ŞƏHİDLƏR XİYABANI … ZƏFƏR HÜNƏR MEYDANI !!!

PAYLAŞIN

“BURDA DÜŞÜNÜRSƏN Kİ,

TORPAĞIN YAD ƏLDƏSƏ, YAŞAMAQ NƏ ÇƏTİNDİR,

BURDA İNANIRSAN Kİ, TORPAQ HƏLƏ VƏTƏNDİR” !!!

——————————————————————————-

Nələr düşünürük biz? Necə düşünürk biz?
Cavabsız suallara dönür əməllərimiz…

Gör neçə illərdi ki, elə şəhid oluruq, 
xiyabanlar salırıq, 
amma yurdsuz-yuvasız, el-obasız qalırıq… 
Vətəni şəhər-şəhər, kəndbəkənd itiririk, 
demək elə özümüz kəndbəkənd, şəhər-şəhər
məhv oluruq, itirik… 
——————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

(İLLƏR öncə yazmışam. Hissələr paylaşmışam arada. Bu gecə bütöv paylaşıram:)

Şəhidlər xiyabanı… Zəfər-hünər meydanı.
Həyat-ölüm zirvəsi.
Yarpaqların dilindən qopan hər pıçıltı da 
burda cəsarət səsi.
Şəhidlər xiyabanı…
Bura məlal meydanı…Bura xəyal meydanı.
Alqırmızı xonçalar bürüyüb hər bir yanı. 
Burda güllər, çiçəklər elə bil qan ağlayır… 
Baxıram xiyabana
Neçə arzu yan-yana, neçə istək yan-yana
Baxıram yana-yana

(Demək istəmədiyim)
Şəhidlər xiyabanı, 
Nə qədər qəhrəmanım, igidim var desəm də, 
Nə qədər qürrələnsəm, Nə qədər öyünsəm də
Hey danmaq istədiyim, Demək istəmədiyim, 
Deməyə bilmədiyim bir həqiqət içimdə
Hey alışır, hey yanır, Tüstüm ərşə dayanır. 
Gör neçə illərdi ki, elə şəhid oluruq, 
xiyabanlar salırıq, 
amma yurdsuz-yuvasız, el-obasız qalırıq… 
Vətəni şəhər-şəhər, kəndbəkənd itiririk, 
demək elə özümüz kəndbəkənd, şəhər-şəhər
məhv oluruq, itirik… 
Nələr düşünürük biz?Necə düşünürk biz?
Cavabsız suallara dönür əməllərimiz…

Şəhidlər xiyabanı… 
Siz məni qınamayın… 
Burda xatırlayıram Zəngəzur, Şuşa, Laçın
Şadlıq saraylarını… 
Təbriz, Qarabağ barı, Qubadlı restoranı
Düşür yadıma mənim. 
Bir də xatırlayıram orda oynayanları. 
Qol götürüb oynamaq kimin gəllib ağlına
Bu saraylarda görən? 
Hansımızın ağlıını Tanrı alıb əlindən?
Nələr itiririk biz, Nələr qazanırıq biz?
necə düşünürük biz? Necə düşünürük ki, 
Hər mahal itirdikcə bir saray ucaldırıq. 
Hər şəhər itirdikcə bir restoran tapırıq… 
Nələr düşünürük biz? Necə düşünürük biz?
Cavabsız suallara dönür əməllərimiz… 
Baxıram xiyabana, Baxıram yana-yana. 
Itirirəm özümü suallar arasında. 
Axtarıram özümü Şəhidlər sırasında.

MƏZAR VAR QƏHRƏMANDI

Şəhidlər xiyabanı… Ümid, inam meydanı. 
Burda düşünürsən ki, 
Torpağın yad əldəsə yaşamaq nə çətindir… 
Burda inanırsan ki, Torpaq hələ vətəndir. 
Burda anlayırsan ki, 
Adam var utanc yeri, Məzar var ki, insandı. 
Adam var ölü kimi , Məzar var qəhramandı!

Həyatı bahasına zirvəyə çatanların
Azadlığı ölümdən ucada tutanların
Qalibiyyət meydanı, 
əbədiyyət meydanı-Şəhidlər xiyabanı

VƏTƏN BİR DƏ DOĞULMUR

Şəhidlər xiyabanı
Burda insan axını Xiyabanı dolanır… 
Hər kəs bura gəlməyi özünə bir borc sanır. 
Şəhidlərin önündə hər kəs borcu önündə… 
Şəhidlərin önündə hər kəsin bir borcu var. 
Şəhidlərin önündə hər kəsin bir borcu var???

Şəhidlər xiyabanı… 
Cəsarətim çatmayır, Ləyaqətim çatmayır
Gəzməyə xiyabanı. 
Məzarların önündə o qədər kiçilirəm
məzarların önündə məzar-məzar ölürəm… 
Şəhidlər xiyabanı… 
Şəhidlərin gözündən qəm yağır, kədər yağır.. 
Hərdən elə bilirəm Şəhidlər haray salır:
“Siz ey insan axını, Götürün xiyabandan
Bu “şəhidlər” adını. 
Siz… Ey… İnsan axını… Niyə çaşıb qalmısız, 
Ünvanı səhv salmısız… 
Şəhidlər xiyabanı Ağdamdı, Qubadlıdı, 
Şuşadı, Xocalıdı, Laçındı, Cəbrayıldı, 
Xankəndi, Kəlbəcərdi, 
Hələ neçə mahaldı, Hələ neçə şəhərdi… 
Vətəni şəhid olan Oğullar şəhid olmur… 
Biz bir də doğularıq, Ölən Vətən doğulmur… 
Vətən özü şəhidsə Biz niyə şəhidik ki?.. 
Düşmən əlindədisə kimin şəhidiyik ki?… 
Şəhid yurdun, torpağın şəhidi olmaq olmur, 
igidi olmaq olmur. 
Biz bir də doğularıq, Vətən bir də doğulmur!!!
Vətən tikə-tikədi, Hər tikəsi şəhiddi… 
Gözümüz baxa-baxa bu vətən can üstədi. 
Qalxın, ayağa qalxın, Vətən imdad istəyir… 
Şəhidlikdən qurtarın bu vətən torpağını. 
Özümüzə qaytarın Siz “Şəhidlər” adını”.

Şəhidlər xiyabanı… 
Şəhidlərin gözündən qəmli bir qəzəb yağır… 
Elə bil ki, şəhidlər hay salır, haray salır… 
Üz çevirib dözümnən dözə bilməyən gəlsin, 
Eşidə bilən gəlsin Onların harayına, 
Gəlsin bu xiyabana… 
Şəhidlər xiyabanı… Qoy başına dolanım.. 
istəyini anlayım, gerçəyini anlayım, 
yanım, yanım kül olum, yolunda şəhid olum… 
Vətəni şəhidlikdən kaş ki qurtara bilim. 
Özümüzə qaytarım Kaş “Şəhidlər” adını
Şəhidlər xiyabanım, 
Şəhidlər xiyabanı..

 

PAYLAŞ

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*