“… MÜQƏDDƏS VƏTƏN TORPAQLARINA XƏYANƏT EDİBLƏR” !!!

PAYLAŞIN

Prof. Hacibaba AZİMOV:

“BU, XALQA QARŞI “MƏXMƏRİ TERROR”, EKOLOJİ GENOSİD AKTI, AZƏRBAYCAN DÖVLƏTİ ADINA HƏQARƏT, VƏTƏNƏ XƏYANƏTDİR.“!!!

—————————————————————————-

Fb-NİN GÜNDƏMİNDƏN

MƏHKƏMƏ SƏDRLƏRİ, HAKİMLƏR VƏ MƏMURLAR VƏTƏNƏ XƏYANƏT EDİRLƏR!!!

İnanmırsınız? Bu yazını diqqətlə oxuyun və xəyanətin mahiyyətindən, milli miqyasından və fəsadlarından agah olun !

Dəyərli dostlar! Uzun illərdir ki, mövcud hakimiyyətdə təmsil olunan kriminal və antimilli ünsürlər BAKI ŞƏHƏRİNİN VƏ ABŞERONUN ƏHALİSİNƏ QARŞI EKOLOJİ GENOSİD HƏYATA KEÇİRİRLƏR. Lakin bunun qarşısı alınmır. Buna görə də 2017-ci ilin may ayında dünyada görünməmiş bu cinayət barəsində məhkəmədə iddia qaldırmşam. Ali Məhkəmənin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli iclasında kasassiya şikayətimlə bağlı yazılı çıxışımı oxumazdan əvvəl hakimlərdən xahiş etdim ki, çıxışıma müdaxilə etməsinlər, lakin axırda barəmdə xüsusi qərardad qəbul edə bilərlər. Hakimlər 20 dəqiqə çəkən çıxışımı düqqətlə dinlədilər və əvvəlcədən hazır olan qərarı elan etməyib məhkəməni bir həftə təxirə saldılar. Dekabrın 25-də kollegiya Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv olunması haqda qərar qəbul etdi. 

Həmin iclasda başqa işlərlə bağlı iştirak edən vəkillərin və sonradan bu çıxışımın mətni ilə tanış olan tanınmış hüquqşünasların dediyinə görə, bu vaxtadək Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında birinci və apellyasiya instansiyaları məhkəmələrinin sədrlərinə, hakimlərinə və digər dövlət orqanlarının yüksək vəzifəli şəxslərinə qarşı ittiham xarakterli belə sərt və əsaslı iddialar səsləndirilməyib. 

Həmin çıxışımin KİV vasitəsilə yayılmasını təkidlə tövsiyyə edən dostların istəyini və orada yer alan fikirlərin xalqımızın mənafeyi və dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini əsas tutaraq onu olduğu kimi ictimaiyyətə təqdim edirəm. 

Hər kəsi, xüsusən siyasətçiləri, hüquqşünasları bu cıxışda irəli sürülən tələb və iddialara münasibət bildirməyə çağırıram!

————————————————————————————-

Möhtərəm sədr. Möhtərəm hakimlər!

Bakının Xəzər sahili ətraf ərazilərində Ekologiya Nazirliyinin yüksək vəzifəli şəxslərinin dəstəyi ilə yaradılmış daş karxana təsərrüfatları minlərlə hektar dövlət və bələdiyyə torpaqlarını zəbt edərək həmin yerlərin həm daş, həm də münbit torpaq qatını vəhşiliklə dağıdıb satır, torpaq sahələrini ekoloji fəlakət zonasına çevirirlər. Bu karxanaların qanunsuz və dağıdıcı fəaliyyəti nəticəsində həmin yerlərdə yaranmış saysız-hesabsız zəhərli toz təpələri tez-tez baş verən güclü küləklər zamanı bütün Bakı şəhərini və Abşeron yarımadasını sıx toz dumanına bürüyür, ətraf mühiti kəskin şəkildə çirkləndirir və bunun nəticəsində də ölkədə vərəm və xərçəng xəstəlikləri ildən-ilə sürətlə artır. Lakin görünməmiş rüsvayçılıqdır ki, Ekologiya Nazirliyinin yüksək vəzifəli şəxsləri Bakı şəhərini tez-tez bürüyən zəhərli toz dumanının səbəb və mənbəyini xalqdan və dövlətdən gizlədir, xalqı ələ salaraq toz dumanının Türkmənistandan gəldiyi haqqında yalan məlumatlar yayırlar. 

Ölkənin paytaxtında baş verən və dünyada analoqu olmayan bu cinayət hadisəsi əslində XALQA QARŞI “MƏXMƏRİ TERROR”, BİR NÖV EKOLOJİ GENOSİD AKTIDIR.

Abşeronun Xəzər sahili qəsəbələri ətrafında qanunsuz fəaliyyət göstərərək kurort məkanları olan torpaq ərazilərini zəbt etməklə cinayət əməlləri törədən daş karxanaları arasında ən təhlükəlilərindən biri “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC-dir. Son illərdə həmin karxana təsərrüfatı bağ evləri ilə Nardaran qəsəbəsi arasındakı ərazidə, o cümlədən iddiaçıların bağ yaşayış evlərinin lap yaxınlığında (10-20 metrliyində) dövlət torpaqlarını zəbt edərək insan həyatı üçün çox təhlükəli fəaliyyətini daha da genişləndirmiş, yaşayış məntəqələrini və ətraf mühiti radiasiyalı daş tozuna bürümüş, həmin əraziləri zibilxana – üfunət məkanına, ekoloji fəlakət zonasına çevirmişdir. 

Nardaran daş karxana təsərrüfatı uzun illərdir ki, dövlət torpaqlarını zəbt edərək tamamilə qanunsuz fəaliyyət göstərir. Belə ki, bu təsərrüfat qanuni fəaliyyət göstərə bilmək üçün Torpaq Məcəlləsinin 65, 66, 67, 68-ci maddələrinin, Nazirlər Kabinetinin 9 yanvar 1999-cu il tarixli, 1 saylı Qərarının 1.5 bəndinin tələblərinə müvafiq olaraq əvvəlcə torpağın sahibi olan Bakı Şəhər İcra Hakimiyyəti ilə təbii resurslardan istifadəyə dair müqavilə (kontrakt) bağlamamış, Əmlak Məsələləri Dövlət Komitəsindən torpaq ayrılmasına dair rəy almamış, torpaqdan istifadəyə dair hüquqlar əldə etmək üçün məcburi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınmamışdır. Lakin həmin karxana göstərilən hüquq müəyyənedici sənədlərə malik olmadığına baxmayaraq, Ekologiya Nazirliyinin aidiyyəti üzrə vəzifəli şəxsləri öz maraqları naminə qanunvericiliyin tələb və şərtlərini bilə-bilə kobud şəkildə pozaraq daş karxanasına hüquqi qüvvəsi olmayan, saxta “Dağ-Mədən Ayırma Aktı” vermiş və bununla da həmin karxananın cinayət əməllərinin iştirakçısına çevrilmişlər. 

Ümumiyyətlə, “Nardaran daş karxana təsərrüfatı qanunsuz, insan həyatı və ətraf mühit üçün təhlükəli fəaliyyəti ilə Azərbaycan Respublikası Konstitusiyasının 39-cu və 41-ci maddələrinin, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin, Torpaq Məcəlləsinin 65, 66, 67, 68-ci maddələrinin, “Torpaq icarəsi haqqında” Qanununun 9-cu maddəsinin, “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 6-cı, 15-ci, 41-ci, 59.2.-ci maddələrinin, “Yerin təki haqqında” Qanunun 9-cu, 11-ci, 18-ci, 21 və 22-ci maddələrinin, Nazirlər Kabinetinin 9 yanvar 1999-cu il tarixli, 1 saylı Qərarının, “2015-2035-ci illər üçün Bakı şəhəri ərazisindən istifadə və zonalaşdırma Dövlət Planı”nın tələblərini, norma və prinsiplərini kobud şəkildə pozmuşdur. Bütün bunlar isə ətraf mühitin və əhalinin təhlükəsizliyinin qorunması ilə bağlı qanunlarda əks olunmuş məqsədlərə, dövlət siyasətinə ziddir, təbiətə və insan həyatına təhlükə yaradan cinayət əməlləridir. 

Bütün bunlara baxmayaraq, Sabunçu və Bakı Apellyasiya Məhkəmələri (hakimləri) şəxsi maraqlarını təmin etmək məqsədilə işin icraatını süni şəkildə bir il üç aydan artıq bir müddətdə uzatmaqla, iddianı təmin etmək tədbiri görülməsi barəsində vəsatətləri qondarma mülahizələrlə rədd etməklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavabdeh daş karxana təsərrüfatına verilmiş saxta “Dağ-Mədən Ayırması Aktı”nı “əsas” tutaraq qəsdən qanunsuz qətnamələr qəbul etməklə Nardaran qəsəbəsinin ətraf ərazilərinə, bütün ölkəmizin təbiətinə vurulmuş sağalmaz ağır yaraların dərinləşməsinə, əhaliyə qarşı tətbiq edilən ekoloji genosidin daha geniş miqyas almasına rəvac vermiş və bununla da Vətənimizə və xalqımıza xəyanət etmişlər. Məhkəmələr həm də daş karxana təsərrüfatının direktoru İlqar Mürsəlovun və digər günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi qərardad qəbul olunması barəsində vəsatətləri təmin etməyə borclu olduqları halda, ümumxalq və dövlət maraqlarına xəyanət yolunu tutaraq bunu etməmişlər.

Məhkəmələr mübahisələndirilən qətnamələrində milli qanunvericiliyin maddi və prosessual hüquq normalarının və beynəlxalq hüququn prinsiplərinin çoxsaylı kobud pozuntularına yol vermişlər. Bu hallar kassasiya şikayətində və onun “Məhkəmə qətnamələrinin ləğv edilməsini şərtləndirən hüquqi əsaslar” başlıqlı 22-ci bölməsində dürüst dəlillər və hüquq normaları əsasında şərh edilmişdir.

Məhkəmələr öz qanunsuz qətnamələri ilə Konstitusiyanın 25, 31, 39, 41,60, 127 və 149-cu maddələrini, eyni zamanda Avropa İnsan Hüquqları Konvensiyasının 6, 13, 14 və 17-ci maddələrinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin tələblərini, norma və prinsiplərini kobud şəkildə pozmuşlar. 

Apellyasiya Məhkəmə kollegiyası qəbul etdiyi qətnamədə qanunvericiliyin tələb və şərtlərini kobud şəkildə pozaraq qəsdən, bilə-bilə apellyasiya şikayətinin məzmun və mahiyyətindən danışmamış, orada istinad edilən dəlil-sübutlara, hüquq normalarına münasibət bildirməmiş, eyni zamanda Sabunçu Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsini kiçik istisna ilə olduğu kimi, öz plagiat “sənəd”inə köçürmüş (bax: səh. 1-6), cavabdehin hüquqa zidd, cəfəng mülahizələrini olduğu kimi, məhkəmənin öz qənaəti qismində təqdim etmiş (bax: səh. 9-10) və bununla da son dərəcə savadsız, məsuliyyətsiz, saxtakar və plagiatçı olduğunu, qəsdən mübahisələndirilən məsələyə dair hüquq normalarına göz yumduğunu, bir neçə absurd məhkəmə hökmləri nominasiyaları üzrə Ginnesin Rekordlar Kitabına düşməyə namizəd ola biləcəyini çox bariz şəkildə biruzə vermiş və tamamilə qanunsuz və dövlət mənafeyinə zidd hökm çıxarmışdır. Bu hallar kassasiya şikayətinin 18 bəndində (19.1.1. – 19.1.9 və 19.1.9.1. – 19.1.9.9 saylı bəndlərində) göstərilən dürüst faktlar və hüquq normaları əsasında təkzibolunmaz şəkildə sübut edilmişdir.

Hörmətli hakimlər!

VƏTƏN TORPAQLARI hər bir vətəndaş, hər bir Azərbaycan övladı üçün müqəddəsdir, onu qorumaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcu, hər kəs üçün NAMUS, QEYRƏT, ŞƏRƏF VƏ LƏYAQƏT MƏSƏLƏSİDİR. Biz, iddiaçılar 2 ilə yaxın bir müddətdə hüquqa, haqq-ədalət prinsipinə, dövlət siyasətinə istinad edərək Azərbaycanda milli müstəqil dövlətin və müstəqil məhkəmə hakimiyyətinin varlığını, qanunların aliliyini, Sənan Hacıyev kimi (o, Apellyasiya Məhkəməsinin hakimi işləyəndə karxananın fəaliyyətinin dayandırılması barəsində qərardad qəbul etmişdi) vicdanlı, namuslu hakimlərin olduğunu sübut etmək üçün çox çalışmışıq. Lakin acı təəssüf hissiylə deməyə məcburuq ki, SABUNÇU RAYON MƏHKƏMƏSİNİN SƏDRİ İLQAR ABBASOV, HAKİMİ ANAR QASIMOV, BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN SƏDRİ İMAN NAĞIYEV, İŞƏ BAXAN KOLLEGİYAYA SƏDRLİK EDƏN İSMAYIL VƏLİYEV Vətənimizə namusla, qeyrətlə xidmət etmək, qanunun aliliyini və ədaləti qorumaq borclarını unudaraq və öz şəxsi maraqlarını ümumxalq və dövlət mənfeyindən üstün tutaraq saxta, qanunsuz qətnamələr qəbul etməklə Azərbaycanda müstəqil məhkəmənin və hakimin olmadığını, müstəqil Azərbaycan dövlətini, onun qanunlarının hüquqi qüvvəsini tanımadıqlarını açıq şəkildə nümayiş etdirmiş, paytaxt Bakımızın yüzlərlə hektar cənnət torpaqlarının zəbt və məhv edilməsinə şərait yaratmış, başqa sözlə MÜQƏDDƏS VƏTƏN TORPAQLARINA QARŞI XƏYANƏTƏ YOL VERMİŞLƏR!

Bütün bunlara görə də belə hesab edirik ki, mübahisələndirilən işə baxan birinci və apellyasiya instansiyası məhkəmələrinin sədrləri və hakimləri onlarla hektar dövlət torpaqlarını, kurort məkanlarını zəbt və məhv edib həmin əraziləri ekoloji fəlakət zonasına çevirən daş karxana təsərrüfatının qanunsuz fəaliyyətinə dəstək verməklə onun cinayət əməllərinin iştirakçılarına çevrilmişlər və həmin karxana təsərrüfatının vəzifəli şəxsləri ilə birlikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2. (əmlakı qəsdən məhv etmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 191 (torpaqla əlaqədar qanunsuz əqdlərin qeydiyyatı), 192.2.1, 192.2.2., 192.2.3. (qanunsuz sahibkarlıq), 222.1, 222.2, 222.3 (tikinti, mədən işlərinin təhlükəsizlik qaydalarını pozma), 247 (ətraf mühitin qorunması qaydalarını pozma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı), 314 (səhlənkarlıq), 314.1.1. (dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə), 314-3.1 (qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması) və başqa maddələri üzrə məsuliyyətə cəlb edilməli və mühakimə olunmalıdırlar.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin kollegiyası qəbul etdiyi 11 iyul 2018-ci il tarixli qətnaməsində çoxsaylı maddi və prosessual hüquq normalarını kobudcasına pozduğuna və düzgün tətbiq etmədiyinə görə Mülki Prosessual Məcəlləsinin 386, 418.2, 418.3, 418.4.1, 418.4.5, 418.4.7 maddələrinin tələblərinə müvafiq olaraq həmin qətnamə qeyd-şərtsiz ləğv olunmalıdır. 

APELLYASİYA MƏHKƏMƏSİNİN DÖVLƏT ADINDAN QƏBUL EDİLƏN BU QƏTNAMƏSİ məna və mahiyyətcə Bakının Xəzər sahili cənnət təbiətinin, kurort məkanlarının məhv edilməsinə, şəhərin ekologiyasının kəskin dərəcədə çirkləndirilməsinə, əhaliyə qarşı ekoloji genosidə rəvac verən qanunsuz akt, milli qanunvericiliyin və beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik, ümumxalq mənafeyinə və dövlət siyasətinə tamamilə zidd, AZƏRBAYCAN DÖVLƏTİ ADINA HƏQARƏT, VƏTƏNƏ XƏYANƏTDİR.

Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402 – 407-ci maddələrini əsas tutaraq Ali Məhkəmənin Mülki Kollegiyasından xahiş edirik ki, Azərbaycan xalqınının və dövlətinin ali mənafeyinə, qanunvericiliyin tələblərinə müvafiq olaraq

1) Cavabdeh “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC-nin qanunsuz və təhlükəli fəaliyyətinin dayandırılması barəsində iddiaya dair 2(103)-5728/2018 saylı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ləğv olunsun;

2) Həmin iş üzrə aşağıdakı yeni qərarlar qəbul edilsin:

2.1) “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC-nin qanunsuz və təhlükəli fəaliyyəti dayandırılsın;

2.2) Onlarla hektar dövlət torpaq sahələrini zəbt və məhv edən cavabdeh “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC-nin direktoru İlqar Mürsəlovun və digər vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinin araşdırılması üçün xüsusi qərardad qəbul edilsin.

———————————————————————————-

P.S.

Ümidvarıq ki, Ali Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Vətənə xəyanət yolunu təkrar etməyəcək, hörmətli hakimlər ədalət mühakiməsini qanunçuluğa müvafiq olaraq yekunlaşdıracaqlar.

Hörmətlə:

İddaçı prof. Hacıbaba ƏZİMOV

Bakı şəhəri, 18 dekabr 2018-ci il

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*