“ONUN SİYASİ KİMLİYİ, İQTRİDARA QARŞI DAHA SƏRT TƏNQİDLƏRİ YOLVERİLƏN EDİR”!!!

PAYLAŞIN

“RƏHİM QAZIYEVİN KEÇMİŞ MÜDAFİƏ NAZİRİ OLDUĞUNU NƏZƏRƏ ALSAQ …”!!!

Rəhim Qazıyevin çağırışlarında cinayət tərkibi varmı?

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyev barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Keçmiş nazir  dövlət əleyhinə açıq çağırışlar etməkdə, təxribat törətməkdə  ittiham olunur.

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX-nın) məlumatında deyilir ki, iyulun 12-də və 13-də Azərbaycan-Ermənistan sərhəddində döyüş əməliyyatları gedəndə Rəhim Qazıyev sosial şəbəkələrdə həqiqətə uyğun olmayan xəbərlər yayıb.

“Qazıyev Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edib. Belə ki, onun davranışlarında insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub”, ‒ deyə açıqlamada bildirilib.

“Fakt Yoxla” Rəhim Qazıyevin çağırışlarında cinayət tərkibinin olub-olmadığını yoxlayıb. 

Rəhim Qazıyev Ermənistanla sərhəddə yerləşən Tovuz  rayonunda döyüşlərin getdiyi günlərdə ilk müraciətini Prezident İlham Əliyevə ünvanlayıb. O, deyib ki, 2016-cı ilin 1-4 aprel tarixlərində cəhbə bölgəsində baş verən döyüşlərdən dərs çıxartmaq lazımdır.

“Ali Baş Komandan kimi xalqa müraciət edin. Xalq yumruq kimi birləşib düşmənə qarşı mübarizəyə çağırılmalıdır. Biz dövlətimizin, xalqımızın və ordumuzun yanındayıq”, – deyə Qazıyev qeyd edib. 

Qazıyev “El üçün TV” də yayımlanan digər müraciətində hamını Azərbaycan uğrunda vuruşmağa çağırıb. O, budəfəki çıxışında da aprel döyüşlərindən misal çəkib. 

“Bu günləri təzədən 18-20 yaşında balalarımızı təxribata qurban verəcəklər, 3 gündən sonra da deyəcəklər ki, Serj Sarkisyan, Paşinyan xahiş etdi müharibəni saxladım”, ‒ deyə Qazıyev vurğulayıb.

Qazıyev növbəti çıxışında xalqa açıq müraciət edib. O, iyulun 12-də “AzerFreedomTV” kanalına verdiyi müsahibədə yenidən Prezident İlham Əliyevə  müraciət edib. O, Tovuz rayonunda “oyun getdiyini”,  İlham Əliyevin “ölkəni satdığını”, Prezidentin heç vaxt xalqa silah verib düşmənlə mübarizəsinə şərait yaratmayacağını və “bu təxribatın Azərbaycanı biabırçı sülhə, barışığa razı salmağa” hesablandığını bildirib.

Qazıyev çıxışında döyüşlərin getdiyi cəhbə zonasından Azərbaycan tərəfin itkilərinin rəsmi elan edilən statistikadan qat-qat çox olduğunu, Silahlı Qüvvələrin Tovuzda 12, Qazaxda 6 nəfər itki verdiyini, 20-dən artıq yaralının olduğunu, Qazax, Tovuz, Şəmkir və Gədəbəydə əhali arasında vahimə yarandığını qeyd edib.

Qazıyev əlavə edib ki, “öz təşəbbüsləri ilə nəsə etməyə çalışan hərbçilər olsa, onlar qısa müddətə yox ediləcək. Qazıyev onları bu təxribata getməməyə çağırıb. Sabiq nazir bunun onun “son danışığı olduğunu”, “sabah ya aparılacağını, ya da yolda vurlub öldürülə biləcəyi” ehtimalının olduğunu da bildirib. 

“Xalq yumruq kimi birləşib, bu antimilli rejimə yox deyib, onu səhnədən silməsə, bizim özümüzün səhnədən siləcəklər”, ‒ deyə o, vurğulayıb.

Qazıyevin sözügedən nitqində həm də xaricdə yaşayan azərbaycanlı ziyalılara üz tutaraq “Ölkəmiz əldən gedir. Biz vaxt itiririk. Bu, böyük bəladır. Bir neçə partiyanın yığışıb həll edəcəyi məsələ deyil. Bu rejimi yola salaq, müqəddəs torpaqlarımızı ermənilərdən azad edək” deyir.

Bundan başqa o, öncəki müraciətini nəzərdə tutaraq qeyd edir ki, “əgər mən birinci Ali Baş komandan kimi İlham Əliyevə müraciət etməsəydim, məni təxribatçı kimi topa qoyardılar. Mən ilk öncə o müraciəti etməli idim”, ‒ deyə vurğulayıb.

Bu çıxışlarından sonra Rəhim Qazıyevə qarşı Cinayət Məcəlləsinin 281-ci və 282-ci madələri ilə  maddələri ilə cinayət işi qaldırılıb. 281-ci maddənin tərkibini yaradan çağırışlar dedikdə, insanların iradəsinə təsir edərək, onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülür.

Açıq çağırışlar, bir qayda olaraq, qeyri-məhdud şəxslər dairəsinə yönəlir. Burada kütləvilik çağırışın əsas amili hesab olunur. Çağırışın kütləviliyini qiymətləndirərkən müraciətin yeri, üsulu, konkret şəraiti nəzərə alınmalıdır. Hər bir halda kütləvilik əlamətinin mövcudluğu üçün çağırışın iki və daha çox şəxs tərəfindən qəbul edilməsi vacibdir.  

Televiziya, radio, səsgücləndirici vasitələrilə, vərəqələr yazmaqla, mitinqlər keçirməklə olunan müraciət çağırışın kütləviliyinə nümunə ola bilər. Qazıyevin çıxşında kütləvi çağırış olsa da, insanların iradəsinə təsir etmə və konkret hərəkətə keçirməyə yönələn əlamətlər mövcud olmayıb. Onun çağırışı iqtidar əleyhinə dinc çağırış kimi qiymətləndirilə bilər.

Amma bu ifadələrdə hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlik fikirlər yer almır. 

Əksinə, sabiq nazir işğal olunmuş torpaqların azad edilməsi üçün birliyə yönəlik çağırışlar edib. Bu da onu göstərir ki, ittihamın ərazi bütövlüyünün parçlanmasına aid hissəsi öz əhəmiyyətini itirir.

İlkin çağırışda isə ümumiyyətlə, “dövlətimizin, xalqımızın və ordumuzun yanındayıq” ifadəsinin işlədilməsi 281-ci  maddənin sözügedən nitq üçün tətbiq olunmasını mümkünsüz edir.

Sabiq nazirin ittiham edildiyi 282-ci maddədə isə ümumiyyətlə, açıq heç bir ifadəyə rast gəlinmir. “Sizcə, ordumuz Nəcməddin Sadıqovla döyüşə hazırdırmı” sualına cavabında o, “Bizim çox yaxşı hərbiçilərimiz var və lazımi məqamda onlar üzə çıxacaqlar”deyib. Bu cavab təxribat məzmunu daşımır.

 

Rəhim Qazıyevin keçmiş müdafiə naziri olduğunu nəzərə alsaq, onun siyasi kimliyi

iqtidara qarşı daha sərt tənqidləri yolverilən edir. Bundan əlavə, ifadə azadlığının hökumətə münasibətdə tənqidin hədləri daha geniş hesab olunur. Demokratik bir sistemdə hökümətin hərəkətləri və ya hərəkətsizliyi təkcə qanunvericilik və məhkəmə orqanlarının deyil, həm də mətbuat vasitəsilə ictimai rəyin ciddi yoxlamasına məruz qalmalıdır. 

“Fakt Yoxla”nın yuxarıda qeyd olunanlara əsasən gəldiyi nəticəyə görə, Qazıyevin nitqi Tovuz döyüşləri çərçivəsində hökumətin hərəkətlərini hədəfə aldığından onun nitqi ifadə azadlığı çərçivəsində qorunmalıdır.

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*