PREZİDENTİN VƏ I VİTSE-PREZİDENTİN POÇTUNA – TƏCİLİ !!!

Bəşir RZAYEV:

“Vur-tut bir mənzilimiz vardı, onu da əlimizdən aldılar, ürəkləri soyumadı…”!!!

“… bəlkə insafa gəlib kömək əlinizi uzadasınız.”!!!

Azərbaycan Respublikasının prezidenti

İ.H.Əliyev cənablarına

Azərbaycan Respublikasının Vitse-prezidenti xanım

M.A.Əliyevaya

Surəti:       P.S.-Nota.com saytının redaktoru cənab Sərdar Əlibəyliyə

                   Bütün kütləvi informasiya  vasitələrinə

 

Ə R İ Z Ə

Yazıb Sizə bildirirəm ki, mən 2018-ci ilin iyun ayının 1-nə kimi Sumqayıt şəhər 42-ci məhəllə, ev 2, mənzil 22-də yaşamışam. Hal-hazırda statusu bəlli olmayan bir durumdayam. Banka (Nikoyl) borcumuz olduğu üçün “Nikoyl” bankın əməkdaşı Vüqar Məhərrəmov, Ədliyyə Nazirliyinin Sumqayıt şəhər icra idarəsinin rəisi F.Nəbiyev və icra məmuru T.Mustafayevin tapşırığına əsasən evdən çıxarılmışam. Küçələrdə onun-bunun yanında günümü keçirirəm.

Mənim həyat yoldaşım 2015-ci ildə “Nikoyl” bankdan evi girov qoyub kredit götürüb, ona görə ki, oğlum “Karvan” ticarət mərkəzi yanandan sonra borca düşmüşdür. Krediti dollarla yazıb, manatla almışdılar. Dollar devalvasiya olduqdan sonra bildim ki, verilən kredit dollarla olub. Dollar devalvasiya olduqdan sonra vəziyyətimiz gərginləşdi, iş yerləri ixtisara düşdü, mən və oğlum işsiz qaldıq. Krediti ödəmək bizim üçün problemə döndü. Ona görə də krediti ödəməyə imkan olmadı. Yoldaşımın müəllimə kimi aldığı 230 manat əmək haqqı 7 nəfərlik ailə üzvlərimizin çörəyə olan tələbatını güclə  ödəyirdi.

Hal-hazırda bəzi ailə üzvlərimiz işləyir. Ayda 200-300 manat arası ödəyə bilərik. Bank işçiləri bununla razılaşmadılar. Bizi terrorçulardan da pis şəkildə evdən çıxardılar, dedim ki, açar lazımdır verim, yanğınsöndürəni, təcili tibbi yardımı, polisi buradan uzaqlaşdır. Abrıma qısılıb açarı verdim. Özüm də səfil həyatı yaşayıram.

Biz evi banka girov qoyan vaxt, onun bazar qiyməti 110.000-115.000 $ idi, onlar isə evi 88 000$  (69000 manat) qiymətləndirmişdilər. 10000$-a qədər ödəmişdim. ( 1$-0,78 qəpik). Bank işçiləri devalvasiyadan sonra evi auksiona çıxarıb satıblar 3 dəfə auksion olub, biz iştirak etməmişik, evi bank özü alıb ucuz qiymətə, öz xeyirlərini əldə etmək üçün.

Bank işçiləri ilə bir neçə dəfə görüşdüm, dedim ki, ayda 200-300 manat ödəyə bilərəm. Onlar isə yola gəlmədilər. Bizi evdən çıxaran vaxt dedilər ki, evi satıb bütün borcunuzu bağlayacayıq, satışda bizə kömək edin, ancaq müştəri tapılanda onlar tapılmadılar, müştərilərlə gizlində görüşüb evi satıblar  70.000 manata. Bizə əlavə 10700$ borc yazıblar. Bu işdə fəallıq göstərən bankın satış üzrə işçisi Nağıyev Cəlal, Tural və Fariz olub. Onlar evi satıb auksionda qoyulan pulu banka ödəyiblər, qalan pulu bizim adımıza borc yazıblar. Müştəridən aldıqlarını özləri mənimsəyiblər. Bu işi belə görürəm, belə təsəvvür edirəm. Deyirlər ki, borca görə hələlik sizi narahat etmirik.

Məhkəmələr də hər dəfə bankın tərəfini saxlayırdı. Mənim adamım və pulum olmadığına görə özümə vəkil də tuta bilmədim. Hakimlər də həmişə bankı müdafiə edirdilər. Pensiya çıxandan sonra Ali Məhkəmədə hakim Ə.Mirzəliyevdən xahiş etdim ki, bizim vəziyyəti nəzərə alın, ayda 200-300 manat ödəyim, o isə dedi ki, deməli pulun var, vermirsən. Belə hakimlərdən nə gözləmək olar-ancaq ədalətsizlik.

Mən və bizim ailəmiz həmişə dövlətə sadiq olmuşuq. Dövlət orqanlarında işləyən bəzi məmurlar isə xalqın qanın sormaq, onu əzməkdən zövq alırlar, Vur-tut bir mənzilimiz vardı onu da əlimizdən aldılar, ürəkləri soyumur, üstəlik 10700$ ( 18100 manat) borc yazırlar.

7 nəfər ailə üzvlərimiz küçə həyatı yaşayırıq. Xəstəlik bizi əldən salıb, bəlkə insafa gəlib kömək əlinizi uzadasınız.

Xahiş edirəm ki, bizim haqq səsimizi eşidəsiniz, tezliklə kömək göstərəsiniz.

İmza:     Rzayev Bəşir.

(050)335 -01-42

——————————————————————————-

P.S.

Çox hörmətli cənab İlham Əliyev və Mehriban Əliyeva, bilmirəm Siz  fərqindəsinizmi, amma  sizin yaşamaq haqqına qarant durmalı olduğunuz vətəndaşın bu haqqının qəsb edildiyini və son çarəni Sizlərə yalvarmaqda gördüyünü oxumaq olduqca ağır və əzici bir təəssürat yaradır. Açığı, banklar tərəfindən faktiki olaraq girov götürülmüş belə vətəndaşlarınızın, bəli-bəli məhz Sizin vətəndaşlarınızın sayı indi yüz minlərlə deyil, milyonlarla ölçülür və onların  nə səsini duyan, nə də hahayını eşidən kimsə var. Dediyim kimi, son çarəni Sizlərə yalmaqda görən bu vətəndaşların aqibəti necə olacaq, mən deyə bilmərəm. Çünki bu haqda düşünmək, ilk növbədə Sizlərin borcudur və bu anlamda, milyonların banklara borcu olduğu kimi Sizin də həmin milyonlar qarşısında konctitusion borcunuz olduğunu bilməmiş deyilsiniz. Ancaq burası öz biləcəyiniz işdir və məsələnin  bu boyutunu müzakirə etmək, bu haqda fikir yürütməm mənim çapımı aşar, heç haqqım və həddim də deyil. Lakin əfvinizə sığınaraq, elə, əsası Sizə, surəti isə mənə ünvanlanmış bu müraciətlə bağlı tək bircə sualım var. Baxın, adamlar evlərini görov qoyaraq bankdan kredit alıblar. Bu isə o deməkdir ki, zəlzələdən, ya da vəlvələdən krediti ödəyə bilməsələr, bank evə əl qoyacaq və evin qiyməti ilə kredit bağlanacaq. Evin qiymətini-filanı, alqı-satqının dürüslüklə keçirilib-keçirilmədiyini bir kənara buraxaq, amma ev bank tərəfindən satılıbsa və bu satışdan gələn məbləğdən vətəndaşa bir manat belə verilməyibsə, o zaman vətəndaşın banka borcu hardan və necə yaranıb? Zira mən, Sizin  bankirlərin özləri bəstələrib, özlərinin də oxuduqları bu tapmacadan mən bir şey qanammadım. Kreditin qarşılığı olan girov tamamilə mənimsənilibsə, vətəndaşın bunlara borcu hardan yaranıb ki?  Və taleyin hökmü ilə, bu vətəndaşın yerində Siz olsaydınız neyləyərdiniz? Bir zəhmət, bu sualın cavabını Siz verin. 

Sayğı   və səmimiyyətlə

Sərdar ƏLİBƏYLİ

 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*