YASƏMƏN QARAQOYUNLU QURBAN MƏMMƏDOVA CAVAB VERDİ

PAYLAŞIN

“MƏN BU PROSESƏ “DUR!” – DEYİB ETİRAZ EDİRƏM!!!

HƏMİŞƏ DƏ ETİRAZ EDƏCƏM.”!!!

Fb-NİN GÜNDƏMİNDƏN

Xalqın seçdiyi şəxsi dəstəkləyəcəm

Dəyərli dostlar!

Qurban Məmmədov Azərfredom kanalında məni Mehriban Əliyevanı təbliğ edən şəxs kimi təqdim etdi. Əlbəttə mən “El üçün – Nota tv”nin mənə ayırdığı efir vaxtında “Mehriban Əliyevanın prezidentliyinə hazırlıq prosesi gedir” başlıqlı çıxışımda Mehriban xanım haqqında fikirlərimi Qurban bəyin ritorikasından fərqli şəkildə, yumşaq şəkildə bildirdim. Çünki qarşımdakı bir qadındır. Çünki qadın qadını vurmaz, əksinə qoruyar. Mən Mehriban Əliyevanı siyasətdə heç vaxt dəstəkləməsəm belə, həyatda əgər bir gün belə bir ehtiyac yaranarsa, qoruyaram. Heç vaxt düşməsinə, yıxılmasına imkan vermərəm, baxmayaraq ki, Mehriban Əliyeva öz siyasəti və ya siyasətsizliyi ilə mənim millətimi, millətimin analarını, qadınlarını vurdu, düşmələrinə, yıxılmalarına, qırılmalarına səbəb oldu. Bunu heç bağışlayarammı, bağışlayacammı? Əsla!

Mehriban Əliyeva siyasəti nədir soruşanlara cavabım budur. Mehriban Əliyeva son 26 ildə Heydər Əliyev Fondundan imdad diləyən, kömək istəyən, Mehribanın mərhəmətindən və şəfqət duyğusundan asılı olan bir xalq yaratdı, ac yalavac qullar dəstəsi yaratdı. Azərbaycanın mənzərəsi budur. Ac, yalavac, əzilmiş, yıpranmış xalq və milyonlar içində üzən först ledi Mehriban Əliyeva, Leyla Əliyeva, Arzu Əliyeva.., dövlət nazirliklərini, komitələrini soyaraq, sömürərək fəaliyyət göstərən, xalqın və dövlətin pullarını oğurlayan Heydər Əliyev Fondu. Dövlət içində Dövlət.

Dövlət içində dövlətin həyata keçirdiyi milyonluq layihələrin fonunda ac yalavac xalqımın kömək diləyən bir iki insanına cüzi yardım edib bunu ekranlardan reklam edən, xalqa tirajlayan paralı medya mənsublarının, oğrudan xilaskar formalaşdıran siyasət texnoloqlarının, bürokratlarının və akademisyenlərin yalanları, məsuliyyətsizlikləri, vicdansızlıqları…

Bununla bərabər ölkə xaricindən Mehriban Əliyevanın, üç uşaq anasının şəxsiyyətini alçaldan verilişlər yayanları, bir qadının alt paltarını müzakirə edənləri də bağışlamayacam. Bütün bu söyüşlər, ritorikalar Azərbaycan siyasətini çirkləndirib.

Mən bu prosesə “Dur!” – deyib etiraz edirəm. Həmişə də etiraz edəcəm.

Dostlar!

İmkan verin ziyalı müstəqil qalsın. Heç bir siyasi qruplaşmaya tabe olmasın, heç bir qrupun maraqlarını təmsil etməsin. Nə iqtidara nə müxalifətə təslim olmasın. Ziyalı nə iqtidarın nə müxalifətin sözçüsü olmasın. Dövlətin və millətin sözçüsü olsun. Bunu edə bilmək üçün isə həm iqtidarla həm müxalifətlə, həm birgə işləsin, həm də məsafə saxlasın. Varmı belələri? Yoxdur. Çünki bizim cəmiyyət ortada barış yarada biləcək bütün yumşaq güclərin, şəxsiyyətlərin doğulmasına imkan vermir. Cəmiyyət bir-biri ilə savaşan iqtidar və müxalifət qütbləri arasında parçalanıb. Bu qütblər arasında milli vicdanı təmsil edən, etmək istəyən bütün aydınlarımızı, şəxsiyyətlərimizi həm iqtidar düşərgəsi, həm müxalifət düşərgəsi linc etmişdir, linc etməkdədir. Belə olmaz. Bu proses gələcəyimizə, milli bütövlüyümüzə tuşlanmış silahdır. Durdurulmalıdır.

Ziyalı bir-biri ilə savaşan iqtidar-müxalifət qütblərinin siyasətinə yox, haqqa xidmət etməlidir, Dövlətə, Millətə xidmət etməlidir. Dövlət və Millət maraqları iqtidar və müxalifət maraqlarının fövqündə tutmalıdır. Ziyalını iki qütb arasında linc edən proses Dayanmalıdır. Ölkəmizdə Haqq olan, Haqqa xidmət edən aydınlarımız olmalıdır.

Mənim siyasi baxışlarıma görə Dövlət, Ailə, Şəxsiyyət, İnsan ləyaqəti toxunulmazdır, baxmayaraq ki, Mehriban Əliyeva bütün bu dəyərləri özü tapdalamışdır, susmaqla tapdalanmasına imkan yaratmışdır, vəsilə olmuşdur.
Bu dəyərləri son 30 ildə Mehriban Əliyeva, İlham Əliyev tapdaladı, lakin biz tapdalamayaq dostlar. Biz tapdalayan yox, qoruyan, yüksəldən olaq.

Azərbaycanın dəyərlərini, gələcəyini nifrətimizdən üstün tutaq, şəxsi mənfəttlərimizin fövqündə görməyi bacaraq. İnqilab etməyək, islahat edək, yumşaq güc olaq, qansız dəyişək. Qanımızı özümüzlə savaşda yox, ermənilərlə savaşda axıdaq…

İnsan ləyaqəti və əxlaqı qarşılıqlı savaşda və mübarizədə üzə çıxır. Savaşın, mübarizənin də əxlaqı, ölçüsü, sərhədləri vardır.

Dostlar!

“Elçi – Nota tv”də Mehriban Əliyeva ilə bağlı çıxışımı diqqətlə dinləyin. Çıxışımda Mehriban Əliyevanı Qurban bəyin üslubunda vurmadım, dialoq üçün kiçik bir pəncərə saxladım.

Düşünürəm ki, siyasət sadəcə vurmaq, kəsib atmaq sənəti deyil, həm də başa salmaq, maarifləndirmək sənətidir.

Dostlar!

Qurban Məmmədov çox böyük bir iş gördü. 30 ildir Azərbaycanın məddahçı alimlərinin, jurnalistlərinin formalaşdırdığı saxta, mifik Heydərizm apologetikasını, Qurtuluş ideyasını 2 ildə darmadağın etdi. Bu çox böyük xidmətdir. Lakin bununla bərabər, Azərbaycanın keçmişi, bu günü, gələcəyi ilə bağlı siyasətlərdə, bir çox məsələlərdə və fikirlərdə mənim baxışlarım Qurban Məmmədovun baxışları ilə üst üstə düşmür. Bu da normal haldır məncə. Ümumiyyətlə, Mən Qurban bəyin mübarizəsini dəstəkləyirəm, lakin mübarizə üslubunu və tərzini dəstəkləmirəm.

İnqilabçılıq və dağıdıcılıq, nifrət saçmaq mənim üslubum deyil. Mehriban Əliyeva haqqında yumşaq çıxışım Qurban bəyi məyus edib. Amma o çıxışın içində çox ciddi fikirlər və konkret mövqelər var idi. Ola bilsin ki, Qurban bəy bunu sezməyib.

Elə buna görə də, Qurban bəy Məni yanlış anlayıb. Yanlış təqdim etdi.

Buradan bildirirəm ki, mənim mövqeyim açıq və netdir.
Mən indiyə qədər Azərbaycanın prezidenti olan

İlham Əliyevin siyasətini heç vaxt dəstəkləməmişəm. Nə də Azərbaycan prezidenti olmağa iddialı olan, əslində isə YAP siyasi kursunun bir parçası olan Mehriban Əliyevanı dəstəkləmirəm. Dəstəkləməyəcəm.

Ümumiyyətlə, mən bütövlükdə YAP hakimiyyətinə, 30 ildir yeritdiyi siyasi kursa, prinsiplərinə, dəyərlərinə, Azərbaycan cəmiyyətinə təqdim etdiyi şəxsiyyətlərə qarşıyam.

Mənim fikrim budur. Bundan sonra Azərbaycanda nə İlham Əliyev, nə Mehriban Əliyeva, nə də onların ailə hakimiyyəti bərqərar ola bilməz. Buna əsla imkan verməməliyik.

Ölkədə azad demokratik seçkilər keçirilməlidir. Xalqın seçdiyi, dəstəklədiyi hakimiyyət qurulmalıdır. Xalqın seçdiyi prezident ölkəyə rəhbərlik etməlidir.

Şübhəsiz ki, mən də gələcəkdə Xalqın seçdiyi şəxsi dəstəkləyəcəm.

Mənim prezidentim Putinin medalyasını sinəsində gəzdirərək milli qürurumuzu aşağılamayacaqdır. Mənim prezidentim Putinin, Rusiyanın medalyasını əsla qəbul etməz!

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*