“ŞƏHİDLƏRİMİZİN TÖKÜLƏN QANLARININ ŞƏRƏFİNƏ…”!!!

PAYLAŞIN

Tahirə MƏSİMZADƏ:

“Ayrılığın müvəqqəti olmadığını duysam da, Şuşaya “əlvida” deməyə dilim gəlmədi…”

——————————————————————————–

Müsahibimiz respuublikamızda ilk tibb batalyonunun yaradıcısı və rəhbəri Tahirə xanım Məsimzadədir.

–  Tahirə xanım, siz odun-alovun içindən çıxmış döyüşçü ana, cəbhəçi tibb bacısısınız, yəni bizdən ötrü keçdiyiniz döyüş yollarının, mübariz yaşantılarınızınhər bir anı maraqlıdır. Buna görə də söhbətimizi “nədən başlayaq” ixtiyarı Sizindir.

–  Məlumat üçün əvvəla onu deyim ki, mənim ali tibb təhsilim yoxdur. Olss-olsa, 11 əsərin müəllifi kimi həvəskar rəssamam. Işlərim də əsasən Vətən, Millət və Azadlıq mövsusundadır. Torpaqlarımızın erməni dığalarının tapdağı altında qalması ilə bahəm, əslində mənim mövzularım da tapdalanıb, onların müqəddəsliyinə xələl gətirilib. Bütün bunlara dözmək, biganə qalmaq olmazdı. Nə vaxtdan bəri idi ki, qisas yolu, təsəlli yolu axtarırdım və nəhayət ki bu yolu tapdım. Təcili olaraq bir illik tibb kursunu bitirib, 1992-ci il fevralın 5-də, ilk tibb batolyonunun 20 nəfərdən ibarət özəyini yaratdım. Bir neçə gün sonra, elə bu tərkiblə də, könüllü olaraq Şuşa şəhərinə yollandıq. Sən demə, bizin bu hərəkətimiz heç də respublika rəhbərliyinin ürəyincə deyilmiş. Mən bunu, avtobusumuz Şuşa yaxınlığında, öz mövqelərimizdən atəşə tutulanda hiss etdim. Fikrimiz qəti idi, bizi heç nə yolumuzdan döndərə bilməzdi. Güc-bəla ilə şəhərə daxil ola bildik.  Bizi görcək, bir çox rütbəli hərbçilərim, polis işçiləeinin və yerli rəhbərlik təmsilçilərinin qaş-qabağı yer süpürdü ki, işlərin tüğyan etdiyi vaxtda bunlar hardan gəlib çıxdı. Baxdıq ki, hamı “çamadan” əhval-ruhiyyəsindədir, elə bil harasa köçməyə hazırlaşırlar. Biz isə heç kimə məhəl qoymadan işə başladıq. Həndəvərində hər gün mərmilər partlayan, partlayış səslərindən divarları lərzəyə gələn hərbi hospitalda xəstələrə qulluq edir, şəhərdə baş alıb gedən təxribat xarakterli şayiələri təkzib edir, kömək göndəriləcəyi və düşmənin Şuşaya heç bir zaman girə bilməyəcəyi barədə adamlara ürək-dirək verirdik. Belə çılğınlığımızı və qətiyyətimizi görən Qorxmaz kişi(hərbi sursat işlərinə baxan şəxs) bir dəfə mənə yanaşıb: “Qızım, ehtiyatlı ol, səni vurarlar” – dedi. Kəfəni boynuna dolayıb ölümü adiləşdirən bir insan kimi, bu sözlər məni səksəndirsə də, şəhərdə düşmən təbliğatının və lokal təxribatların nə qədər güclü olduğunu anladım. Qorxmaz kişi “səni vurarlar” deyərkən, təbii ki, erməniləri nəzərdə tutmurdu.

–  Tahirə bacı, təkcə yaralı əsgərlərimiz deyil, əgər belə demək mümkünsə, Şuşa şəhərinin özü də Sizin qucağınızda keçinib, gözlərinin önündə can verib! Necə düşünürsünüz, onu xilas etmək mümkün idimi?

–  Bu sualın cavabını məndən yaxşı, təbii ki, hərbçilər verə, eləcə də məsələnin mənfi qütbündə yer alan satqınlarımız və təxribatçılar daha yaxşı izah edə bilərlər. Hadisələrin canlı istirakçısı və şahidi kimi onu deyə bilərəm ki, Şuşanı kənardan yox, içəridən yıxdılar. Şuşa özü təbii qaladır, lap cüzi qüvvə ilə düşmənin geniş hücumunun qarşısını almaq mümkün idi. Təsəvvür edin ki, ən böhranlı anlarda belə Şuşanın bir qapazı Xankəndinin başında olub. Yaxşı yadımdadır, günlərin birində, Şuşa şəhər icra hakimiyyətinin başçısı Gözəlov Bakıdan qayıdanda bizə dedi ki, rəhbərlik, Stepanakertə bir çöp də atyayacağımız barəsində, dilimdən izahat alıb. Sonra da əlavə etdi ki, nə olsun, onlar da birə çox vədlər verib icra etməyiblər. Həmin axşam, gecədən xeyli keçənədək topçularımız Stepanakerti kotan kimi şumladılar. Ertəsi gün eşitdik ki, Gözəlovu elə öz kabinetindəcə qətlə yetiriblər. Ayrı-ayrı təxribat qrupları şəhəri, qurd ağacı içindən yeyən kimi yeyirdi. Biz bunu görür, var səsimizi xalqa çatdırmaq istəyirdik. Səsimizi isə eşidən yox idi. “Xalq Ordusu” qəzetinin 14 aprel 1992-ci il tarixli nömrəsində bu haqda məlumat vermiş və hətta ayrı-ayrı təxribatçıların adlarını da çəkmişdim. Amma, kimə deyirsən?! Şəhərin hərbi silah-sursat, dava-dərman və digər tibbi ləvazimatlarla təhcizatı məsələsinə gəldikdə isə, deməliyəm ki, Rəhim Qazıyevin şəhər komendantı olduğu vaxtlarda vəziyyət pis deyildi. Elə ki, Rəhim getdi, yardım da kəsildi. Şahidi olduğum üçün deyirəm ki, Rəhim bəy gedəndən sonra, gələn xırda-para yardımların içində həmişə narkotik maddələr aşkar edilirdi.  

–  Siz Şuşanı şəhər düşmənə “təqdim” edildikdən bir qədər əvvəl tərk etmisiniz. Zənnimcə, bu sizin iradənizdən asılı olmayıb.

–  Tamamilə düz dediniz. Çünki mən heç vaxt cəbhəçi həmkarlarım, lap elə sonuncu şuşalı şəhəri tərk etməyincə, ordan çıxmaq, Bakıya qayıtmaq fikrində olmamışam. Şuşada vəziyyət günü-gündən gərginləşirdi. Martın 30-da şəhər komendantı Vahid Bayramovdan tələb etdim ki, təcili olaraq vertolyot çağırtdırsın. Çünki martın 29-da gedən döyüşlərdən sonra 16 şəhidimiz və 59 ağır yaralımız vardı. Şuşa hərbi hospitalında heç bir lazımi təhcizat və təcrübəli həkimlər olmadığından (həkimlər hamısı tibb universitetinin tələbələri idi), ağır yaralıları təcili olaraq Bakıya göndərmək lazım gəlirdi. Amma hər şey gözlədiyimizin əksinə oldu. Üç vertolyot gözlədiyimiz halda, cəmi bir sökük-salxaq vertolyot gəldi. Pilotlardan öyrənəndə ki, V.Bayramov cəmi bir vertolyot sifariş edib, bərk qəzəbləndim. Vertolyota doluşmaq istəyən fərari polis işçilərini birtəhər dilə tutub 27 yaralını yerləşdirdik. Mən özüm getmək istəmirdim. Amma yoldaşlarım görəndə ki, sinəmdən və gözümdən yaralanmışam, təkid etdilər. Həm də yaralıların üstündə getməyə tibb bacısı lazım idi… Beləliklə Bakıya yola düşdük. Amma ayrılığın müvəqqəti olmadığını duysam da, Şuşaya “əlvida” deməyə dilim gəlmədi… 

–  Söhbətimizin əvvəlində qeyd etdiniz ki, Bakıdan 20 nəfərlə yola düşmüşdünüz. Bəs onların taleyi necə oldu?

–  Düzünə qalsa, sizə müsahibə verməkdə məqsədim elə budur; oxuculara cəbhəçi həmkarlarımı tanıtmaq, onlarla ilgili xatirələrimi danışmaq. Şuşa hadisələri zamanı onlardan iki nəfəri şəhid olub, səkkiz nəfəri isə yaralanıb. Qalan 10 nəfər isə indinin özündə də resrublikamızın ayrı-ayrı döyüş bölgələrində Vətən qarşısındakı borclarını şərəflə yerinə yetirməkdədirlər. Yaralılarımıza isə heç bir qayğı göstərilmir. Azər Əsədlinin (şəkildə sağdan 1-ci) 21 qəlpədən 11-i hələ də canındadır. Özü qayğıya möhtac ikən, elə bu vəziyyətdə xəstəxanada xəstələrə, yaralılara qulluq edir. Evin bircə oğlu idi. Anasını aldada bimək üçün cəbhəyə bəylik kostyumu ilə getmişdi.

Fərman Hüseynli(soldan 1-ci), ayağnda yeddi qəlpə yarası vardı, biri hələ də qalır

Əli Qardaş(yuxarıda sağdan 1-ci)indi Daxili Qoşun bölmələrində xidmət edir.

Fikrət Əzimli(yuxarıda soldan 1-ci) indi Daxili Qoşun bölkələrində döyüşür.

Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, mən özüm də sinəmdə qəlpə gəzdirirəm. Dörd oğlum var. Böyük oğlum Vüqar mənimlə çiyin-çiyinə döyüşüb. Polis işçisidir, yanvarın 19-da oğlu olub, adını Türkqan qoymuşam, şəhidlərimizin haqq uğuruna tökülən qanları şərəfinə.

——————————————————————————

Sözardı:

Tahirə xanım iki şəhid həmkarının  – Nazim Ağayevin və Aslan Nadirovun da şəkillərini gətirmişdi. Poliqrafik tələblərə uyğun gəlmədiyindən, təəssüf ki, o şəkilləri dərc edə bilmədik. Amma Tahirə xanımın Nazim haqqında dediklərini yazmaya bilməzdik: 

–  Nazim ölərkən köynəyinin cibindən qanına bulanmış gül toxumları tapıldı. Bu gülə el arasında “Gülsabah” deyirlər. Gülsabah tez açılıb tez də solan güldür – Nazim kimi! Əlindən tutmağa ehtiyacı olan bir kor atası, bir də tənha bağısı qaldı Nazimin, anası yox idi. Qucağıda gözlərini əbədi yumarkən “Ana, bacımdan muğayat ol” – dedi Nazim. Mən o gül toxumlarını Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyinə verib(Nazim əslən Lerikdəndir), təklif etdin ki, gülləri dibçəklərdə əkib, solmağa qoymasınlar. Bir də onu xahiş etdim ki, Nazimin qanı ilə subarılan o güllərə “Nazim gülü” adını versinlər.

Sözardına əlavə:

Bu söhbətdən bir neçə gün sonra Tahirə xanımla təsadüfən rastlaşdım. Yenə də hərbi geyimdəydi. Dedi ki, Kəlbəcərdə vəziyyət ağırdır, yola düşmək istəyirəm …  

Söhbətin mirzəsi: 

Əli Nasir İMANLI

“Cümhuriyyət” qəzeti

10 aprel 1993-cü il

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*