“NİFRƏTİNİZLƏ QADIN QATİLİ OLMAYIN, SEVGİNİZLƏ QADIN XİLASKARI OLUN” !!!

“HƏR QADINI BİR YAVRU GÖZLƏYİR… ƏN BÖYÜK NAMUS O YAVRULARDIR.” !!!

————————————

Yasəmən QARAQOYUNLU

————————————

“Ən böyük namus qadını öldürmək yox, sevməklə yüksəltmək, həyata bağlamaqdır.” !!!

Son 20 ildə mən hər gün mediya xəbərlərində oxuyuram. Filan qadın əri, atası, qardaşı tərəfindən öldürüldü, filan qadın baltalandı, filan qadın intihar etdi, filan qadın özünü asdı. Azərbaycanda İndi qadını diri-diri basdırmırlar, baltalayırlar. Cahiliyyə dövrünəmi qayıtdıq biz? Niyə? Niyə bu ölkədə qadınlar baltalanır? Biz qatillər cinayətkarlar ölkəsindəmi yaşayırıq…. İnsan həyatına, qadın həyatına qıyan mentalitet qurbanları, qadını öldürməklə yox, öz eqosunu öldürməklə bəlkə qadın qatili olmaqdan qurtula bilər… Qadını kim öldürür, qadın ləyaqətinə qarşı kim cinayət törədir, “namus” adı altında gizlənmiş , sevməyən, sevilməyən psixopat… Namus anlayışını qurşaqdan aşağı ilə ölçən alçaq, cahil. Cahilin isə heç vaxt namusu olmur. Öldürmək namussuzluqdur. Ən böyük namus qadını öldürmək yox, sevməklə yüksəltmək, həyata bağlamaqdır. Qadına həyat bağışlamaqdır. Nifrətinizlə qadın qatili olmayın, sevginizlə qadın xilaskarı olun! Hər qadını bir yavru gözləyir… Ən böyük namus o yavrulardır. Qadınlarımız təkcə yavrularımızın anası deyil, həm də MİLLƏTİMİZİN ANASIdır. Qadını qətl etməklə, Millətimizə qəsd edirsiniz.

Türk milləti namus anlayışını qadının çiyninə yükləməmişdir. Namus Türk bəylərinin vicdanında, əngin ruhunda, gözlərində, mənəviyyatında, ədalətindədir. Türk qadını minilliklər boyunca Türk bəyinin əngin ruhuna sığınaraq, ədaləti, qayğısı ilə əhatə olunaraq mutlu olmuşdur. Türk Millətinin anası olmuşdur. Bəs niyə bu qədər yozlaşdıq, dəyişdik.

Ən böyük namus qadının yaşamaq haqqıdır, sevmək, sevilmək haqqıdır. Ən böyük namus qadının azadlığıdır.

Siz bu azadlığı tanıdığınız, qəbul etdiyiniz zaman yüksələcəksiniz, qatil olmaqdan xilas olacaqsınız…Cahiliyyə dönəminə yox, Dədə Qorqud dönəminə qayıdın. O dönəmdə qadın sevməkdə də, sevdiyini seçməkdə də hürrdü, özgürdü və buna görə daşqalaq olmurdu, baltalanmırdı.

Ən böyük namus qadının şəxsi ləyaqətinin qorunmasıdır. Ən böyük namus qadını sevməkdir.

Həyatda büdrəyən, səhv edən qadın yüksək kişi mənəviyyatına, qayğısına, səbrinə və dayağına söykənməklə xilas ola bilər…Qadın da sehv edə bilər, çünki o insandır. İnsan səhv edən varlıqdır. İnsan daim səhvlərdən xilas olmaq istəyən, kamilləşməyə cəhd edən varlıqdır… Səhvlərini düzəltmək şansını qadına da tanıyın..Qadın səhvini islah edək, öldürməyək, həyata qaytaraq.

20 ildə öldürülən qadınların statistikası aparılıbmı? Dövlət Qadın Komitəsi nə işlə məşğul olur?

Unutmayın Azərbaycan qadınla dəyişəcəkdir, qadına münasibətlə dəyişəcəkdir, qadın şəxsiyyətinin yüksəlişi ilə yüksələcəkdir.

Qatil, Diktator kişilərlə yox, qadın şəxsiyyətinə sayğı göstərən, qadın ağlına və qərarlarına sayğı göstərən, onu bərabərhüquqlu tərəf müqabili kimi qəbul edən kişilərlə yüksələcəkdir.

Bəlkə sərt yazdım. Hər halda bağışlayın. Məcbur oldum bunları yazmağa.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*