“YANĞIN HAKİMİYYƏTİN MAHİYYƏTİNDƏN GƏLƏN BİR FACİƏ İDİ”

PAYLAŞIN

Indu Azərbaycan gerçəkliklərinin bəzi boyutları içindən çıxılmaz hala gəlib və gələcəyə yönəlik olduqca bədbin proqnozlar veənlərin sayı da getdikcə artmaqdadı. İstər hakimiyyətdə, istərsə də müxalifətdə daxili problemlər pik həddən keçib və proseslər artıq  kritik qırmizı xəttin üzərində cərəyan edir. Avropa Oyunlarının başa çatmasından sonra nələrin olacağı, ya da olmayacağı indi bir Allaha məlumdu, bir də hər an baş verə biləcək fors-major situasiyalara bağlıdı.  Belə bir vəziyyətdə, mövcud durumla və bu durumdan doğa biləcək perspektivlərlə bağlı  “Azadlıq” partiyasının sədri Əhməd Orucla söhbətləşdik və onunla olan söhbətimizin bir para maraq doğuran məqamlarını diktafonun yaddaçına yazıb, cəmiyyətin və ictimai rəyin müzakirəsinə cıxarmağa qərar verdik.   

                                                                                                                                                                               

“HAKİMİYYƏT BOYUNDAN HÜNDÜR GÖRSƏNMƏK ÜÇÜN BU ADDIMA GEDİB”

 “Nə qədər pis olursa-olsun,  öz hakimiyyətimizlə dil tapa bilməyəcəyiksə … “

Əhməd ORUC: “Azərbaycanda ikinci bir siyasi lider yoxdu ki, öz tərcümeyi-halını mənim tərcümeyi-halımın yanına qoya  bilsin”

“İşlərin  hamısını daha çox pul yeyə bilmək variantında görürlər”

“Villaların zurna-balabanla sökülməsi isə artıq  karikaturadı”

 II hissə

Əhməd Oruc

–  Yəni təxminən belə demək istəyirsiniz ki, artıq gələn selin qarşısını almaq mümkün deyil və bu şəraitdə hamının ilk vəzifəsi elliklə bu seldən minimum itkilərlə çıxmağa çalışmaqdı?

–  Bəli, doğru və ya yanlış olmasına baxmayaraq, artıq Azərbaycanda bu oyunların keçirilməsinə qərar verişlmişdir.  Yəni,  Azərbaycan hakimiyyəti boyundan hündür görsənə bilmək üçün və ölkə daxilində münasibətlərin sivil normalardan çox uzaq olduğu halda,  belə bir addıma gedib.  Bu addıma getməyin özü başından səhv idi.  Amma indi daha bu məsələlri müzakirə etmək heç nəyi dəyişməz və o baxımdan da, hesab edirəm ki, ölkənin və dövlətin nüfuzuna xələl gəlməsin deyə, burda iştirak etmək və mümkün olduğu qədər dəstək vermək  lazımdır.

–  Əhməd bəy,  mən sizi çoxdan tanıyıram və zaman-zaman bir çox tədbirlərdə çıxışlarınızı da izləmişəm. Açığını deyim ki, əvəllər hətta cəmiyyətin radikal adlandırdığı təşkilatların rəhbərlərindən qat-qat artıq radikal çıxışlarınız və mövqeyiniz var idi. Amma indiki danışığınız daha çox konstruktiv və daha çox barışığa meyilli görsənir,  yəni ritorikanız xeyli loyallaşıb.  Bu  əvvəlki mövqeyinizin yalnış olduğunun etirafıdımı, yoxsa ayrı səbəblərmi var?

–  Məni şəxsən tanıyan adamlar bilirlər ki, Əhməd Orucu ya maddi, ya da iradi cəhətdən nəyəsə məcbur etmək mümkün deyil. Şükür Allahın böyüklüyünə ki, özümü və ailəmi istənilən vaxt, istənilən şəraitdə dolandıra bilmək imkanlarını mənə verib. Demək istəyirəm ki, siyasi proseslərin içində olduğum son 28 il də bunu birmənalı şəkildə sübut edib ki, mənim heç vaxt heç kimdən asılılığım olmayıb, indi də yoxdu. Sadəcə, zamanla bir şeylər dəyişir və bu dəyişimlər həm də, istər iqtisadi, istərsə də siyasi baxışlarda özünü göstərir. Bir vaxtlar var idi ki, biz hamımız iqtidar-müxalifət münasibətlərində, əvvəl barəsində danlşdığım o uçuruma körüklənmişdik.  Onda  mətbuatımız da o cür yazırdı, ictimai rəy də əsasən o cür köklənmişdi.  Tutaq ki, o zaman ya mən, ya da bir başqası indiki kimi çıxış etsəydik,  yəqin ki,  bizi ya xain, ya da satqın adlandırardılar.  O zamanlarda bu cür çıxış edən adamlara qarşı münasibət çox fərqli idi və ondakı müxalifət mətbuatı bu cür danışacağım tərzdə mənə istənilən yarlığı yapışdırardı. Biz  uzun müddət  prosesləri təhlil edə-edə, götür-qoy etməklə, olub-bitənlərin nəticələrini ortaya qoya-qoya, illərlə insanları meydanlara çağırmaqla,  bunun heç bir nəticə vermədiyini gördük.  Inqilablar yolu ilə hakimiyyəti dəyişmək mümkündür, ancaq istənilən inqilabın, elə həmin inqilabların hakimiyyəti dövründə, cəmiyyəti arxaya apardığının reallıqlarını dərk elədik. Məsələn, mən indi o fikirdəyəm ki, nə qədər pis olursa-olsun,  öz hakimiyyətimizlə dil tapa bilməyəcəyiksə, istənilən kənar qüvvə gəlib burda öz maraqlarını təmin etməyə çalışacaq və biz də növbəti daha pis hakimiyyətlə dil tapmaq zorunda qalacağıq.   Bir də, zaman keçdikcə  qərbin Azərbaycandakı maraqları ilə bağlı təsəvvürlərimiz yetkinləşib. Məsələn, 1992-93-cü illərdə bizə elə gəlirdi ki, türk olduğumuzu elan edən kimi, bütün türk dövlətləri özlərinin bizim uğrumuzda fəda edəcəklər və nəticədə böyük bir Turan dövləti qurulacaq.  Başqa bir tərəfdən, hesab edirdik ki, bizim demokrat olduğumuzu bilən kimi, bütün dünyanın demokratları bir araya gəlib, Azərbaycandakı demokrat qardaşlarını hakimiyyətə gətirəcəklər və burda gözəl bir dövlət, dürüst bir cəmiyyət quracağıq.  Əslində,  bütün bunlar bizim həmin illərdəki təfəkkürümüzün və dünyagörüşümüzün yetərsizliyi idi.  Zamanla bəlli oldu ki, xüsusən də türk birliyi yaratmağa qarşı dünyanın irili-xırdalı bütün qüvvələri dayanıb.  Eləcə də sənin demokratik cəmiyyət qurmağını da dünyanın bütün qüvvələri istəmir.  Bu həm də ona görə belədi ki, demikratik və sivil ölkələrə, cəmiyyətlərə xaricdən təsir imkanları çox az olur.  Açığı, mənim indiki mövqeyə gəlməyimin kökündə, əsasən iki faktor dayanır. Birincisi, mənim özüm barəsində müəyyən bir imic yaranıb. Istənilən bir adam durub desə ki, Əhməd Orucla belə, ya da elə davranamq olar, hamı bilir ki, bu, boş söhbətdi. Yəni Azərbaycanda ikinci bir siyasi lider yoxdu ki, öz tərcümeyi-halını mənim tərcümeyi-halımın yanına qoya  bilsin və şəffaf şəkildə,  nə qazanıb, nə eləyib, hamısına cavab versin.  Mənim nə hakimiyyət təmsilçiləri ilə, nə xarici səfirlərlə, nə də ölkədə oliqarx kimi tanınan şəxslərlə pərdə arxasında heç bir təmasım olmayıb və nə olubsa ortada,  cəmiyyətin gözünün qabağında olub. Bununla bərabər  siyasi fəaliyyətdə olduğum 25-27 il ərzində bütün auditoriyalarda  birmənalı şəkildə milli maraqlardan çıxış eləmişəm. Biz bu proseslərə başlayanda 27-28 yaşımız var idi, amma artıq 56 yaşım var. Bir şeyi də açıq deməliyəm ki, Milli Azadlıq hərəkatı başlayan dövrdə,  bu hərəkata qoşulan ən yüksək vəzifəli adamlardan biri, bəlkə də birincisi olmuşam.  O vaxt Dövlət Aqrar Sənaye Birliyində şöbə müdiri işləmişəm. Sonrakı dövrlərdə “Azadlıq” qəzetində, digər qəzetlərdə çalışmışam, çəbhə hakimiyyəti dövründə müəyyən vəzifələr tutmuşam. Ondan sonrakı dönəmlərdə də Azərbaycanın siyasi spektrində olan bütün şəxslər və təşkilatlarla,  bu və ya digər şəkildə iş birliyimiz olub. Bir sözlə, siyasi mövqeyimin kamilləşməsində həm zaman rol oynayıb, həm də ….

–  Yəni ötən illər və eləcə də ölkədə və dünyada gedən proseslər, bu proseslərə münasibət Əhməd Orucun siyasi baxışlarını xeyli kamilləşdirib. Sizi düzmü başa düşdüm?

–  Yəni kamilləşmək sözü bir az yekə çıxır, amma bütün hallarda mənim mövqeyimdə və siyasi baxışlarımda bəlkə də redaktələr və korrektələr olub, bununla belə, mahiyyətim və milli maraqlara,  eləcə də dövlətimizin maraqlarına nə münasibətim dəyişib,  nə də bu maraqlardan kənarda hər hansı fəaliyyətdə bulunmuşam.

–  Dediyiniz kimi, hakimiyyətlə dialoq şəraitindəsiniz və yəqin ki, növbəti görüşlərinizdə ağır nəticələrə səbəb olan yanğın faciəsi müzakirə obyekti olacaq. Sizcə, bu faciə bir təsadüf idimi, yoxsa, kim tərəfindən törədildiyi önəmli olmasa da, bu bir qəsd idi?

–  Bu, məncə hakimiyyətin mahiyyətindən gələn bir faciə idi. Ona görə ki, normal ölkələrdə, tutaq ki, şəhərin binalarının üzlənməsi məsələsi mütləq mütəxxəssislər tərəfindən öyrənilir, araşdırılır, lahiyələndirilir, müvafiq ekspertizalardan keçirilir və yalnız bundan sonra dövlətin maliyyə imkanlarına uyğun olduqda icra olunur.  Baş verən bu faciə isə avtoritarizmin Azərbaycana gətirdiyi növbəti fəlakət idi. Yəni Azərbaycanda bir nəfər göstəriş verir ki, məsələn, Avropa oyunları ilə bağlı şəhərin gözəl görünməsi üçün bu işlər aparılmalıdı. Oradan o tərəfə  istənilən müvafiq qurumlar səlahiyyətli şəxslər yalnız icraçılar rolunda çıxış edir və  “baş üstə” deməklə fəaliyyətə keçirlər. Həm də bu işlərin  hamısını daha çox pul yeyə bilmək variantında görürlər. Günlərin birində də bəlli olur ki, bunların gözəllik adına gördükləri iş əslində çox böyük bir təhlükə törədir və böyük bir şəhərin alışıb yanmasında fundament rolunu oynayır. Gördüyünüz kimi, faciə baş verəndən sonra, yenə də bir günün içərisində, bir göstərişlə “o gözəlliyin” sökülməsinə  qərar verilir. Indi də başqa bir üzlüklə işləyirlər, o üzlüyün də ekoloji cəhətdən, yanğına davamlılıq baxımından nə qədər yararlı olub-olmadığını heç kim bilmir. Yəni, mən hesab edirəm ki, Azərbaycanda baş verən bufaciələr məsələlərə normal cəmiyyətlərdə olduğundan fərqli yanaşma ilə bağlıdır. Məsələ burasındadır ki, istər nazir olsun, istər şəhər meri, istər ekspert, istərsə də digər səlahiyyətli şəxslər, onlardan heç biri ölkə başçısının qarşısında filan məsələ belə olsun, ya da olmasın deyə,  öz fikirlərini söyləyə bilmirlər. Müxtəlif müşavirə və tədbirlərdə isə, danışanda “hər şey gözəldi” deyib otururlar.  Baş verən son faciə də bu cür idarəetmənin problemi idi  və onun nəticəsi olaraq  ortaya çıxmışdı.

–  Faciədən sonra ölkə başçısının bəzi açıqlamaları oldu. Həmin açıqlamaları duruma adekvat görə bildinizmi?

İlham Əliyev-243

–  Ölkənin idarə olunmasında mövcud olan avtolitarizm faktiki olaraq ortadadı. İstər prezidentin açıqlamaları, istərsə də bu aralarda görülən işlər bir daha göstərdi ki, Azərbaycanda heç də hər şey rəsmi məlumatlarda deyildiyi kimi normal deyil. Ancaq prezidentin həmin o üzlüklərin dərhal sökülməsi ilə bağlı açıqlaması və bunula bağlı birmənalı mövqe ortaya qoyması cəmiyyətdə ona qarşı olan münasibəti xeyli fərqli istiqamətlərə yönəltdi.  Hətta mən belə hesab edirəm ki, bu məsələdə ölkə başçısı konkret iradə ortaya qoydu və güman ki, bundan sonra da həmin iradənin nəticəsi kimi ortaya çıxan xeyli məsələlrin şahidi olacağıq.  Bu məsələ həm də onu göstərdi ki, xeyli çətinliklərin və ümumən böhran vəziyyətinin olmasına baxmayaraq, Azərbaycanın böyük resursları var və bu resurslar hələ də tükənməyib.

Bəylər Əyyubov

–  Son vaxtlarda maraqlı proseslər gedir. Əslində bu da prezidentin tapşırığından sonra oldu. Və indi “Dostluq parkı”nda tikilmiş villaları söküllər. Sizcə həmin villaların bu şəkildə sökülməsininözü doğruydumu və söküntü işlərinin zurna-qavalla müşayiət olunması nəyin göstəricisidir?

–  Bilirsiniz, normal ölkədə heç vaxt heç bir prezident heç bir villanı sökmür və onun belə bir əmr vermək səlahiyyəti də yoxdur. Bu cür işlərin görülməsi üçün mütləq məhkəmə qərarı olmalıdır. Bunun özü də göstərir ki, Azərbaycanda idarəetmə normal deyil. Və indiki görüntülərdən  belə çıxır ki, guya Azərbaycanda  nə prezidentin, nə də icra strukturlarının xəbəri olmadan 40-50 dənə vuilla tikilib, özü də şəhərin göbəyində. Bu yalan söhbətdi və həqiqətə  qətiyyən uyğun deyil. Sökülən villaların hər birinin kimə məxsus olduğunun indi Azərbaycanda hamı bilir. Burada Bəylər Əyyubov da daxil bir neçə generalın adı hallanır. Indi mən bu deyilənlərin həqiqət olduğunu tam təsdiq və ya təkzib edə bilmərəm, amma Azərbaycanda üst-üstə qoyulan hər daşın kimə məxsus olduğu yuxarıdan aşağıya hamıya bəllidir.

–  Cavabınıza müdaxilə kimi olmasın, amma belə də demək mümkündürmü ki, bayaqdan sizin də qeyd etdiyiniz kimi, idarəetmə o qədər baş-ayaq hala gəlib ki, bəzi kritik məqamlarda prezident belə iplərin ucunun harada olduğunu tapa bilmir.

–  Yox, qətiyyən elə deyil. Mən dəqiq bilirəm ki, Azərbaycanda hər ipin hara bağlandığı və hardan keçdiyi barədə müvafiq qurumlarda yüz faizli məlumat var. Hətta banklarda hərəkət edən ən xırda miqdar pulların belə hara istiqamətlənməsindən, kimlər tərəfindən xərclənəcəyinədək hər şey bilinir. Müxtəlif məsələlərdə görünən xaos və sistemin ümumi xaotikliyi isə, ölkədə tüğyan edən rüşvət və korrupsiya ilə bağlıdır. Amma, bütün hallarda bu villaların sökülməsini mən doğru hesab eləmirəm. Düşünürəm ki, nə vaxtsa Azərbaycanda çox böyük obyektlərin milliləşdirilməsi proqramı həyata keçirilməlidir. Birilərinin millətin və dövlətin varidatını oğurlayaraq milyarder olmaları, əhalinin böyük əksəriyyətinin isə, hətta gündəlik çörəyə möhtac saxlanılması  milli maraqlara da, milli adətlərə də uyğun deyil, heç Allah da bunu götürməz. O baxımdan da, hətta bunların dediyi kimi villaların sahibi yoxuydusa belə, onları uçurmağa nə ehtiyac vardı? Təsəvvür edin ki, neçə illərdi şəhid ailələri qanunla onlara düşən kompensasiyaları ala bilmirlər.  Daha doğrusu, dövlət büdcəsindən onlara verməyə pul tapa bilmirlər. Əslində, bunun özü də çox absurd bir şeydir və dövlət büdcəsində o kampensasiyanı ödəmək üçün yetərincə pul var. Tutaq ki, həmin vilaları həmin şəhid ailələri üçün kampensasiya əvəzinə  çox gözəl istifadə etmək olardı.   Hər halda həmin villaların hər birinin real qiyməti  1 milyondan çoxdu ki, az deyil.

–  O zaman 40-50 milyon da belə getdi demək?

–  Bəli, doğrudan da belədi, 40-50 milyon da belə getdi. Qaldı ki, həmin villaların zurna-balabanla sökülməsinə, bu  artıq  karikaturadı. Hacıbala Abutalıbovun heç bir sağlam məntiqə və ən ağır tənqidə belə sığmayan bir əməlidi. Açığı, azı 3 milyon insanın yaşadığı bir şəhərdə belə bir insanın mer vəzifəsini tutmasının özü həmin 3 milyon insana da, ümumiyyətlə ölkənin adına da təhqirdi. Bunun da arxasında hakimiyyətin düzgün idarə olunmaması və avtolitarizm dayanır. Çünki bunar belə bir vəzifədə ağlı başında olan, normal məntiqli bir insanın olmasını istəmirlər.

–  Niyə istəmirlər ki?

Hacıbala AbutalıbovArtur RəsizadəOktay ƏsədovElmar Məmmədyarov

–  Çünki bütün normal və demokratik ölkələrdə ölkə prezidentinə ən güclü alternativlər paytaxt şəhərlərin merləri olur. Bunu biz zamanında Luşkov-Yeltsin, Saakaşvili-Şevernadze, Yuşşenko- Kuçma variantlarında da görmüşük. Axı bunlar millətə inanmırlar. Tutaq ki, bu ölkənin baş naziri nə vəziyyətdədi,  Milli Məclis sədrinin İlham Əliyevə alternativ olmadığını hər kəs bilir, Bakı şəhərinin meri o vəziyyətdədi, lap elə xarici işlər nazirinin vəziyyəti necədi və sair. Yəni üzdə olan, görünən instansiyalara bunlar normal bir adam qoymurlar.  Normal ölkələrdə belə sahələrin hər birində, həmin sahənin bir generalı oturur, prezidentə də az güc düşür. Bizdə isə bu sahələrin hər birinə yararsız adamlar otuzdurulub və o səbəbdən də harada nə olsa cavabdehlik prezidentin üzərinə düşür. Bu isə, əslində heç kimin heç nəyə cavabdeh olmadığını göstərir. Bu arada fikir verdinizsə, xeyli sayda oliqarxlar  əvvəl çox ciddi ittihamlarla həbs olundular, ardınca da müəyyən müddətdən sonra hamısı bir-bir azadlığa buraxıldılar. Bu proses indi də davam edir. Bu ölkədə normal insanların 3-5 min kredit ala bilməsi üçün, onlardan həmin kreditin 5-10 qatı dəyərində girov tələb edirlər. Indi bəlli olur ki, bizim oliqarx kimi tanıdığımız adamların hamısı dövlət büdcəsini dağıtmaq və talamaq üçün hakimiyyətin istifadə elədiyi adamlar olub. Bu məsələnin özü bir daha sübut elədi ki, Azərbaycanda normal iş adamları və qanuni yollarla böyük  paralar qazanaraq oliqarx səviyyəsinə gələn insanlar olmayıb və yoxdur. Yəni, Azərbaycanın bank sistemi, maliyyə strukturları və  məhkəmə sistemi elə bir vəziyyətdədi ki, bu ölkədə  oliqarx səviyyəsində iş adamları  yetişə bilməz.  Əslində isə,  indi oliqarx yalnız ya dövlət məmuru, ya da hakimiyyətin ən yüksək pillələrində oturanların dövlət büdcəsini oğurlamaq  üzrə ortaqları olamalıdı.

                                                                                          Son

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*