“MƏN BU MƏMURCIĞAZLARI TANIMIRAM, PREZİDENTİN ÖZÜ ÇIXSIN DESİN Kİ …”

PAYLAŞIN

Sərdar ƏlibəyliTəxminən bir ay bundan əvvəl dostlardan biri telefonda bildirdi ki, Əjdər Tağızadə sənin telefonunu istəyir, – “Ver”- dedim. Açığı, Əjdər Tağızadəni, qiyabən də olsa, xeyli müddətdi tanıyırdım. Əsasən də DAK-la bağlı fəaliyyətlərindən xəbərdar idim və çox vədə də onu Sabir Rüstəmxanlının yanında görmüşdüm. Bir sözlə, onunla heç vaxt şəxsi tanışlığımız və bir dəfə də olsun üzbəüz söhbətimiz olmamışdı. DAK-ın İstanbulda keçirilən son qurultayından sonra, Əjdər bəylə Sabir Rüstəmxanlı arasında yaşanan gərginlikdən də xəbərim var idi deyə, onun görüşmək istəyinin bu səbəbə bağlı olduğunu düşünmüşdüm. Bu arada bir neçə dəfə telefon danışığımız oldu və nəhayət Əjdər bəylə görüşdük. Fürsət düşmüşkən, onunla həm çağdaş Azərbaycanın problemlərindən, həm də Azərbaycanın Güney dərdlərindən bəhs edən müsahibə də aldım. Söhbətimizin hansı məcrada və nələrin ətrafında getdiyini indi sizə təqdim etdiyim müsahibədən oxuyub biləcəksiniz.  Yəni, anlayacağınız, bu dəfəki müsahibim, artıq illərdi ki, Avropa Birliyi vətəndaşı  statusu daşıyan, hazırda Bakıda məskunlaşmış güneyli soydaşımız Əjdər Tağızadədir.

                                                                      Sərdar ƏLİBƏYLİ


əjdər tağızadə“MƏN BİLMƏK İSTƏYİRƏM Kİ, BURA GERÇƏKDƏN AZƏRBAYCANDI, YA YOX?”!

“BÖYÜK OLAN ARAZIN OTAYINDAKI AZƏRBAYCANDI”

“NAZİM İBRAHİMOVLA GÖRÜŞÜRƏM, HƏMİŞƏ DƏ GÖRÜŞMÜŞƏM”

Əjdər TAĞIZADƏ: “AZƏRBAYCANIN DİASPORA KOMİTƏSİ XARİCDƏ DƏ DAXİLDƏ DƏ DİASPORA İLƏ BAĞLI BİR ÇOX DƏRNƏKLƏRİ MALİYYƏLƏŞDİRİR”

“BU CÜR DAVAM EDƏCƏKSƏ, İRAN ADLANAN YERDƏ İNQİLABIN YENİDƏN BAŞ VERMƏSİ QAÇILMAZDI”


III hissə

 –  Bəs məhkəmənin axırı nə oldu?

əjdər tağızadə-1İlham Əliyev

–  Məhkəmənin axırı olmadı, nə oldusa dayandırdılar. Mənim ondan xəbərim yoxdu. Məhkəmənin necə olmağından asılı olmayaraq, onda da demişdim, indi də deyirəm, mən bu məmurcığazları tanımıram, Azərbaycanın prezidenti çıxsın desin ki, sən bu ölkədən çıx get. Mən də bilim ki, bu məsələ nəyə görə və niyə baş verir.

 –  O niyə?

–  Çünki burda protokola kimin qol atdığı bəllidi. Təbii ki, o imzanı İlham Əliyev atıb. O da çıxıb desin ki, qardaş, sən daha burda qala bilməzsən. Amma mənim də soruşmaq haqqım var ki, bəyəm biz terroristik, bəyəm mən terrorla məşğulam? Mənim fikrim, özəlliklə son 27 ildə, Azərbaycanın milli məsələsini gündəmə gətirməkdi. Hər zaman da demişik ki, biz milli demokratlarıq və mücadiləmizi də demokratik yollarla yürüdürük. Əsas fikrimiz Azərbaycanın güneyinə o fikri aşılamaq, dünyanın diqqətini o fikrə yönəltməkdir. Yoxsa, bizim nə terrorla işimiz var, nə də dəfələrlə dediyim kimi, dağa çıxası da deyilik. Vaxtilə sol hərəkatında olanda partizanlıq da eləmişəm, dağlara da çıxdığım, zirzəmilərdə gizləndiyim, zindanlarda da yatdığım olub. Amma Azərbaycanın güneyindəki hərəkat millətin çoxluğunun istəyinə əsasən, milli demokratik bir hərəkatdı. Bəs sizcə Tehran rejimi niyə belə hay-küy salıb? Əgər bu gün Azərbaycanın quzeyində yaradılmış cumhuriyyətdə belə, güneylilərin insan haqları danışılmırsa, baxmayaraq ki, Azərbaycanın azı üç prezidenti bəyan eləyibsə ki, bura hər bir azərbaycanlının vətənidi, onda mən bilmək istəyirəm ki, bura gerçəkdən Azərbaycandı ya yox? Əgər Azərbaycandısa, böyük Azərbaycanın bir parçasıdırsa, o zaman böyük olan Arazın o tayındakı Azərbaycandı.

–  Əjdər bəy, mətbuata açıqlamanızda söylədiyiniz bir məsələni soruşmaq istəyirəm. Deyirsiniz ki, mən Nazim İbrahimova zəng vurdum, DAK-ın qurultayına 20 min bir, 17 min də bir pul göndərdi.

nazim ibrahimov

“Nazim İbrahimov DAK nümayəndə heyətini qəbul etmişdir

Görüşdə Nazim İbrahimov Dünya Azərbaycanlılarının III Qurultayı və qurultaydan sonrakı dövrdə Azərbaycan diasporunun fəaliyyəti barədə məlumat verərək, DAK-ın diaspor təşkilatları arasında xüsusi yeri olduğunu söyləmiş və rəhbərlik etdiyi komitəylə konqres arasında əməkdaşlığın möhkəmləndirilməsi zərurətindən danışmışdır.”

–  Nazim İbrahimovla mən görüşürəm, həmişə də görüşmüşəm, bəli, o pulları da Nazim müəllim göndərib.

–  Daha sonra deyirsiniz ki, bir dəfə də zəng vuranda deyib ki, 17 mindən artıq göndərə bilmərəm. Və bunu ona Heydər Əliyev tapşırmışdı.

–  Əlbəttə, amma Heydər Əliyev yox, İlham Əliyev tapşırmışdı. Təbii ki, prezidentlə məsləhətləşmədən o bu addımı ata bilməz.

–  Yəqin fərqindəsiniz ki, məsələnin bu cür səsləndirilməsi Azərbaycanın dövlət səviyyəsində İranın daxili işlərinə qarışması anlamına gəlir və belə şeylərdən bu qədər açıq şəkildə mətbuata danışmaqda məqsədiniz nədir?

–  Bu nə İranın, nə də hər hansı digər ölkənin istər daxili, istərsə də xarici işinə qarışmaq anlamına gəlməz. Hər halda, mən belə düşünürəm və xahiş eləyirəm bu məsələyə çox ciddi yanaşaq. Baxın, keçən həftə Tehran rejiminin ideoloji babası olan Xamneyi çıxdı və açıq şəkildə dedi ki, biz millət yox, ümmətik, yəni Livanda, Suriyada, Liviyada, İndoneziyada, Malaziyada və digər ölkələrdə olan hər bir müsəlman bizim qardaşımızdı. Başqa sözlə, biz ümmətik söyləminin anlamı budur. Amma burada ortaya ayrı söhbət çıxır. Bunlar ümmət deyərək, Həmasa, İraqdakı çeşidli qruplara, digər ölkələrdəki, dünyanın terrorçu kimi tanıdığı təşkilatlara maliyyə yardımı eləyir, İran adlanan yerdən Həmasa milyonlarla, Bəşər Əsədə milyardlarla pul verirlər. Amma bizim dövlətimiz, əgər çıxıb bir cəmiyyətə, bir dərnəyə, bir sivil toplum qurluşuna, harda ki, əsasən Azərbaycanın güney-quzey məsələsi qoyulur və o taylı-bu taylı azərbaycanlıların insan haqları demokratik şəkildə gündəmə gətirilir, maliyyə dəstəyi verirsə, burda pis nə var ki?

–  Mən bunun pisliyini, ya da yaxşılığını soruşmuram.

–  Yox, yox indi çox adam deyir ki, burda durub İranı dağıtmaq istəyirlər və s. Xeyr, elə bir şey yoxdur. Mən sizə deyirəm ki, bu gün vətəndaşı olduğum İsveç dövləti dərnəklər, cəmiyyətlər ölkəsidi və onların hamısını da dövlət maliyyələşdirir. Indi gərəkdi ki, Azərbaycan dövləti Avropadan təkcə “Yevrovizion”u götürə? Yəni müxtəlif dərnəkləri, cəmiyyətləri, mətbuatı, siyasi partiyaları maliyyələşdirməkdə qəbahət nə var ki? Niyə Tehran rejimi fikirləşməlidi ki, Azərbaycan dövləti bu yolla ya İranın daxili işlərinə qarışmaq, ya da hansısa dövləti dağıtmaq istəyir. Mən isə deyirəm ki, bu yaxşı işdi, hətta dövlət bu yöndə fəaliyyətlərini dərinləşdirməlidi. Bu gün mən də bunu bilirəm, deyirəm və gizli bir şey deyil ki, Azərbaycan cumhuriyyətinin diaspora komitəsi, güneyli-qüzeyli olmağından asılı olmayaraq, xaricdə də, daxildə də diaspora ilə bağlı bir çox dərnəkləri maliyyələşdirir və hesab edirəm ki, burda pis heç nə yoxdu. Axı onlar həmin pulu alıb fəaliyyət göstərdikləri məkanda terrorla məşğul olmurlar, narkotika satmırlar. Bu cür dərnəklərin fəaliyyət göstərdiyi dövlətlərin özlərinin qanunları var və hər kəs də işlərini o qanunlar əsasında qurub fəaliyyət göstərir. Yəni, ümumiyyətlə bu pis iş deyil və heç vaxt da İranın daxili işlərinə qarışmaq anlamına gəlməz. Əgər o pulun hesabına fəaliyyət göstərən dərnəklər hardasa öz qurultayını keçirir, hansısa səfərlər təşkil olunur, diplomatik korpusla görüş keçirilir, orda Qarabağ məsələsi, güneydəki insan haqları məsələsi, zindanlarda, həbsxanalarda olan məhbusların vəziyyəti müzakirə olunursa, burda pis nə var və bunun harası Azərbaycan dövlətinin Tehran rejiminin daxili işlərinə qarışması anlamına gəlir? Məgər burdan pul verirlər ki, gedib orda Tehran rejimini dağıdın? Bu heç lazım da deyil.

–  Bundan sonrakı fikriniz və yolunuz nədir?

Rza şah PəhləviRza şah Pəhləvi-1–  Məsələ odu ki, mən bu yolu bir qərinədən çoxdu ki, gedirəm və bu yol heç vaxt dayanmayacaq, bitməyəcək. Baxın, hələ 18 yaşım bitər-bitməz, mən artıq zindandaydım, İran adlanan yerdəki rejimə qarşı çıxdığıma görə. Onda nə Marksizmi, nə də Leninizmi oxumuşdum. Bu, bizim evdən, ailədən, camaatdan, şəhər əhlindən gələn bir fikir idi və biz Pəhləvi sülaləsinin şahlıq üsul-idarəsinə qarşı idik. Mən də ilk mübarizəmi şaha qarşı başlamışdım. Hamılıqla, bütün millətlərin və xalqların iştirakı ilə şaha qarşı geniş bir mübarizə getdi. Bu gün bir çoxları, hətta quzey Azərbaycandan olanlar da, iddia edirlər ki, şah dönəmi daha yaxşı, daha məqbul idi. Amma bunu hamının bilməsi lazımdı ki, Pəhləvi sülaləsi, özəlliklə azəri türklərinə qarşı çox qəddar idi. Niyə bilirsinizmi? Çünki sənin dilini kəsən o dədə-bala – Pza xanla oğlu Məhəmməd Rza olub. Sənin kitablarını yandıran, türklüyünü əlindən alıb, sənin millətinin varlığına qələm çalan adamlardı onlar. İnqilabdan sonra, baxmayaraq ki, şah rejiminin yerinə elə onun kimi diktatorial, despotik bir rejim gəldi, amma millətlər gözlərini açıb gördülər ki, səni dünənə kimi başının üstündə yumruq tutmaqla əzən bir sülalə, necə rəzil ola bilərmiş. Indiki rejim bunu tam bacara bilmir. İran inqilabının ardınca sovet rejiminin dağılması da, bir daha göstərdi ki, bunlar heç vaxt xalqları əsarətdə saxlaya bilməyəcəklər. Indiki rejim də İran adlanan yerdəki millətlərin və xalqların dinini, məzhəbini istismar edir və bu yolla da insanları aldadır. Bu da şah üsul-idarəsinin zülmündən qalan miraslarından biridir. Çünki şahlıq rejiminin dövründə də demokratiya, azadlıq, millətlərin xalqların mətbuatı, siyasi partiyaları yox idi, siyasi düşüncə aşağı idi deyə, təşkilatlana bilmirdilər. O da  qanlı inqilaba gətirib çıxardı. Mən sizə deyirəm ki, əgər bu cür davam edəcəksə, İran adlanan yerdə inqilabın yenidən baş verməsi labüddü, qaçılmazdı. Əgər sən insanların demokratiya, azadlıq və siyasi təşkilatlanma istəklərinə edamla, zindanla, ən aşağılıq formada işgəncələrlə  cavab verirsənsə, bu bir zaman partlayacaq. Onu da hər kəs bilməlidi ki, bu kimi məsələlər nə Amerikanın, nə ingilisin, nə də bir başqasının istəyindən asılı deyil. Dediyim kimi, mən bu yolu lap uşaqlıq dönəmlərimdən başlamışam. Keçmiş rejimə qarşı idik və onu aşırmağa nail olduq və mən bununla qürur duyuram ki, bütün ömrümü millətimin, xalqımın uğruna onun azadlığı yolunda diktaturaya və despotizmə qarşı mücadilə aparmışam. Indi də elə həmin yoldayam. Ancaq idi mən bütün bu mücadiləyə siniflərin mübarizəsi kimi yox, milli mücadilə kimi baxıram. Mənim bu mücadiləmin son hədəfi də güneydəki soydaşlarımızın fars şovinizmindən və İran diktaturasından qurtularaq, üzlərini quzeyə və batıya çevirmələrinə nail olmaqdı. Əslində Azərbaycanın quzeyi və quzeydəki Azərbaycan cumhuriyyəti, böyük Azərbaycanın kiçik bir parçasıdı.

əjdər tağızadə-23Buranı zamanında Türk-Qacar dövlətindən ruslar qapıb götürmüşdülər, indi isə rus gedib, bəs bura kimindi? Bura Azərbaycandı və bu dövlət də bizimdi. Amma Azərbaycanın böyük hissəsi o taydadı və ora da azad olmayınca, sən hər daim çətinlikdə qalacaqsan. Əgər Azərbaycanın quzeyində bir cumhuriyyət yaranıbsa, həmin cumhuriyyət güneyində də yaranmalıdı. Qüzeydə yaranmış cumhuriyyətin ayaqda qalması, yaşaması, hər nə qədər çətin də olsa, vacibdi. Cumhuriyyətin hər zaman ayaqda olması milli iradəni diri saxlamaq üçün lazımdı. Bunun da kimsəyə qorxusu-filanı yoxdur.

 

SON

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*