RƏHİM QAZIYEVİN QIZI XARİCİ ÖLKƏLƏRDƏN SIĞINACAQ İSTƏDİ !!!

PAYLAŞIN

Şəbnəm ƏZİZOVA:

“Hakimiyyət atamı susdura bilmədiyinə görə, qisası məndən və balalarımdan almaq istəyir. Bu təhlükəni mən hər gün hiss etməkdəyəm.”

 

Almaniya Federativ Respublikasının

Azərbaycan Respublikasındakı fövqəladə və

səlahiyyətli səfiri H.E. Dr. Wolfgang MANIG

cənablarına

Hörmətli Səfir!

Mən Azərbaycan Respublikası vətəndaşı, iki azyaşlı uşaq anası Əzizova Şəbnəm Rahim qızı özümə və övladlarıma qarşı hər dəqiqə baş verə biləcək təhlükə ilə əlaqədar sizə müraciət edirəm. Atam sabiq müdafiə naziri Qazıyev Rahim Həsən oğlunun İlham Əliyev rejiminə qarşı apardığı açıq və barışmaz siyasi mübarizə mənim və iki övladımın həyatını qaçılmaz təhlükə qarşısında qoyub. Məlumat üçün bildirim ki, atam 1990-cı ildə SSRİ-nin siyasi həbsxanası olan Lefortovo həbsxanasında siyasi dustaq olmuş, lakin sonra bəraət alaraq azadlığa buraxılmışdır. Hal-hazırkı Əliyev rejiminə qarşı apardığı mübarizəyə görə atama 1993-cü ildə əvvəl ölüm hökmü, sonra isə ömürlük həbs cəzası verilmişdir. 12 il heç bir əsas  olmadan həbs cəzası çəkən atam Avropa Şurası və beynəlxalq insan haqları təşkilatlarının ciddi və qətiyyətli tələblərindən sonra azadlığa buraxılmışdırsa da, dəfələrlə qondarma ittihamlarla cərimələnmiş, həbs edilmiş və həyatına qəsd edilmişdir.

İlham Əliyev hakimiyyəti atamın siyasi mübarizəsini heç cür həzm edə bilmir, öyrədilmiş adamlar vasitəsilə bizim ailəmizi daim təhtid vəziyyətində saxlayır.

Son günlər bu təhtid və hədələr ardıcıl xarakter alıb. Bir neçə gün əvvəl atamın həyatına edilən qəsd uğursuz olsa da, səhhətinə ciddi təsir edib. Bu barədə mətbuat vasitələrində kifayət qədər məlumat gedib. Bircə onu əlavə etmək istədrim ki, bu atamın həyatına edilən 9-cu qəsd hadisəsidir.

Hakimiyyət isə nəinki cinayətkarı tapmaqda maraqlı deyil, əksinə müxtəlif vasitələrlə daima ailəmizə təhtidlər edirlər.

Hörmətli Səfir!

Atam siyasi mübarizəsindən əl çəkmək fikrində deyil. O haqsız yerə 12 il həbsdə saxlanılmasını bu antidemokratok rejimə bağışlamaq fikrində deyil. Məni isə iki körpə balamın taleyi maraqlandırır və ciddi şəkildə narahat edir. Hakimiyyət atamı susdura bilmədiyinə görə, qisası məndən və balalarımdan almaq istəyir. Bu təhlükəni mən hər gün hiss etməkdəyəm. Sizə müraciət etməyimin səbəbi vəziyyətimin çıxılmaz olmasıdır. Özüm haqqında onu da əlavə edim ki, heç bir maddi sıxıntım və işsizlik problemim yoxdur. Ali təhsilli iqtisadiyyat və idarəetmə mühəndisiyəm, İngiltərənin Chartered İnstitute of Logistics and Transport təhsil müəssisəsindən beynəlxalq dərəcəli diplomum var. Nüfuzlu özəl şirkətlərin birində rəhbər vəzifədə çalışıram, kifayət qədər yüksək məvacib alıram, ingilis, rus və türk dillərini bilirəm.

Məni yeganə narahat edən, özümə və balalarıma qarşı hər gün gözlənilən təhlükədən xilas olmaq üçün təmsil etdiyiniz ölkədən sığınacaq istəməkdir. Ölkənizin insan haqlarının müdafiəçisi olduğuna, atam Rahim Qazıyevin həbsdən azad olunmasındakı prinsipial və tələbkar mövqeyindən bələdəm. Elə buna görə də sizə müraciət edirəm.

Böyük ümid və minnətdarlıq hissi ilə:

Şəbnəm ƏZİZOVA

22.06.2020

———————————————————————————————–

Zəruri qeyd:

Şəbnəm xanım Əzizova Azərbaycanda təmsil olunan bir neçə digər ölkənin səfirlərinə də analoji müraciətdə bulunub.

1 Comment

  1. Salam!
    Ölkə vətəndaşları son həddə çatdırılıb. Hamı bu ölkədən canın xilas etmək istəyir. Çoxları səssiz-səmirsiz gedir ki, burdakı qohumlarına toxunmasınlar.
    Mənim uşaqlarımın dördü də gedib, ikimiz kənddə qalıb, ölüm günümüzü gözləyirik.Ölkədə hüquqi-ədalətli dövlətin qurulmasına zərrə qədər inam yoxdur.
    Dözülməz vəziyyətdir.😭🤲

Leave a Reply

Your email address will not be published.


*