimdən də bir ay müddət keçməsinə baxmayaraq, yenə də Sizin qəbulunuza dəvət olunmadım. Bu dəfə də qəbul olunmamağımın səbəbi barədə məlumatlandırılmadım.

Hörmətli Elman müəllim!

Diqqətinizə ərz etməyə məcburam ki, mən də Azərbaycan vətəndaşıyam. Azərbaycanın qüvvədə olan konstitusiyasına və Sizin fonddaxili sərəncamınızla müəyyən edilmiş qaydaya əsasən məni qəbul etməyə borclusunuz. Bəli, mənə də, Sizə də və məmləkətin az-çox savadı olan bütün vətəndaşlarına da konstitusiyamızın hər addımda pozulması məlumdur. Bəs, nə əcəb həmin fondun sədri olaraq, cənabınız tərəfindən yazılıb təsdiq edilmiş qaydanı özünüz pozursunuz və vətəndaşın hüququna, şəxsiyyətinə nümayişkaranə şəkildə hörmətsizlik edirsiniz?

           1.   Cənab sədr, şəxsi imzanızla təsdiq etdiyiniz qaydanı pozmaqla məni yox,                                                            özünüzü təhqir etmiş  olursunuz.

         2.   Sədri olduğunuz qurum Dövlət Fondudur, şəxsi ofisiniz deyil.

         3.  Mən Sizdən ianə, nəzir, sədəqə dilənməyə gəlmək fikrində deyiləm. Sizdən qanuni haqqımı                           tələb  etməyə gəlirdim və sona qədər də bu haqqımı tələb etməyə israrlıyam. 

        4. Dövlət Fondunun sədri olaraq oturduğunuz kürsünün səlahiyyəti ilə məsuliyyətini lütfən                            qarışdırmayın.

Cənab Elman Mehdiyev!

Mən Sizi, ərizəçinin kimliyindən asılı olmayaraq, onun probleminin həllində qüvvədə olan mövcud qanun-qaydalara hörmətlə yanaşmağı unutmamağa çağırıram.

Cənab sədr!

Unutmayın ki, hər şey naziklikdən, insansa qalınlıqdan qırılır. El arasında bunun kimi dəyərli “Atalar sözü” çoxdur. İstərdim ki, bir məmur, dövlət adamı olaraq gündəlik işinizdə o müdrik kəlamları rəhbər tutasınız. Ümid edirəm ki, Dövlət Müdafiə Fondunun sədri olaraq mənim üçüncü müraciətimə biganə qalmayacaqsınız, eyni zamanda özünüzə hörmət əlaməti olaraq məni qəbul edib dinləyəcəksiniz.”

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*