“PROKUROR OXŞUYUR XUDAYAR BƏYƏ, HAKİMLƏR QOHUMDU ŞEYX NƏSRULLAHA”!!!

PAYLAŞIN

“ALLAH SİZƏ LƏNƏT ELƏSİN!”!!!

ZƏRURi QEYD:

Dünən tanınmış jirnalist Emin Eminbəylinin Ali Məhkəmənin sədri Ramiz Rzayevə telemüraciətini dinlədim və həbsxahadan Azərbaycanın hakimlər korpusuna və prokurorlar pleyadasına ünvanladığım “Açıq Məktub”u xatırladım. Həmin məktubun yenidən dərcinə qərar verdim ki, Emin bəyin bu müraciətinə “P.S. əvəzi” olsun.  

———————————————————————————————————-

“MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”

“Mənim Viktor Hüqonu redaktə etmək haqqım olmadığı kimi…

 … Sizin də onu şərləyib mühakimə etməklə 14-cü kalona göndərmək imkanınız yoxdur…”

———————————————————————————————-

A.R. Ali Məhkəməsinin sədri Ramiz Rzayev başda olmaqla Azərbaycanın bütün hakimlər korpusuna

Və məxsusi olaraq Xətai Rayon məhkəməsinin sədri Nazim Tağıyevə, hakimi

Habil Məmmədoba,

Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə 

Və məxsusi olaraq, hakimlər Vüqar Məmmədova, Əmir Bayramova, Əflatun Qasımova

A.R. Baş Prokuroru Zakir Qaralov başda olmaqla, bütün prokuror heyətinə

Və məxsusi olaraq Xətai Rayon Prokuroru Yusif İldırımzadəyə

Sizlərin “yüngül” əli ilə 4 il azadlıqdan məhrum edilərək, 

heç zaman nəinki törətmədiyi, törətməyi heç ağlına belə gətirmədiyi 

cinayətə görə hazırda 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 

Əliyev (Əlibəyli) Sərdar Məhəmmədəli oğlu tərəfindən

                        A Ç I Q  M Ə K T U B

Son illərdə Azərbaycanın “Məhkəmə” adlanan bütün instansiyalara aid bazarlarında gördüklərimdən sonra Sizlərə “Hörmətli hakimlər” deyə müraciət etməyimin  nə qədər doğru olub-olmadığını bilmirəm. Amma istəyirəm biləsiniz ki, zatən, Siz özünüz də bunu yaxşı bilirsiniz, gördüklərim onu deməyə əsas verir ki, bu “bazarda” ya haqqı pula satırlar, ya da ədaləti pulla alırlar. Ayrıca da, bir çox məhkəmələr sırf sifariş üzərinə oynanılan komik tamaşalardan ibarət olur ki, burada, Azərbaycanda hər şeyi həll edən  pul da acizdir. Olsun, amma mənim məqsədim çoxdan bəri Sizlərin həyat tərzinə çevrilmiş azərbaycansayağı  ədalət mühakiməsindən danışaraq, görünən kəndə bələdçilik etmək deyil. Bu arada əsil məqsədimi  açıqlamazdan öncə, Sizlərə dünya ictimai-siyasi tarixinin  fikir babalarından biri sayılan  dahi Viktor Hüqonun  əsrlərin  o tayında keçirilən məhkəmələrlə bağlı, daha doğrusu, sifarişli, ya da pul gücünə  qazanılan məhkəmələr barəsində yazdığı fikri sitat  şəklində xatırlatmağı vacib bilirəm. Böyük mütəfəkkir bu haqda yazırdı:

“Məhkəmədə yalançı ifadələr verməklə, əsassız iddiaları müdafiə etməklə, əsassız iddialar üzərində qərarlar çıxarmaq və hökmlər verməklə pul qazanan kişilərin  arvadlarının  və qızlarının alt paltarlarına verilən pulların  üzərində,  məhkəmələrdə  sifariş və ya pul qarşılığında haqları tapdalanan kişilərin haqqı var.”

 Viktor Hüqonun bu sözlərinin Sizlərə nə qədər aidiyyatı olub-olmadığı barədə fikir bildirmək, ya da  mühakimə yürütmək kimi bir problemim yoxdu mənim. Zira, bu Sizlərin problemidir və əlinizi ürəyinizin üzərinə qoyub öz vicdanınızla bu  məsələni müzakirə, ya da mühakimə edəndən  və yalnız bundan sonra arvad və qızlarınızın məsum gözlərinə baxaraq özünüz  buna qərar verə bilərsiniz. Həm dahi mütəfəkkirin bu deyiminin  çağdaşlıqdan çox uzaq olan, çağdaş Azərbaycan məhkəmələrində baş verənlərlə qədərindən çox səsləşdiyinin, həm də bu baxımdan çox sərt olduğunun fərqində olduğumu bilmənizi istəyirəm. Amma Sizlər də  bunu bilin ki, mənim Viktor Hüqonu redaktə etmək haqqım yoxdu, Sizin də onu şərləyib mühakimə etməklə 14-cü kalona göndərmək  imkanınız. Oysa, hamımızın öz işlərimiz və əməllərimizlə dahilərin, zaman-zaman, gələcək nəsillərə miras olaraq qoyub getdikləri fikirlərə qatlaşmaq zorumluluğumuz və sorumluluğumuz var.

Indi isə məktubun əvvəlinə qayıdaraq demək istəyirəm ki, bu yazının tarix üçün yazıldığını, həmçinin də dövlətin və qanunun naminə subardirasiya qaydalarına  riayət etmək  mükəlləfiyyətini nəzərə alaraq,  Sizlərə “Hörmətli hakimlər”deyə xitab edir, əsl mətləb üzərinə gəlməyin tam  zamanı olduğunu düşünürəm. Beləliklə,

Hörmətli sədr!

Hörmətli hakimlər!!!

Bəlkə də mənim bu məktubumu “Daldan atılan daş“ misalı qəbul edib, heç vecinizə də almayacaq, hətta oxumadan cırıb stolunuzun sağ ayağının  yanındakı zibil qutusuna atacaqsınız. Burası Sizlərin biləcəyi işdi və rahat otaqlarınızda oxunası (ya da sayılası) daha vacib kağızlarınızın  olduğunu bilirəm. Amma artıq dediyim kimi, bu məktub  tarix üçün  yazılır. Və yaxın  günlərdə  internet üzərindən bütün Azərbaycana çatdırılacaq. Yəni, anlayacağınız  “açıq məktub” adı, həm də bu yazının kütləvi dərcini nəzərdə tutur. Mən isə Sizə nə insanlıq ləyaqətindən, nə hakim şərəfindən,  nə də məhkəmənin ədalətli  mühakimə  borcundan mühazirə oxumaq fikrindən çox uzağam. Olmayan şeydən  danışmaq, ancaq axmaq və sadəlövh  adamların işidi.  Zira, bu anlayışlar bu gün  Sizlərin də qulluğunda duraraq bəh-bəhlə qarşısında çapan çaldığınız hakimiyyətin mahiyyətinə, qanunsuz əməllərinə qanun donu biçdiyiniz sistemin zehniyyətinə yaddı. Sadəcə, cəzaçəkmə müəssisəsində Sizin imzanızla barəmdə verilmiş apellyasiya  qərarını alıb oxuyandan sonra, yadıma düşən  bir məsələni Sizə də xatırlatmaqla bir kaç kəlmə demək işlədim.

Məlumunuz olsun ki, bu hakimiyyətin məni şərləməklə ömrümü zəhərləmək cəhdi ilk dəfə baş vermir. Və prosses öz başlanğıcını 1999-cu ilin  noyabrından götürüb və bu günədək də mahiyyətcə eyni, mənaca müxtəlif formalarda  dəfələrlə təzahür edib və  etməkdədi. Bax, 15 il əvvəldən  başıma gə(tiri)lən olaydan danışmaq istəyim var Sizlərə. O zaman, yəni DİN-in Daxili Qoşunlarında  xidmətimin 18 ili tamam olan gün, mənim guya öz xahişimlə Silahlı Qüvvələrdən  tərxis  olunmağım barəsində əmr verilmişdi. Bu azmış kimi  mənə həm də “Vətən xaini”nin belə layiq görülə bilməyəcəyi  xarakteristika yazmış, gecə ilə axşamdan oxuyub  imzaladığım “Apellyasiya vərəqi”ni də həmin  o saxta  xarakteristikaya  uyğunlaşdırmışdılar. Günü bu gün də mənim  şəxsi işimdə həmin o saxta attestasiya qalmaqdadır. Və kimsə də bunu vecinə almır. Bilirsinizmi niyə?!!! Ona  görə ki, o cinayəti törədənlər də Sizin kimi arxayın idilər. Çünki, sifariş belə olmuşdu. Sifarişi kim vermişdi?!! Bu barədə nəticəyə gələ bilməyiniz üçün, olaydan düz 6 il sonra,  onda da, indi də A.R.DİN-nə rəhbərlik edən Ramil Usubovun kabinetində elədiyi etirafı diqqətinizə çatdırıram.

O – “biz səni Etibar Məmmədovu təbliğ elədiyin üçün işdən çıxartmışıq”– dedi.

Bu da, o zaman istifadə olunan şərləmə  metodlarından biriydi. Ama mən bu haqda sadəcə məlumatınız olsun deyə danışdım. Məqsədim isə başqadı. Həmin vaxt tək məni yox, çox adamları belə şərləməklə, ömürlərinə zəhər qatmaqla, vətənə, xalqa xidmətdə keçən illərini “yedilər”. O vaxt həmin zabitlərdən biri  saxtalaşdırılmış “attestasiya vərəqi”nin  imza yerinə bu sözləri yazmışdı:

 ”Mən heç nə demirəm, Allah Sizə lənət eləsin”.

 Mənim də Sizin apellyasiya vərəqini oxuyandan sonra içimdən keçdi ki, Sizə, 

 “MƏN HEÇ NƏ DEMİRƏM, ALLAH SİZƏ LƏNƏT ELƏSİN”!!! – deyim.

 İmza: Əlibəyli S.

—————————————————————————————————-

P.S.

“Tülkülər bəy olub, bu dərə xəlvət,

Yalana plan var, ömürdən baha.

Prokuror qohumdur Xudayar bəyə,

Hakimlər oxşuyur Şeyx Nəsrullaha.” !!!

                                                                                                     07.08.2014.

 1140 total views, 2 views today

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*