“SANKİ ÖLKƏ BUNLARA DƏDƏLƏRİNDƏN MİRAS QALIB…”!!!

PAYLAŞIN

“Dövlət, ölkə, cəmiyyət öz milyonçularına sahib çıxmayanda, onlardan başqaları yararlanır. Yararlanır və sonra da rahat şəkildə qurban verir və sərvətinə sahiblənir.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Arastun ORUJLU

125 sentyabr 2020

Kapital, milli burjuaziya və Azərbaycandan kənarda uğur qazanmış sahibsiz azərbaycanlılar.

Bu günlərdə ABŞ prezidenti Donald Trampın Rusiya ilə əlaqələrinin araşdırılması çərçivəsində həbs olunmuş şəxslərdən birinin – Lev Parnasın 10 dəqiqəlik videosu (şərh bölümündə) yayıldı. Videoda Parnas iki azərbaycanlı milyarder – Mübariz Mənsimov və Fərhad Əhmədov haqqında danışılır.

Onlardan biri artıq həbsdədir. Qeyd edim ki, Trampın Rusiya ilə əlaqələrinin təhqiqatı çərçivəsində üçüncü azərbaycanlı milyarderin – Araz Ağalarovun adı daha geniş hallandırılır. Bütün bu şəxslərin ABŞ ədliyyəsinin hədəfində olduğu da artıq sirr deyil. Dördüncü azərbaycanlı – Rza Zərrab isə artıq ABŞ-da həbsdədir.

Doğrudanmı azərbaycanlılar çirkli işlərə bu qədər meyllidilər, yoxsa burda nəsə başqa bir hikmət var? Bu başdan əminliklə deyim ki, yəqin amerikalı, israilli, türk, alman milyarderlərin mələk olduğunu düşünmürsünüz. Mən hələ italyan, rus və ərəb milyarderləri demirəm.

Bəs nədən belə işlərdə ən çox adı hallanan azərbaycanlılardır? Zənnimcə, bunun cavabı çox sadədir: azərbaycanlılar ölkəsinin sahib çıxmadığı bəlkə də bir nömrəli xalqdır. Bəli, dövlət özünün (hətta xarici ölkə vətəndaşı olsa da) millətinin nümayəndəsinə sahib çıxmalıdır. İstər kasıbına, istərsə də milyarderinə.

Xüsusilə də milyarderinə, zəngininə. Bilirsiniz niyə? Ona görə ki, milyard qazanmış və onu idarə edə bilən şəxs ölkə üçün böyük sərvətdir, çünki onlar ölkənin iqtisadi dayaqlarıdır. İqtisadiyyyat və kapital isə ölkənin əsas sütunlarından biri, bəlkə də birincisidir.

Dövlət, ölkə, cəmiyyət sahib çıxmayanda isə onlardan başqaları yararlanır. Yararlanır və sonra da rahat şəkildə qurban verir və sərvətinə sahiblənir. Amma dövlət sahib çıxanda… Məsələn, İsrail dövləti dünyanın istənilən ölkəsində təqib olunan yəhudi milyarder və milyonerləri qəbul və müdafiə edir.

İsrail istənilən ölkədə yaşayan yəhudiyə vətəndaşlıq verir, öz vətəndaşını da heç vaxt başqa dövlətə ekstradisiya eləmir. Bunu ölkənin konstitusiyası qadağan edir. Azərbaycanda isə hakimiyyət bu ölkədə doğulmuş azərbaycanlını başqa ölkədə vətəndaşlıq almasına görə Azərbaycan vətəndaşlığından məhrum edir.

Sanki ölkə bunlara dədələrindən miras qalıb və bu ölkədə yaşayanlar da onların mülkiyyətidir, quludur, onlarla istədikləri kimi davrana bilərlər. Azərbaycandakı hakimiyyət ölkədəki azərbaycanlıları yoxsullaşdlrmaqla, əzməklə yanaşı, xaricdəki uğurlu azərbaycanlıların da sıradan çıxarılmasına yardım edir.

Çünki Azərbaycandakı hakimiyyət mahiyyətcə yadellidir, antimillidir, ziyanvericidir, xəyanətkardır. Hətta Telman İsmayılov kimi ziddiyyətli reputasiyası olan bir sahibkar da istənilən dövlət üçün vacib bir insan olardı. Niyə? Ona görə ki, onun sərvəti var, o real investordur.

Amma gördüyümüz budur ki, hakimiyyət nəinki belə insanların taleyinə biganədir, hətta onların sıradan çıxarılmasında da maraqlıdır və bu işdə fəal iştirak edir. Bir vaxtlar təkcə Rusiyada xeyli azərbaycanlı milyarder vardı və onların hamısı az və ya çox dərəcədə ölkəyə cəlb oluna bilərdi.

Amma bu, olmadı, əksinə, Azərbaycanda onlara qara yaxıldı, onlar ləkələndi, ölkədə gözdən salındılar. Nəticə isə acınacaqlıdır. Bu qədər zəngini olan Azərbaycan əl açıb kredit dilənir, onun potensial milli burjuaziyası isə başqa ölkələr tərəfindən ən çirkli işlərə cəlb olunaraq, ardınca da talanır.

Bir neçə ildən sonra Vahid Ələkbərovun, Araz Ağalarovun və digərlərinin də eyni aqibəti yaşayacağını görsək təccüblənməməliyik, çünki azərbaycanlılara olan münasibətin məntiqi sonluğu budur. Təkcə Rusiya deyil, həm də Azərbaycan hakimiyyəti tərəfindən.

Sabah isə Azərbaycanın iqtisadiyyatının, ölkənin sərvətlərinin kimlərin əlinə keçəcəyi və xalqın başına nələr gələcəyi cavabı olmayan sualdır. Həm də ona görə ki, hakimiyyəti zəbt eləmiş oğrular da talamış olduqları sərvətlərini bu ölkəyə etibar eləmirlər. Bu da anlaşılandır, axı bu ölkədən, bu xalqdan deyillər…

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*