MƏNİ QAZAMATA APARAN BU YAZILARDI !!! – II yazı

PAYLAŞIN

SİFARİŞÇİNİN KİMLİYİ ZATƏN BƏLLİDİ …

… İCRAÇI, İDDİAÇI VƏ  İTTİHAMÇILAR KARVANININ BAŞINDA İSƏ ŞƏXSƏN GENERAL ZAKİR HƏSƏNOVUN ÖZÜ  DAYANIRDI !!! 

——————————————————————————-

————————

Sərdar ƏLİBƏYLİ

“Reket” redaktor

————————

GENERALLARIN «YAPRAQ DÖKÜMÜ»

Bu bahar DQ- yə xəzan yelləri ilə gəldi

Az qala səkkiz ilə yaxındı ki, Azərbaycan respublikası DİN Daxili Qoşunları barəsində onlarla, bəlkə də yüzlərlə yazılara müəlliflik etsəm də, üst-üstə son nömrədəki son yazıya gələn qədər reksiya görmədim. Ya bunların əsəbləri zəifləyib, korşalıb, ya da yerləri narahatdı. Amma hər nədirsə, özləri bilər, bütün hallrada, mənim özüm üçün çox maraqlıdı ki, bunlara nə oldu birdən-birə? İllərlə partizan kimi susan generalların, ən ağır ittihamları və ən kəskin suçlamaları peysərə verən polkovniklərin, ən amansız tənqidlərə qarşı təmkin və səbr nümayiş etdirən zabitlərin bu qədər əndişəyə qarılmaları nə ilə bağlı ola bilər? Bakıda məni tanıyan, mənə salam verən o adam qalmadı ki, zəng vurub yazı ilə bağlı müəyyən xahişlər etməsin.

Ancaq məsələ burasındadı ki, mən salam verdiyim, dost olduğum hər kəsin xahişlərinə hörmətlə yanaşmağı, həmçinin də harada olmasından, hansı vəzifəni tutmasından, siyasi baxışlarına görə hansı cinahda yer almasından asılı olmayaraq, bütün dostlarımı, təbii ki, haqlı olduqları müddətcə, qorumağa özümü mükəlləf sayan insanlardanam və bunu özümün insanlıq borcu sayıram. Lakin maraqlı burasıdı ki, çiyinlərində general poqonları gəzdirən, layiq olub-olmamalından asılı olmayaraq DİN–in Daxili Qoşunlar sistemində kifayət qədər yüksək vəzifələr tutan bu kişilər nədən ortaya çıxıb barələrində yazılanları cavablandırmağa özlərində cəsarət tapa bilmirlər? Demək, ya yazılanlar tam həqiqətdi, ya da bunlara danışmaq yasaq olunub. Amma general poqonları ilə yeri gəldi-gəlmədi, ədəbazlıq edən kişilər, gərəkdi ki, özlərini də general kimi aparmağı bacarsınlar. Belə, sıradan bir qəzet yazısına görə özlərini itirən generallar, çətin ki, sabah, o biri gün reallaşa biləcək qaynar müharibə meydanlarında tutduqları vəzifələrə layiq hərəkətlər edə bilsinlər. Təsəvvür edin ki, ikisi genaral olmaqla dörd yüksək çinli zabitin arasında, yazıdan sonra keçirilən məxfi müşavirənin bütün təfərrüatları cəmi bir saatdan sonra, az qala, stenaqram halında Sərdar Əlibəylinin stolunun üstündə olur. Bu zaman ortaya çox maraqlı suallar çıxır. Məsələn, istər-istəməz düşünməli olursan ki, belə generallarla böyük savaşları qazanacaq əməliyyat müşavirələri keçirilə, bunlara dövlət sirlərini qorumaq həvalə oluna bilərmi? Yox təbii ki. Bunlar ancaq özündən aşağı vəzifələrdə olan və özlərindən də müti duruma salınmış zabit-gizirlərlə, yaxud da əsgərlərlə «bacarmaqda» mahirdirlər, bir də ordunun büdcəsini talamaqla, rüşvət alıb-verməkdə. Arada bir də, poqonlarına güvənib sadə vətəndaşların halal-hümbət evlərinə, torpaqlarına və ya obyektlərinə sahiblənməkdə çox ustadılar bu generallar. Əsgər valideynlərinin hesabına və ordunun büdcəsini müəyyən fırıldaqlarla talamaq bahasına villalar tikdirmək, bahalı maşınlarda gəzməkdi, bu generalların şakəri…

Əgər DQ-nin komandanı olan general əlində heç bir əsası və ya qanuni sənədi olmadan, sanki Qarabağın işğalda olan hansısa yaşayış məntəqəsini düşməndən azad edirmiş kimi, respublikamızın şimal bölgəsində qanuni obyekt sahibi olan Eldar Əliyev adlı vətəndaşın mülkünə hücum çəkib, oranı yağmalamağa qalxırsa, o zaman tutaq ki, general Fəxrəddin Səmədovun törətdiyi əməllər məsum uşaqların şıltaqlığı kimi də görsənə bilər…

Və yaxud da illərlə DQ-də tərbiyə işləri üzrə baş tərbiyəçi vəzifəsini tutan polkovnik, tərbiyəsizliyin, əxlaqsızlığın ən yüksək səviyyəsi sayılan əməllər törədə bilirsə, vəziyyətin nə yerdə olduğunu anlamaq o qədər də çətin olmamalıdı…

Öz sabiq komandanlarını satmaqla, yeni komandanların yanında daha yüksək məqama sahiblənən bir polkovnik, həftə səkkiz, mən doqquz prezident səviyyəsində təltifatlarla mükafatlandırılırsa, demək, DQ barəsində efirlərdən yağdırılan təriflərin heç bir əsli və astarı yoxdu…

Dövlətin və ordunun külli msiqdarda əmlakının taladığına və irimiqyaslı yeyintilərə yol verdiyinə görə məhkəmədə azadlıqdan məhrum etmə cəzası almasına baxmayaraq, müttəhim kürsüsündən birbaş DQ-nin bel sütunu sayılan hərbi həssəyə komandir, oradan isə, növbəti cinayət xarakterli əməllərdən sonra, qoşunların qərərgah rəisi qoltuğuna oturdulan digər generaldan isə heç danışmağa dəyməz…

Uzun illər DQ-nin kadrlar şöbəsinə rəhbərlik etmiş başqa bir polkovnik isə, yaranmış qeyri-sağlam mühitdən və cəzasızlıq şəraitindən başını o qədər itirir ki, barbaşa daxili işlər nazirinin əvəzindən mühüm sənədləri imzalamağa belə özündə cəsarət tapır. Ardınca isə onu cəzalandırmaq əvəzinə «dəlilik kağızı» ilə pensiyaya göndərirlər…

İndi mən durub desəm ki, atəş məşqləri zamanı bir bölük əsgərini və on nəfərə yaxın zabitini, silahlanaraq ətrafına ölüm saçan əsgərin girovluğunda qoyub qaçan hərbi hissə komandirini, bu «şücaətinə» görə daha böyük və daha önəmli hərbi hissəyə komandir vəzifəsinə təyin ediblər, heç kim buna inanmaq istəməyəcək…

Hələ orasını demirəm ki, həmin bu olayın gedişində komandirdən də qabaq qaçmış komandir müavinini «əməliyyat keçirib silahlı əsgəri tərkisilah etdiyinə görə» mükafatlandırıb, özünü açıq ölümün üstünə ataraq, əsgərin tərkisilah edilməsinə şərait yaradan zabiti isə cəzalandırıblar…

Azərbaycan əsgərini əmrlə seksual münasibətlərə təhrik edən, daha doğrusu, seksual təcavüzə məruz qoyan zabit isə hələ də DQ-də «şərəfli» xidmətini davam etdirməkdədir.

1994-cü ildən üzü bəri yüzlərlə hərbi qulluqçunun DQ-dən müxtəlif xəstəliklər adı altında təqaüdə göndərilməsinin arxasında dayanan müəmmalardan danışanda isə, çoxlarının gülməyi tutur. Lakin bu bir həqiqətdi və belə təqaüdçülərin tam əksəriyyətinə isə rəsmi qaydada «dəlilik statusu» verilib. Heç kim də soruşmur ki, balam, bir neçə etaplı hərbi həkim komissiyalarından «sağlamdır, xidmətə yararlıdır» diaqnozu ilə hərbi xidmətə çağırılan bu insanlar niyə bir müddətdən sonra DQ-də «dəli» olurlar? Demək, belə çıxır ki, ya DQ adlı qurum doğrudan da «dəlixanadı», ya da, yenə də işin arxasında ayrı məqamlar var. Heç şübhəsiz ki, bu «ayrı məqamların» da adı rüşvət və korrupsiyadı…

Bütün bu sadaladıqlarım gördüklərimin, bildiklərimin, şəxsən şahidi olduqlarımın və həqiqətdə baş verənlərin heç yüzdə biri də deyil. Ancaq mən bu hallardan nə qədər yazdımsa, barəsində yazdığım şəxslər rütbələrdə və vəzifələrdə o qədər qabağa getdilər. Barəsində yazdıqlarımın bir çoxları isə davamlı olaraq prezident fərmanlarının daimi personajlarına çevrildi. Kim bilir, bəlkə də yenidən məni DQ-dən yazmağa bu cür təhrik etmələrin arxasında da kimlərinsə vəzifə və rütbə qazanmaq iştahası dayanır.

Ancaq indi vəziyyət keyfiyyətcə fərqlidi və üstəlik də Daxili İşlər naziri cənab Ramil Usubovla bir müddət öncə baş tutan görüşümüzdə konkret DQ ilə bağlı söhbətimiz olub və düşünürəm ki, bu söhbət də nəticəsiz qalmayacaq. Hər halda mən gözləyirəm. Gözləyirəm ki, cənab nazir nəhayət ki, DQ-ni açıq və ya bağlı cinayətlər yuvasına çevrilməkdən və «dəlixana» olmaqdan qurtara bilmək üçün əməli addımlar atacaq.

O ki qaldı ötən sayımızdakı yazıda bəhs etdiyimiz faktlara və üstümüzə «dəli Kür» kimi axan məlumat və informasiyalara, heç kim tələsməsin. Artıq DQ-də aparılan «tender əməliyyatları» və bir sıra digər maraqlı məlumatlarala bağlı müvafiq qurumlara araşdırmalar aparılmasının zəruriliyi barəsində qəzetin adından müraciətlərimiz gedib. Ayrıca, Daxili İşlər Nazirliyinə tenderlə bağlı sənədlərin hərbi və dövlət sirri xarakteri daşımayan hissələrini redaksiyaya təqdim etmək barəsində müraciət də göndərmişəm. DQ komandanlığına isə hər hansı şəkildə müraciət etmək fikrindən vaz keçdim. Çünki «xain xoflu olar», yaxud «oğru qorxaq olar» misalı, DQ rəhbərliyində ən xoş məramlı müraciətləri belə, şantaj kimi dəyərləndirirlər…

Yeri gəlmişkən, yuxarıda barəsində danışdığım generallaranı məxfi müşavirəsində də söhbət bu ətrafda aparılıb və komandan Zakir Həsənov öz generallarına şikayətlənib ki, «Sərdar Əlibəyli məni şantaj edir». Axı, ay Zakir müəllim, siz sıradan bir şəxs, sıradan bir hərbiçi deyilsiniz? Bu dövlət sizə DQ boyda bir qurumun rəhbərliyini, həmçinin də minlərlə insanın taleyini tapşırıb. Üstəlik də çiyninizdə general poqonları gəzdirirsiniz. Ayıb deyilmi, mənimi sizə demişdim ki, öz sürücünüzü hərbi hissə komandirinin yanına göndərib, köhnə manat hesabı ilə, 10 milyon pul istəyin, iki gün sonra isə həmin hərbi hissəyə xüsusi məqsədli komissiya göndərib «mənə hərbi hissə komandirinin qanlı köynəyini gətirin» deyin?! Belə ciddi bir informasiyanın və bunu təsdiq edən sənədlərin əlinə yetdiyi ən fağır baş redaktor belə, heç kimə heç nə demədən, səni manşetdən cəmiyyətə «xortdan» cildində təqdim edərdi. Ancaq, bir daha özüm üçün əmin oldum ki, Muro «lənət olsun mənim içimdəki insan sevgisinə» deyəndə haqlıymış. Yəni mən öz yanımdan belə düşündüm ki, bəlkə bütün bu məsələlərin hansısa bəlli olmayan yönləri və hansısa izahı var. Lakin sən bu xoşməramı şantaj kimi qəbul etdinsə, et, mən də sənə və sənin «geydirmə» generallarına «şantaj»ın nə olduğunu və həqiqətdə kimlər tərəfindən necə həyata keçirildiyini sübut edib göstərməsəm, mən olmaram. Nə olar ki, sən komandan, mən isə fağır bir qəzetin fağır bir baş redaktoru olanda. Amma rəhmətlik kişilər nahaq yerə deməyiblər ki, «cücəni payızda sayarlar». Dəqiq əmin ol ki, bu payıza sənin generallarını saymağı özümə boyun borcu bildim. Mənim də malım, mülküm, turizm və kurort zonalarında yaxşı gəlir gətirəcək obyektlərim yoxdu ki, əsgərlərinlə basıb yağmalaya, sonra da suyu süzülə-süzülə «xoruzu qoltuğunda» dördqat əyilib üzr istəyəndən sonra çəkilib öz yerində oturasan. Amma bir şeyi də unutma ki, itirəcəklərin indiyə qədər qazandıqlarından və bundan sonra qazanmaq istədiklərindən çoxdu. Həyatın elə anları gəlir və zaman elə hökmlər çıxarır ki, səni və sənin kimlərini nə general mundiri, nə də komandan vəzifəsi xilas edə bilir. İçində yer aldığın sistem isə bolşeviksayağı öz əqidə qardaşlarını çox asanlıqla qurban verməyə amadədi. Nə yaxşı ki, bu sistemin nə mənə, nə də mnim kimlərinə dəxli yoxdu. Bizlər öz VƏTƏNİMİZƏ, MİLLƏTİMİZƏ, DÖVLƏTİMİZƏ və bu VƏTƏNİN, ətənin, bu MİLLƏTİN, bu DÖVLƏTİN ƏSGƏRLƏRİNƏ təmənnasız xidməti seçdik, ən böyük günahımız və bu sistemin bizi həzm edə bilməməsi də bu səbəbdən qaynaqlanır.

Bir Allah şahiddi ki, mən bu döyüşü istəmirdim. Bunu siz belə istədiniz. Təbii ki, mən də sizin isəyiniz üzərinə döyüşü qəbul etmiş sayılıram.

Qəzamız mübarək, Tanrı yardımçımız olsun!

«Nota» qəzeti, № 12(026)
12-18 aprel 2009-cu il

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*