“NİYƏ HAQQ ƏDALƏT PARTİYASI, NİYƏ ƏLİ İNSANOV?”!!!

PAYLAŞIN

“GƏLƏCƏK ÇOX GÖZƏL OLACAQ!”!!! 

Fb-NİN GÜNDƏMİNDƏN 

SİYASİ SEÇİMİM

Durum yaxşı deyil

Koronavirus ciddi cəmiyyətləşmə problemlərimizin olmasını çılpaq formada nümayiş etdirdi. İdarəetmədə, siyasi institusional quruluşumuzda, sosial və milli siyasətdə, dövlət büdcəsinə münasibətdə, milli və dövlət təhlükəsizliyində, ümummilli problemlərə münasibətdə, ümumxalq iradəsinin çıxdaş edilməsinin yaratdığı ciddi, hətta ağır, istiqlalımızı təhdid edən problemlərin mövcudluğu ortaya çıxdı.

Prezidentin islahatçı komanda qıtlığı şəraitində islahat anonslarının ardıcıl xarakter almasına baxmayaraq bu sahədə pozitiv dinamika hələ ki, yoxdur. Müxalifət ənənəvi münasibətlər sistemini qorumaqdadır. Birləşib vahid gücə çevrilmə istiqamətində ümid yox dərəcəsindədir. Ard-arda baş verən təxribatlar, Şuşa rəzaləti, Rusiya-Azərbaycan sərhəddində baş verən təxribat, koronavirus pandemiyasının yaratdığı gərginliklər, sosial vəziyyətin sürətlə kritik həddə yaxınlaşması, milli mətbuatın iflic olunması səbəbindən yad qüvvələrin informasiya dominantlığı, hakimiyyət daxili amansız savaş, Rusiyanın imperiya ambisiyaları və hakimiyyətin bu dəhşətli mənzərə qarşısında daha çox seyrçi davranması utancverici olmaqla, qorxuludur.

Təkrar siyasətə qayıdışım

Aktiv siyasi fəaliyyətə qərar verməyim bu acı reallıqlara etirazım və mübarizənin ən ağır, dövlətçiliyimiz üçün təhlükəli olduğu reallığını dərk etməyimlə bağlıdır. Aydınlığı ilə dərk olunur ki, hamının, millətimizin, o cümlədən 11 il ardıcıl əmək qoyduğum “Borçalı Cəmiyyəti”nin, xaricdə məskunlaşmış soydaşlarımızın taleyi ipdən asılı vəziyyəti xatırladır. Azərbaycanda baş alan mənfi tendensiya davamlı olacaqsa, bütün milli dəyələrimiz məhv ola bilər. Bu reallığı dərk etməyim aktiv siyasəti diktə edir.

Siyasi seçimimin rezonans yaratmasını proqnozlaşdırırdım. Çünki, siyasi qüvvələr arasında mövcud olan ənənəvi xətalardan imtina edirdim. Siyasi partiya liderlərinin qarşılıqlı münasibətlərində uyuşmazlıqlar ucbatından ənənəvi müxalifətin elektoral bazası dağılıb, siyasi mübarizədə ideoloji düşüncə lider kaprizlərinin girovuna çevrilmişdir. Qərarım bu kompleksin yaratdığı mənfiliklərdən çıxış yolu olaraq qəbul edilmişdir. Etirazla qarşılanacağı, qeyri müəyyənlik kimi yozulacağı da ehtimal edilən idi. Son dayanacaq yerim KXCP idi. Sıravi üzv idim. O partiyanın qüdrətlənməsi üçün çox əmək verdim. Bu funksioner olaraq vəzifə borcum, eyni zamanda cəbhəçilər qarşısında mənəvi borcum idi. Qeyri-siyasi, qısqanclıq və eqoizmin yaratdığı mühit təəssüf hissi ilə xatırlatdığım anlardır. Xeyli enerji itkisinə məruz qaldıq. Döyüşü açanların isə hərəsinin səsi bir dərədən gəlməkdədir…

Niyə Haqq Ədalət Partiyası, Əli İnsanov?

Son bir-iki ildir ki, siyasətə qayıdacağımla bağlı anonslarım ayrı-ayrı mətbu orqanların arxivində qalmaqdadır. Hətta yeni siyasi partiya yaratmaq haqda fikirlərimi də ictimaiyyətə təqdim etmişdim. İlk reaksiya Əli İnsanovdan, onun çevrəsindən gəldi. Təccüblü olduğu qədər də gözlənilməz təklif idi. Görüşdük. Bir neçə dəfə uzun söhbətlərimizdən sonra gəldiyim qənaət bu oldu ki, Əli müəllim zəngin elmi, siyasi və həyat təcrübəsinə malik yetkin, dövlətçi mövqeyə sahib şəxsiyyətdir. Dünən çalışdığı düşərgənin oyun qaydalarına əməl etmiş, həmin düşərgəyə inanmış, sədaqətli olmuş, məqamında isə despotizmə etiraz etmək cəsarətinə sahib olmuşdur. Və əsassız ittihamlarla 14 il zindan həyatı yaşamağa məhkum edilmişdir. Məhkumluq həyatı onu siyasi cəhətdən daha da mətinləşdirmiş, əyilmədən çıxmış, ilk bəyanatında dövlətimizin, millətimizin taleyinə biganə qalmayacağını bəyan etmiş və siyasi partiya quruculuğuna başlamışdır. Təmiz türkdür. Həm də demokratik dəyərlərin cəmiyyətdə avtoritetliyini təmin etmək əsas hədəflərindəndir. Partiya sol mərkəzçi proqram tutumuna malikdir. Bütün sağlam qüvvələrlə, siyasi-ideoloji fərqliliyindən asılı olmayaraq, həmçinin dünən barışmaz qütblərdə təmsil olunanlarla dövlətçilik, milli maraqlar naminə əməkdaşlığını məqbul hesab edir. Hakimiyyətin despotik mahiyyətini çılpaqlığı ilə duyur, onun fəlsəfəsini dərindən bilir. Dünənki siyasi qarşıdurmada baş verənləri tarixin mühakiməsinə verməyi, qanunun aliliyi və milli-mənəvi dəyərlərin üstün tutulması ilə tənzimlənməsini məqbul hesab edir.

Siyasi keçmişimə ehtiram göstərir, söykəndiyim ideoloji sistemi aparıcı xətt olaraq qəbul edir. Komanda prinsiplərinə hər zaman sadiq qalacağını, insani və siyasi münasibətlərdə ədəb-ərkana əməl olunmasını vacib hesab edir. Azərbaycan adlı bir dövlətin vahidləşməsi, demokratikləşməsi uğrunda mübarizəni bundan sonrakı həyatının ana xətti hesab edir. Bunları niyə sadalayıram. Mənim siyasi keçmişimi bilənlər aydın anlamalıdırlar ki, gəldiyim məkandakı siyasi hədəf eynən bizimkidir, insani, siyasi münasibətlərdə də adət-ənələrimiz mühüm rol oynayacaqdır. Yanaşma tərzi, taktika yenidir, daha rasionaldır. Əsas hədəf, mənim seçimimin məqsədi Azərbaycan davasına yeni çalar vermək, hər kəsin güvənə biləcəyi bir əməkdaşlıq, birlik modelini təqdim etməkdir. Bu model Azərbaycan xalqını qələbəyə, onun iradəsinin hakim olduğu bir müstəviyə daşıyacağına inanıram.

Gələcək gözəl olacaq

İnanıram ki, düşmən mərkəzlərinin körüklədiyi qatı siyasi qütbləşməni milli etimad mühiti ilə əvəzləyə biləcəyik. İnanıram ki, yad düşərgədə, antoqanist qütblərdə bir-biri ilə savaş şəraitində olan qüvvələri dövlətçilik və milli maraqlar naminə bir çətir altında birləşdirə biləcəyik. İnanıram ki, ümidsizləşmə burulğanına salınmaqda olan xalqımızla bu hiylələri dağıda və əl-ələ, kürək-kürəyə yeni mərhələyə, demokratikləşmə mərhələsinə qədəm qoya, dünyanın mütərəqqi cinahının himayəsini qazana biləcəyik. Bu birliyin qırmızı xətti ideoloji təməl və millətimizin və dövlətimizin, var olmağımızın düşmənləridir. Rəhbərliyində təmsil olunduğum Haqq Ədalət Partiyasının qapısı hədəfində dövlət, millət, xalq, demokratiya, azadlıq olan hər kəs – etnik, dini, irqi, siyasi-ideloji kimliyindən asılı olmayaraq hər kəsə açıqdır. Tək nicatımız milli birlikdə, siyasi uzlaşmada, demokratiya və bütövlük uğrunda mübarizədə vahid gücə çevrilməyimizdədir.

HƏP İdarə Heyətinin üzvü, Ali Məclisinin sədri
Zəlimxan MƏMMƏDLİ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*