PADŞAHIN SEVİMLİ QULLARI…. – I yazı

PAYLAŞIN

MÜƏLLİFDƏN:

                                      ƏLİ İNSANOV – 69

Eli İnsanov-5

Ötən həftə  ƏLİ İNSANOVUN ad günü oldu!!!!!!!!!! Əli müəllim son illərin səssizliyində keçirməyə məcbur buraxıldığı növbəti ad gününü yenə də həbsxana şəraitində qeyd etdi. Bir zamanlarda onun ad gününə hamıdan qabaq gəlmək üçün yarışsalar da, sonradan məhkəmədə üzünə duranlardan da, ağır-yüngül məclislərdə birinci salam verə bilmək üçün qabağına yüyürərək qarşılasalar da, sonralar ekranlardan onu qamçılamaq uçun də eyni həvəslə yüyürənlərdən də artıq neçə ildi ki, canı dincəlib. İndi daha onlar yoxdu, amma Əli İnsanov yenə də var və Allah tezliklə qapısını açsın!!!

 Ötən zaman Əli müəllimdən nələri aldı, ona nələri verdi deyə bilmərəm, ancaq onun bu günlərdə ən səmimi dostlarından, sevənlərindən və yaxınlarından təbriklər aldığı, ən xoş sözlərlə və ən xoş arzularla mükafatlandırıldığı şübhəsizdi…

 Bu gürlərdə Əli İnsanovu təbrik etməklə dirəniş göstgrə bilən hər kəslə yanaşı mən də, çox hörmətli akademiki ad günü münasibəti ilə təbrik etmək ehtiyacı hiss etdim və düşünürəm ki, Əli müəllim yaşının-başının bu çağında ən səmimi təbrikləri də, ən xoş sözləri və ən xoş arzuları da   haqq edir. Ad gününüz mübarək, Əli müəllim!!! Həyatın ən əbədi anları, ən xoş saatları, ən pak, ən təmiz və ən bakirə duyğuları, dünyanın ən uca zirvələri, ən yüksək mərtəbələri, ən ali məqamları Sizin olsun!!! 

Ötən zaman isə nəyin nə, kimin də kim olduğunu mütləq ortaya çıxarasıdı. Bu mənada, bəndənizin illər öncədən bütün yazdıqlarını da həyat bircə-bircə təsdiq etməkdədi. O cumlədən Əli İnsanovun həbs olunmasının səbəb və məqsədləri barəsində. Bu baxımdan, bəzi korlanmış və sözun hər iki mənasında pozulmuş yaddaşları təzələməyə ehtiyac var deyə düşünməkdəyəm. Elə indi sizə təqdim etdiyim bu yazının əsas qayəsi və məramı da, o pozuq beyinləri tərpətmək, cəmiyyətin diqqətini yenidən illər öncə olub-bitənlərin pərdə arxasına yönəltməkdi…

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        

 Sərdar ƏLİBƏYLİ

 Serdar

PADŞAHIN SEVİMLİ QULLARI…. – I yazı

 

…Və yaxınlaşan qladiator üsyanı!!(?)

Əli İ.-Heydər Ə.
“bunlar hər zaman Heydər Əliyevin mənə qarşı olan xoş münasibətinə paxıllıq ediblər”

Əli İnsanovun məhkəmədə “bunlar hər zaman Heydər Əliyevin mənə qarşı olan xoş münasibətinə paxıllıq ediblər”söyləməsi, uşaq vaxtı oxuduğum bir rəvayəti yadıma saldı. Rəvayətə görə, qədim zamanlarda padşahlardan biri yaxın ətrafı ilə dəniz səyahətinə çıxır. Bütün saray əhlini özü ilə dəniz səyahətinə götürən padşah, bu əyanların sırasına öz sevimli qulunu da qatır. Beləcə, saray əyanları və sevimli qul padşahın ardınca dəryaya dalan gəmiyə oturaraq sahildən uzaqlaşırlar. Bir müddət keçəndən sonra dəryada fırtına qopur. Vəziyyətin ağır olduğunu görən əyanların hərəsi bir küncə çəkilərək, sakitcə padşahın ağzını güdməklə susmağa üstünlük verirlər. Sevimli qul isə baş verənlərin təsiri altında o qədər qorxuya düşür ki, başlayır haray-qışqırıq salıb özünü gəminin divarlarına çırpmağa. Vəziyyəti belə görən padşah düşünür ki, sevimli qulu dəli olub. Dərhal əmr edir ki, loğman gəlib qulu müalicə etsin. Özünə də bildirir ki, əgər qulun müalicəsi tapılmasa, qismət olub, sahilə çıxsalar, loğmanın boynunu vurduracaq. Padşahın əmrini alan loğman, bir müddət öz otağına çəkilib fikirləşəndən sonra, dənizçiləri yanına çağırıb, şahın xəbəri olmadan qulu dənizdə şahə qalxmış dalğaların içərisinə tullamağı və dərhal da tutub gəmiyə qaytarmağı tapşırır. Belə də edirlər. Və bundan sonra qul bir küncə çəkilib sakitcə ətrafda baş verənləri izləməyə başlayır. İşi belə görən şah, loğmanı çağırıb ondan qulun vəziyyətinin dəyişməsinin səbəbini soruşur. Loğman cavab verir ki, şah sağ olsun, sizin sevimli qulunuz dənizdəki fırtınanın gücünü görməsəydi, gəmidəki sakitliyin qədrini bilməzdi…

Əli İnsanov-2

Bir müddət sonra hava sakitləşir və padşahın gəmisi sağ-salamat geriyə qayıdır. Lakin şahın öz sevimli quluna bəslədiyi xüsusi sevgi və qayğı digər əyanların heç də xoşuna gəlmədiyindən, qocalmış hökmdar dünyasını dəyişən kimi qulu saraydan perik salırlar. Nəticədə özünə ayrı sığınacaq tapa bilməyən sabiq hökmdarın sevimli qulu, əvvəl qladiatorlara qoşularaq bir müddət gizlincə yeni padşahın və saray əyanlarının könlünü oxşayan döyüşlərdə iştirak edir və nəhayət, qladiatorların qiyamında üsyana başçılıq edərək, yeni hökmdarla üzbəüz döyüşdə onunla birgə həlak olur.

Bax belə, bu rəvayətdəki hikmətə bir baxın. Hər şey elə bil indiki Azərbaycanda baş verir. Başqa sözlə, bir zamanlar dünyanın siyasət dəryasına Heydər Əliyevin kapitanlığı ilə daxil olan Azərbaycan gəmisinin sakitliyi artıq pozulub. Bir zamanlar qocaman padşahın sevdiyi qullar da artıq bir-bir bu gəmidən perik salınırlar. Müqavimət göstərənlər isə təxminən Əli İnsanovun, Fərhad Əliyevin, Akif Muradverdiyevin və başqalarının gününə salınır. İndi çoxları irad tuta bilərlər ki, niyə adı çəkilən və hələ cəzalanma növbəsi çatmamış digər saray əyanlarını biz padşahın sevimli qullarına bənzədirik. Amma tələsməyin, əgər bu əyanlar qul deyildilərsə, o zaman nədən, heç bir halda, indi bir-birinə tutduqları açıq iradları zamanında, qocaman hökmdarın hüzurunda tuta bilmirdilər. Hələ bəzilərinin təlxək kimi hökmdarın bütün məzəli istəklərini belə məmnuniyyətlə yerinə yetirmələri barəsində heç danışmıram.

Məsələn, Abid Şərifovun necə məmnuniyyətlə «ştanq» qaldırdığını və ya Hacıbala Abutalıbovun Heydər Əliyevin bulvara çıxdığı zamanlarda çıxardığı oyunları xatırlayırsınızmı? O ki qaldı qul məsələsinə, bunun da kifayət qədər örnəkləri var. Misal üçün Əli İnsanov həbs olunandan sonra, bir qrup Ləmbəli ağsaqqalının prezidentə ünvanladığı və mətbuatda dərc edilmiş bir müraciəti var idi. Bu müraciət “Cənab prezident, qul xətasız, ağa kərəmsiz olmaz” sözləri ilə bitmirdımi? Və yaxud da, bu günlərdə “Lider”in efırindən Əli İnsanovun ünvanına olmazın ağır ittihamlar səsləndirən Əli Əhmədov niyə zamanında bu fikirləri söyləməyə cəsarət etmirdi? Məgər Əli İnsanovun indi məhkəmələrdə “faş olunan” əməllərini əvvəllər görmürdülərmi? Təbii ki, görürdülər. Amma qocaman padşahın “sevimli qulu”na irad tutmağa kimin nə həddi vardı? Hələ, o da ola ki, irad tutmalı olanların özləri də ən yaxşı halda, şahənşahın yanında quldan savayı heç nə deyildilər. Lakin padşahın ölümü bəzi qulları ayrı əməllərə də sövq etdi.

Əli İnsanov-3

Məsələn, bəziləri qul kimi əmrində durub, hər sözünə yüziəriə insanı asıb-kəsdiyi prezidentini sonralar “baqaja” qoymaqla, sudan quru çıxmağı bacardılar. Onlar, bu addımla təkcə köhnə ağalarını bihörmət etmədilər, həm də yeni padşahı şantaj edərək, “hələ biz çox işləyəcəyik” – deyəcək qədər qabağa getdilər.

 İndi kim nə deyir desin, Əli İnsanovu da məhkəmələrdə üzərinə getməklə eyni addıma təhrik edirlər. Yəni görünən odur ki, Əli İnsanovun üzərinə bu qədər getməklə ondan məhkəmə ifadəsinə “axı məndən nə istəyirsiniz, bəli bu işləri mən görümşəm, amma öz təşəbbüsümlə yox, cənab ümimmilli liderimiz, mərhum prezidentimiz Heydər Əliyevin birbaşa tapşırığı ilə” sözlərini əlavə etməsini istəyirlər. Ədalət naminə onu da söyləmək lazımdı ki, istər ssenarinin müəllifi, istər tamaşanın rejissoru, istərsə də böyük orkestrə və qarşı tərəfin xoruna rəhbərlik edən dirijor məqsədinə çatmaq üzrədi. Əgər işlər belə gedərsə və İnsanova təzyiqlər indiki xətlə davam edərsə, gec-tez o, boyuna biçilmiş rolu tam oynamaq zorunda qalacaq və dövlət ittihamçılarına lazım olan ifadəni verəcək. Əgər bu doğrudan da baş verərsə, o zaman işin altından çıxmaq o qədər də asan olmayacaq. Çünki ortada artıq baş vermiş presedentlər var. Yəni, bütün bunlardan sonra Əli İnsanovun sabiq prezidentə böhtan atması və ya ləkə yaxması barədə mümkün bəyanatlar da heç bir məntiqə sığmayacaq. O zaman yeganə yol, onu da işinə qaytarmasalar belə, rahat buraxmaq zorunda qalmaq olasıdı. Yəni, hər şey, nə olursa-olsun, Heydər Əliyevin siyasətini ləkələməyə, onun heç də söylənildiyi qədər uzaqgörən, təcrübəli və dünya çapında bir siyasətçi olmadığını isbat etməyə yönəlib. Əslində, sözügedən ssenarinin məqsədi, rejissor və dirijorların istəyi də elə budu.

 Gedən proseslərdən bir məsələ də aydınca görsənir. Belə ki, Heydər Əliyevin komandasının ard-arda vurulan üzvləri, onun ağır günlərində yanında olan, bəzilərinin “Heydər Əliyevin qatarı artıq gedib” deyə yazılar dərc etdirdiyi bir zamanda, mərhum prezidentə inanaraq onun uğrunda çalışanlardı. İstər Murtuz Ələsgərov, Rəfael Allahverdiyev, Əli İnsanov, Akif Muradverdiyev, istərsə də Əli İnsanovun vasitəsilə hər gün “vurulmağa” bir addım da yaxınlaşdırılan Məhərrəm Əliyev olsun, bunların hər birinə indi oynanılan tamaşada, eyni də olmasa, oxşar aqibətə varacaq rollar biçilib. Bu adamların hamısı zamanında Heydər Əliyevin ətrafına canları ilə ətdən çəpər çəkən adamlar olublar. Görünür, Heydər Əliyevin də sarayda var-gəl edən qullarının bəzilərinə, Əli İnsanov demiş, “xoş münasibət bəsləməsi” elə bununla bağlıymış. Ki, indi o sarayda pərdəarxası hökmranlıq edənlər, sadəcə, həmin adamlara Heydər Əliyevin sağlığında bəslədiyi daha mərhəm münasibətləri bağışlaya bilmirlər. Yoxsa, oyunları bu qədər uzağa aparmağa, hətta “şahın sevimli qulla”nı cəzalandıracaq qədər ağır addımlara çəsarət edə bilməzdilər. Belə olmasaydı, bir zamanlar “Heydər Əliyevin monolit komandası var, bu komanda ulu öndərin, dahi rəhbərin ətrafında sıx birləşib yeni Azərbaycanı xoşbəxt gələcəyə aparır” – deyə, bar-bar bağıranlar, indi niyə qladiatorlara çevrilib bir-birinin qanını axıtmaqla məşğul olmalıydılar. Bəlkə bəziləri bununla cəmiyyətə mesaj ötürmək istəyirlər ki,  istər Heydər Əliyevin özü, istər siyasəti, istər dövlətçilik təcrübəsi, istər uzaqgörənliyi və istərsə də dünya şöhrətli siyasi xadim olması sadəcə, blefden savayı bir şey olmayıb? Bütün olub-bitənlərdən görünən bircə şey var ki, əslində Heyder Əliyevin bir yox, iki komandası var imiş. Onlardan biri ümummilli liderin xüsusi rəğbəti və qayğısı ilə əhatə olunubmuş, digəri isə sadəcə publika qarşısında danlanmaq, “döyülüb-söyülmək” üçün imiş. İndi baş verənlər isə ikincilərin birincilərdən qisas aldığını və Heydər Əliyevin acığının onlardan çıxıldığının göstəricisidi. Əgər belə olmasaydı, indi bütün Azərbaycana göstərilən tragikomik tamaşadan vaz keçilər, məzhəkə janrındakı məhkəmədən imtina edilərdi.

Bir də, axı hər şey yenə də hökmdarın əlindədi. Bu mənada, yenə qədim bir rəvayəti xatırlatmaq yerinə düşür.

 Qədim zamanlarda öz ölkəsinin bütün adlı-sanlı pəhləvanlarının dizini və kürəyini yerə vuran bir pəhləvanın öhdəsindən gəlmək istəyən bütün pəhləvanların boynu vurulduqdan sonra, saray pəhləvanı boş dayanmaqdan bezərək, öz-özünə fikirləşir ki, daha mənim qarşıma çıxan kimsə yoxdursa, gedib Rüstəm Zalnan güləşim. Bu fikirlərlə qəbristanlığa üz tutan pəhləvan “Rüstəm Zal, hardasan çıx qarşıma” çağırır. Rüstəm Zal qəbirdən qalxıb ondan nə istədiyini soruşur. Saray pəhləvanı ona yaranmış durumu başa salıb, Rüstəm Zalla güləşmək istədiyini deyir. Bu zaman Rüstəm Zalın əlinin çiyninə ehmalca toxunuşundan əvvəl dizinə, sonra boğazınadək torpağa batan saray pəhləvanı ondan aman diləyir və “axı, bu vaxta qədər dünyanın bütün adlısanlı pəhləvanlarını yıxmışam” deyir. Yaxasından tutub, onu torpaqdan çıxaran Rüstəm Zal isə söyləyir: “Səni sarayda bəsləyib “aslanım” deyən, mənə “pişiyim” desəydi, dünyanı bircə barmağımla qaldırardım”.

Sonralar məmləkət əhlinə də bəlli olur ki, sən demə saray pəhləvanının dillərdə əzbər olmuş gücünün arxasında, sadəcə, padşahın sözü dayanırmış. Yəni, onunla güləşməyə gələn bütün pəhləvanlara ya məğlub olmağı, ya da padşahın fərmanı ilə boynunun vurulacağını deyirlərmiş.

 Əli İ.-İlham Ə.

Azərbaycanda da indi belə saray pəhləvanları at oynatmaqdadı. Hər şey də prezidentin adı ilə həyata keçirilir.

Yenə yadıma Əli İnsanovun məhkəmənin gedişində dövlət ittihamçısına verdiyi cavab düşdü: “Nə arayış verəcəksən, mən nazir olanda sən mənə heç salam da verə bilməzdin…”.  Normal ölkələrdə isə prokuror istənilən vətəndaşı tutduğu vəzifədən asılı olmayaraq dindirə bilər. Elə bu sayımızda yer alan Hillari Klinton barəsindəki yazıdan gorəcəksiniz ki, hətta, dünyaya meydan oxuyan ABŞ prezidentinin xanımını – birinci ledini belə məhkəməyə və prokuror qarşısına çıxara bilirlər. Hələ Corc Buşun qızlarını iki gündən bir polis şöbəsindən çıxarmaq üçün getdiyini demirəm.
Bir sözlə, Azərbaycanın siyasi dəryası fırtına ərəfəsində, sevimli qullar isə qladiator rolundadı. Padşahın özü ilə üzbəüz döyüşlə bitəcək qladiatorlar üsyanı da qaçılmaz kimi görünür.

 

                                                                          «Nota bene!» qəzeti
                                                                           11-17 mart 2007-ci il+

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*