TAHİR BABAYEVDƏN DAHA BİR ETİRAZ !!!

PAYLAŞIN

“… Amma hamını inandırmışdın.”!!!

Davam edir 88

Nə oldu İlham Əliyev!

“Heç kim bizim qarşımızda dura bilməz, bizə şərt qoya bilməz” demişdiz. Deməli bu da növbəti yalan imiş. Amma hamını inandırmışdın.

Oktyabrın 9-dan 10-na keçən gecə İlham Əliyev ölkəmin məruz qaldığı zülümlərin və itkilərin, hələ də axmaqda olan şəhid qanlarının üstündən soyuqqanlıqla keçərək Putinə sədaqətini hər şeydən üstün tutaraq, erməni Lavrov tərəfindən hazırlanmış beynəlxalq hüquqda heç bir yük daşımayan (analoqu olmayan) bir kağız imzaladın və 30 min nəfərdən artıq erməni əsgərini (Paşinyanın etirafı) mühasirədən çıxardın. Bu azmış kimi ermənilərin Ağdam, Kəlbəcər Laçın və digər işğal altında olan ərazilərdən yüksək komfort (azərbaycanlıların öz doğma ev-eşiklərindən hansı şəraitdə qovulduğu, minlərlə körpənin, azyaşlının, qocanın meşələrdə, yollarda soyuqdan, aclıqdan öldüyü artıq unudulub) təmin edilməklə, Yerevana göndərilir. Orada yenidən silahlandırmaqla Stepanakertə qaytarılır. Sonradan rusların köməkliyi ilə Azərbaycana qarşı vuruşmaq üçün.

Vətən torpaqları uğrunda hiyləgər düşmənlə ölüm-dirim müharibəsində şəhid olanların valideyinləri demək olar ki, hamısı eyni qürurverici ifadə ilə bu sağalmaz yaranı, itkini, ailə faciəsini dilə gətirərək “Vətən sağ olsun” deyirlər. Bu ifadə azərbaycanlılara məxsus ən ağır çəkili – vətənə, torpağa sevgi ifadəsidir. Onu heç bir dəyər vahidi ilə ölçmək mümkün deyildir. Mən bir vətəndaş olaraq daimi qapısını qara xəbərlər döymüş olduğu insanların yanında olmuş, kədərlərinə şərik olmuş, vətən torpaqlarının düşmən tapdağından azad edilməsi üçün öz canlarından keçmiş igidlərin hər birinin bizim boynumuza böyük haqq qoyduqlarını və onların xatirələrinin daimi əziz tutulacağını dilə gətirmişəm. Vətən müharibəsinin birinci mərhələsində daha ağır yük götürmüş, işlərin ən məsuliyyətinin altına girməkdən çəkinməyən bir adam olmaqla, hazırkı mərhələdə yalnız təsəlliverici ifadələrlə kifayətlənməli olmuşam.

Bunun səbəbi isə 2015-ci ilin aprelində xüsusi dövlət əhəmiyyəti daşıyan mühüm tapşırığın icrası zamanı, daim kənar şəxsin köməyinə ehtiyacı olan ömürlük birinci dərəcəli əlilə çevrilmişəm. Bir sözlə, ölkədə hakimiyyətin səriştəsiz, talançı, rüşvətxor bir qrupun yarıtmaz fəaliyyəti nəticəsində torpaqların işğaldan azad edilməsi üçün yalnız bir yol qalmışdır – müharibə. İşğalçı dövlətə hakimiyyətə düşüncədən məhrum, ağıldan qısaların gəlməsi bu prosesin sürətlənməsi ilə nəticələndi. Dövlət idarəçiliyindən elementar təsəvvürünün olmadığına rəğmən, işğalçı ölkənin başsız (mən başqa uyğun ifadə tapmaqda ciddi çətinliklər çəkirəm) baş naziri “Qarabağ Ermənistandır və nöqtə” – deməsi, ölkənin digər rəhbərlərinin yeni torpaqların işğalı iştahlarının olduğu haqqında məqsədli şəkildə mesajlar verirdilər. Nəhayət, cəzasız qalacaqlarına tam əmin olan ermənilər Tovuz rayonu istiqamətində hücüma keçdilər. Burada əsas məqsəd Avropa qitəsinə gedən neft, qaz kəmərlərinin keçdiyi əraziləri ələ keçirmək və enerjidaşıyıcılarını nəzarətə almaqla,  dünya maştabında əsas söz sahibinə çevrilmək iştahası idi. Neft və qaz kəmərinin də Ermənistanın nəzarətinə keçməsinə yol vermək mövcud iqtidarın faciəvi sonu olduğunu başa düşən İlham Əliyev əks hücüm əmrini imzalamaq məcburiyyətində qaldı.

Beləlikə, İlham Əliyevin iradəsindən asılı olmayan Qarabağ müharibəsi başlanmış oldu. İnsanlar sadəlövhcəsinə inam nümayiş etdirərək, bütün umu-küsünü unudaraq, müqəddəs torpaqlar uğrunda qanlı savaşa qoşuldular. İlham Əliyevin yaxın ətrafından çoxsaylı satqınların və xəyanətkarların ifşa olunmasına baxmayaraq, onun özünü az qala milli qəhraman etməyə çoxsaylı canfəşanlıq alovunda yananlar vardır.

 Yazıqlar olsun.

Yefreytor rütbəsi olmayan Ali baş komandan və onun əlaltıları genişmiqyaslı saxta qələbə bayramına start vermiş, özü isə keçmiş təmas xəttinə səfərlər etməklə əhalinin diqqətini əsas problemlərdən yayındırmağa çalışır. Nə bilim bəlkə də daha ciddi məqsəd vardır, hansı ki, o barədə bu gün danışmaq tezdir. İlham Əliyev təxirə salmadan itkilərin və noyabrın 9-dan 10-na keçən gecə nə baş verdiyi, 30 min nəfərdən artıq düşmən əsgərini, minlərlə hərbi texnikanı silah-sürsat mühasirədən çıxarmaqla kimə nə üçün xidmət göstərdiyinin hesabatını verməlidir. Niyə gecənin yarısı Lavrovun soxuşdurduğu və Azərbaycan əsgərinin qanı ilə islanmış kağıza imza atarkən, heç olmasa, etika xatirinə, onunla bir mövqedə birləşmiş respublikanın siyasi elitasının bir nəfərinə olsun belə telefon açmağı lazım bilmədi.

İlham Əliyev hər bir çıxışında (belə çıxışların da sayı-hesabı yoxdur) qələbənin bir dəmir yumruqda birləşməyin hesabına əldə edildiyini xüsusi vurğulayır.

Onda təbii olaraq bir məntiqi sual ortaya çıxır. Ən tale yüklü anda belə yüksək qiymətə layiq olanlar dərhal unudulur. Mən belə hesab edirəm ki, bu düşünülmüş şəkildə edilmişdir və ən düzgün ifadəsi millətə və xalqa xəyanətdir. Ümumixalq-iqtidar birliyinə vurulmuş bu zərbə onu kökündən məhv etdi və bunun üçün bütün məsuliyyəti şəxsən İlham Əliyev daşıyır.

Bir neçə gün bundan əvvəl Əliyevin millət vəkili gəzdirən müzdurluların Kəlbəcərdən ermənilər çıxarılmasına qoyulmuş müddətin daha on gün uzadılmasını iqtidarın növbəti qəhramnalığlı kimi əhaliyə sırımağa başladılar.

Bu psevdo qəhrəmanların nəzərinə çatdırmağı özümə borc bilirəm ki, Kəlbəcərdə bizim həmvətənlər, yəni ki, Kəlbəcərlilər tərəfindən yüz illər boyu ağır zəhmət hesabına yaradılmış ev-eşikdə ermənilər tərəfindən gətirilmiş xarici muzdlu başkəsənlər yerləşdirilmişdilər və onlar Azərbaycan rəhbərliyinin atalıq qayğısı nəticəsində Kəlbəcərdən sağ-salamat çıxıb getdilər. Unitazlarını da aparmağı unutmadılar. Azərbaycanlı xüsusi xidmət orqanlarının adından əhaliyə təqdim olunmuş izahata görə ermənilər Kəlbəcəri darısqal yollarla tərk etməlidirlər. Bu prosesdə onlar üçün xüsusi “komfort” təmin edilməsi Azərbaycanın borcudur. Prezidentimiz alicənabdır və hümanist insandır.

Buna xırda bir əlavə etmək istəyirəm, sözügedən müddətdə eyni yolla Yerevandan Stepanakertə 10(on) min nəfərdən artıq erməni qaytarılmışdır. Bu maşın karvanlarını rus hərbicilərindən ibarət xüsusi ekipajlar müşaiyət etmişlər. Necə deyərlər, qalib ölkənin prezidentinin ali qonaqları ona layiq olan tərzdə qarşılanmalıdır. Sonra Putinin əziz-xələf xatirinə toxuna bilər. Bura bir şeyi əlavə etməyi özümə borc bilirəm. Bu məsələ ətrafında yazılası fikirlərin sayı-hesabı yoxdur. Oxucularımın qiymətli vaxtına qənaət edərək daha bir düşüncəmi onların diqqətinə çatdırıram və nöqtə qoyuram.

1988-ci ildə Azərbaycana Qorbaçovun rəhbərliyə göndərmiş olduğu hərdəmxəyal Əbdürrəhman Vəzirov (onun əvəzində respublikanı Viktor Polyaniçko – peşəcə əks-kəşfiyatçı idarə edirdi) ermənilərin Bakı şəhərinə qayıtması münasibəti ilə hamını təbrik etdi və bunun əsl bayram olduğunu qeyd etməyi unutmadı. O vaxtlar Azərbaycanda törədilmiş terror aktlarında Bakılı ermənilərin izlərinin olduğunu yəqin ki, inkar edən olmayacaqdır. İndi bütün dünyada Putin Dağlıq Qarabağı Azərbaycanın zəbt etməsinə imkan vermədi deyirlər. Deməli İlham Əliyev sərsəm adlandırdığı və Azərbaycanın Ensklopediyasının layihəsində Əbdürrəhman Vəzirovun adı çəkildiyi üçün görkəmli akademik  İsmayıl  Vəliyevi bütün respublika ictimaiyyətinin gözü qarşısında təhqir edərək müşavirədən qovduğunu unutmuşdur. Bura bir şeyi əlavə etməyi özümə borc bilirəm. Bütün ömrünü Azərbaycanda elmin inkişafına sərf edərək parlaq zəkası, saflığı və analitik düşüncə tərzi ilə elm aləmində özünə layiqli yer tapmış akademik qürurunun bu təhqir nəticəsində zədəsinə tab gətirə bilmədi və tezliklə ağır xəstəliyə düçar olaraq dünyasını dəyişdi.

Oxucularıma təklif edirəm ki, Vəzirovla İlham Əliyevi müqayisə edərək nəticə çıxarmaq üçün özlərinə əziyyət versinlər və fikirlərini bölüşsünlər.

Öz fikirini növbəti yazıda təqdim etmək ümidi ilə Sizlərə hədsiz hörmət və xüsusi sayğılarla

Tahir BABAYEV

(050) 331-58-11

24.11.2020

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*