MİLLİ TEATRIMIZI KİMLƏR BATAQLIĞA SÜRÜKLƏYİR?!! 

Bu suala 15 ildir Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov cavab verə bilmir

“Eynəkli bir kişi idi. Dizi üstə əyləşdirib başını kötüyün üstünə qoymuşdular. Boynu düz kötüyün ortasına düşmüşdü. Adamın həvəsi gəlirdi: az qalırdı baltanı götürüb eynəkli kişinin boynunu vurasan. Amma bizim yerlərdə sənətkarın instrumentinə əl vurmaq “zapodlo” sayılır. Bu işi yalnız ustad özü görməliydi. O isə gəlib çıxmırdı. Arxasınca adam göndərdilər. Cəllad bütün dünyadan küsüb bikef oturmuşdu. Gələnlər vəziyyəti danışdılar. Söylədilər ki, baş kötüyün üstündə hazır vəziyyətdə dayanıb sizin ifanızı gözləyir. Cəllad açıldı, nə açıldı: “Əşi, mən də bir nəfərəm də, çatdıra bilmirəm axı. Məni də adam əkib, adam doğub da. Qaya yarığından-zaddan çıxmamışam ki?”

Amma bütün sənətkarlar kimi cəllad da gələnlərə “gedin, özünüz baltalayın” ifadəsini işlətmədi. Gələnlərdən biri cəllada dedi: “Vallah, siz gəlməsəniz, onu asacaqlar. Yazıqdı axı…” Cəllad yumşaldı. “İnsanları dar ağacından asmaq insafsızlıqdır”, – dedi. O, özünün insanlar üçün nə qədər gərəkli olduğunu bir daha anladı. Lakin yanındakılara büruzə vermədi. Bütün “dahilər” kimi… “

Bu sətirlərin müəllifi mərhum dostumuz və sirdaşımız

Məmməd Nazimoğludur.

“Çayçı Məmməd” imzası ilə çağımızın Mirzə Cəlili.

————————————————————————————–

Teatrın inkişafı haqqında qanunlar və sərəncamlar necə dəfn olunur?

29 dekabr 2006-cı ildə prezident İlham Əliyev 222-IIIQ saylı “Teatr və teatr haqqında Azərbaycan Respublikası Qanunu”nu imzalayıb. 98 maddəlik qanunda faktiki olaraq, milli teatrımızın inkişafı adına hər şey demokratik biçimdə öz yerindədir. Prezident İlham Əliyev 18 may 2009-cu il tarixdə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 277 saylı sərəncamı ilə mədəniyyətə və teatra verdiyi dəyəri daha da gücləndirib. Ötən müddətdə mədəniyyət nazirliyi bəzi teatrların binalarını təmir edib. Teatr sənətinin inkişafı baxımından ciddi addımlar isə atılmayıb. Dəfələrlə qeyd etdiyimiz kimi “direktor teatrı” əndrabadi düzənlə siyasəti yürüdülüb. Harada istedadsız aktyorlar varsa, onları teatrlara direktor təyin etmək siyasəti aparılıb. Ona görə də, istedadlı rejissorlar, dramaturqlar və aktyorlar peşəkar teatr sənətindən perik düşüblər. Milli Teatrımızın gəncləşdirilməsi məsələsi isə tamamilə unutdurulub. Araşdırmalarımızda dəfələrlə bildirmişik ki, Azərbaycan Teatrı inkişafına görə hətta uzaq Uqandadan da geri qalır. Bunun səbəblərini də açıb göstərmişik.

1. Mədəniyyət nazirliyi, Teatr Xadimləri İttifaqı, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Mədəniyyət və İncəsənət Universiteti bir araya gələrək xüsusi komissiya yaratmalı,
2. Mədəniyyət nazirliyində teatrla bağlı “İnformasiya Bankı” olmalı,
3. Mədəniyyət nazirliyinin nəzdində “Dramaturgiya”, “Teatr tənqidi”, “Rejissor”, “Aktyor”, “Teatr Studiyaları” komissiyaları yaradılmalı,
4. Milli Teatrımızın inkişaf perspektivləri ilə bağlı ildə azından iki dəfə konfranslar keçirilməli,
5. Teatr haqqında dövlət qanunlarının və sərəncamların təkmilləşdirilməsi yönündə təşəbbüs mərkəzi fəaliyyət göstərməlidir.

Min dəfələrlə təəssüflər olsun ki, mədəniyyət nazirliyində peşəkar teatr siyasətini bilən bir nəfər də olsun mütəxəssis yoxdur. Ona görə də Teatr Xadimləri İttifaqı və teatrların direktorları mövcud qanunlara və sərəncama qarşı çıxırlar. Bürokratcasına, acımasız şəkildə “millət”, “dövlət” adına boşboğazlıq at oynadır. 2019-cu ildə prezident İlham Əliyevin “On İllik İnkişaf Proqramı”nın müddəti bitir. Ötən 9 il ərzində bu proqrama nə mədəniyyət nazirliyi, nə teatrlar, nə də Teatr Xadimləri İttifaqı əməl etməyiblər. Cənablar sizlərə verilən zaman müddəti bitmək üzrədir. Qəflətdən nə zaman oyanacaqsınız?

Ölkənin “Ana Teatrı”nı kim bərbad hala salıb?

Azərbaycan Milli Teatrının siması Akademik Dövlət Dram Teatrı hesab olunur. Ancaq, son üç ildə bu “Ana Teatr” uşaq baxçasına çevrilibdir. Üç ildir 145 yaşı olan bu qocaman teatrın direktoru, bədii rəhbəri və baş rejissoru statusunu Azərpaşa Nemətov adlı birisi daşıyır. Mədəniyyət nazirliyinin ən böyük suçu bu ortabab rejissoru Akademik Teatrda belə bir yüksək görəvə gətirməsidir. Azərpaşa Nemətovun kəraməti sayəsində 145 illik böyük ənənələri olan Akademik Teatr “Kukla Teatrı”na çevrilibdir. Elə bunu teatrın son repetuarına nəzər saldıqda da görmək olar. Canni Rodarinin “Çippolino” (nağıl tamaşa), Anar Sadıqovun “Buzlar ölkəsi” (nağıl tamaşa), “Aldanmış ulduzlar” (M. F. Axunzadənin “Aldanmış kəvakiv əsərinin motivləri əsasında), Mirzə Cəlilin “Anamın kitabı”, Loğman Kərimovun “Biri var idi, biri yox” (nağıl tamaşa), Con Patrikin “Qocanı öldürməliyik”, Abdulla Şaiqin “Qaraca qız” və “Danışan gəlincik” tamaşaları sübut edir ki, bu əsərlər Akademik Teatrın statusu ilə uzlaşmır. Bu il teatrın premyerasında yer alan Aleksey Tolstoyun “Buratino axmaqlar ölkəsində” əsəri də uşaq tamaşalarının siyahısına əlavə olundu.

Ötən üç il ərzində Azərpaşa Nemətov Akademik Teatrının səhnəsinin yaraşığı olan və həmin tamaşalarla dünyanın istənilən səhnəsində əsil sənət örnəyinə çevrilə biləcək
F. Dürremanttın “Yaşlı xanımın gəlişi” (rejissoru Rövşən Almuradlı), Toyqun Orbayın “21.15 qatarı” və Tuncər Cücenoğlunun “Uçqun” (rejissoru Bəhram Osmanov), Elçinin “Teleskop” (rejissoru Kamran Şahmərdan), Branislav Nuşiçin “Nazirin xanımı” (rejissor Mərahim Fərzəlibəyov) tamaşaları tamamilə repertuardan çıxarılıb. Onu da qeyd edək ki, uşaq tamaşaları 40-50 dəqiqəlik müddətinə olsa da, bədii rəhbər, direktor və baş rejissor Azərpaşa Nemətov həmin əsərləri ikihissəli tamaşa kimi rəsmiləşdirib. Ona görə ki, bir yandan uşaqlardan “bilet pulu”, digər yandan “bufet pulu” qazancını əldə etmək istəyir. Körpə uşaqların cibinə girmək kimi rəzalətə Azərbaycan Milli Teatrının tarixində ilk dəfədir ki, rast gəlinir. Mədəniyyət nazirliyi “heç nə olmamış” kimi susur. Akademik Teatrın “Uşaq Teatrı”na çevrilməsinin səbəbi odur ki, Azərpaşa Nemətov uzun illər “Gənc Tamaşaçılar Teatrı”nda işlyibdir. Bu teatrın profili gənclər və uşaqlar üçün tamaşalar hazırlamaq olub. Halbuki, Akademik Teatrımız çağdaş teatrın estetik-fəlsəfi, sosial-ictimai xarakteri ilə zamanın ritmini irəli sürməlidir. Bu düşüncə ilə teatr prosesinə təkan verməlidir. Zamanın ritminin fəlsəfi baxımdan və şüuraltı qatlarının sosiumunu anlatmağı önə çəkməlidir. Bütün bunları Azərpaşa Nemətov bilmirsə, deməli Akademik Teatrındakı problem elə onun özüdür.

Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi” nədən boş məzarlığa çevrilib?

2003-cü ildə Azərpaşa Nemətov Azərbaycan teatrı və kinosunun müqtədir sənətkarı, xalq artisti Həsənağa Turabov dünyasını dəyişdikdən sonra, 1866-cı ildən fəaliyyət göstərən bu qocaman sənət ocağının, Teatr Xadimləri İttifaqının sədri vəzifəsinə keçdi. Elə bu dönəmdən başlayaraq, “Aktyorlar Evi”nin çırağı da söndü. Daha doğrusu “səssiz məzarlığa” çevrildi. Ona görə ki, Teatr Xadimləri İttifaqı və “Aktyorlar Evi”nə rəhbərlik edən Azərpaşa Nemətov və onun “komandası” istedadsız adamlardan ibarət idi. Onlar istedadlı rejissorlardan, dramaturqlardan və təbii ki, aktyorlardan çox qorxurlar. Bununla yanaşı, ölkə teatrlarının festivallarının keçirilməsi və mədəni mühitimiz üçün gərəkli olan digər addımlar da dolayı yolla yasaq edildi. İldə bir neçə dəfə “quş qoydu”, yəni kabinet şəraitində toplantı keçirərək bunun adını “möhtəşəm tədbir” qoymaqla işini bitmiş saydı.
Halbuki, Milli Teatrımızın fəxri sayılan, ən ağır illərdə teatr sənətimizin inkişafı yolunda bütün həyatını verən Sultanməcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Zülfüqar bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Abbasmirzə Şərifzadə, Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davıdova və Mustafa Mərdanov 1866-cı ildən 1969-cu ilə kimi yüzillik dönəmdə misli olmayan işlər gördülər. Ona görə də həmin illər Azərbaycan Milli Teatrının “QIZIL ƏSRİ” sayılır. Bu müqtədir sənət xadimləri milli teatrımızın yolunda dramaturgiyanın, rejissor sənətinin və aktyorluq məktəbinin təməllərini güclü şəklə salmışdılar. Bu dönəmlərdə teatr truppalarımızın adicə binaları belə yox idi. Onlar səyyar şəkildə harada gəldi tamaşalar oynayırdılar. Bu böyük, dahi sənətkarlar Çar Rusiyası, nə də Sovetlər Birliyinin imperiya siyasətinin qarşısında sipər idilər. 1969-cu ildən 2003-cü ilə kimi həmin şanlı estafeti Mehdi Məmmədov, Zəfər Nemətov, Cabir Səfərov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov və Həsənağa Turabov çox böyük ləyaqətlə davam etdirdilər. Ona görə də Teatr Xadimləri İttifaqı hər bir sənətkarın ümid yeri idi. “Aktyorlar Evi” isə sənət eşqilə qaynayırdı. 2003-cü ildən sonra, Azərpaşa Nemətovun bu quruma sədrlik etməsi milli teatrımızın əsil faciəsinə çevrilib.

Ortabab düşüncə ilə möhtəşəm imza olmur

Azərpaşa Nemətov adını daşıyan vətəndaşla ilgili bizim hansısa bir sorunumuz yoxdur. Biz onun daşıdığı ictimai yükə uyğun olmadığını dilə gətiririk. Ona görə ki, hər bir xalqın mədəniyyətinin inkişafı həm də onun mədəni səviyyəsinin ölçüsü hesab olunur. Ortabab düşüncə tərzi ilə böyük sənət iddiasında bulunmaq hər zaman fəlakətlərin təməli sayılıb. Biz bu fəlakətləri gördüyümüz üçün Azərpaşa Nemətovu zaman-zaman tənqid etmişik. Son günlər Azərpaşa Nemətov Teatr Xadimləri İttifaqının sədri kimi aktyorlar, rejissorlar, rəsamlar, bəstəkarlar və teatrla bağlı digər sənət adamlarından bu qurumun üzvlüyünə görə “üzvlük haqları”nın yığılması kampaniyasına başlayıbdır. 15 ildir onun sədri olduğu dönəmdə bircə dəfə də olsun teatr xadimlərinin problemləri ilə ilgilənməyən Azərpaşa Nemətova bu gün kimsə inanmadığı üçün “üzvlük haqqı”nı ödəməkdən imtina edirlər. Hamının üzdə olmasa da fikrindən bircə kəlmə keçir: “Aktyorlar Evi bizlərin alın tərimizlə inşa olunub. Teatr Xadimləri İttifaqı bizim zəhmətimizlə yaradılıb. İndi hər iki qurumun “cəfası”nı da, “səfası”nı Azərpaşa Nemətov və istedadsızlardan ibarət komandası çəkir”.
Teatr sadəcə estetik məkanların fəlsəfi baxımdan ifadəsi deyil, həm də cəmiyyətin etik normalarının inkişafı baxımından dəyəridir. Çağdaş dünya teatrının yeni baxışlarında sosiumun şüuraltı estetik yönlərinin qızğın müzakirələri getdiyi bir dönəmdə Azərpaşa Nemətov ölkənin “Ana Teatrı”nın “Kukla Teatrı”na çevrilməsi siyasətini yürüdür. Bütün bunlar azmış kimi, üç ildir başqa dramaturqları və rejissorları Akademik Teatrın heç həndəvərinə yaxın buraxmır. Bu gün Akademik Teatrın repertuarında yer alan əsərlərin çoxu onun hazırladığı tamaşalardır. Bir yandan yeni əndrabadi bir anlayışı dəbə salıb. “Tamaşanın bədii rəhbəri”, “Tamaşanın quruluşçu rejissoru” və “Baş rejissoru Azərpaşa Nemətovdur”. Hələ “tamaşanın musiqi tərtibatçısı” və “tərtibatçı rəssamı” deyimlərini də buna əlavə etsək, əsil “uşaq cığallığı”nın şahidi olarıq. Belə bir yanaşımla və baxışlarla ölkənin Milli Teatrının taleyinin Azərpaşa Nemətova həvalə edilməsi nə dərəcədə doğrudur? Bu suala kim cavab verərsə, müəllif kimi qonorarımı həmin şəxsə bağışlayacam.

Ənvər BÖRSOY

sənətşünas

20 dekabr 2018

1 Comment

  1. ENVER BEY, GÜNAYDIN!!! YAXŞI ANALİZSİR!!! BATIB GETDİK!!! SAYĞILAR!!!

Leave a Reply

Your email address will not be published.


*