“YAXALARINDAKI ORDENLƏRDƏN BELİ ƏYİLMİŞ ALİMLƏR BUYURSUNLAR, SİYAHI QOYSUNLAR ORTAYA GÖRƏK …”!!!

Mən tək başıma Klassik Azərbaycan Ədəbiyyatının Qərbdə və ərəb ölkələrində təbliği sahəsində Ədəbiyyat və Şərqşünaslıq İnstitutlarının birgə fəaliyyətindən artıq iş görmüşəm.

Fb-NİN GÜNDƏMİNDƏN 

NƏSİMİ FESTİVALINA DƏVƏT OLUNMADIM…

Aşağıdakı şəkil İngiltərənin Bermingem (Birmingham) Universitetinin Qlobal Ədəbiyyat Nəzəriyyəsi Proqramı çərçivəsində “Quranın adları və Nəsimi şeirində üz cizgilərinin vəsfi” mövzusunda çıxış edərkən çəkilib. Bu çıxışım Thomson Reuters indeksli bir jurnalda çapdadır. Aşağıda isə olduqca nüfuzlu jurnallarda Nəsimi, Füzuli, Xətai, Qazi Bürhanəddin, Kişvəri barədə nəşr etdirdiyim məqalələrin əks olunduğu scholar.google saytı. Üstə gəlin Yel, Kembric, Oksford, Villanova və bir çox başqa universitetlərdəki məruzələrim. Mən tək başıma Klassik Azərbaycan Ədəbiyyatının Qərbdə və ərəb ölkələrində təbliği sahəsində Ədəbiyyat və Şərqşünaslıq İnstitutlarının birgə fəaliyyətindən artıq iş görmüşəm. Çox demirəm, hər institut bu mövzuda Thomson Reuters indeksli cəmi bircə məqalə çıxarsın ortaya. Yaxalarındakı ordenlərdən beli əyilmiş alimlər buyursunlar, siyahı qoysunlar ortaya, görək samballı elmi fəaliyyət sahəsində kim nə edib. Heç bir dövlət qayğısı və rəğbətləndirmə olmadan yorulmadan çalışmışam və çalışıram. Çünki mən Azərbaycanı, misilsiz mədəniyyətimizi, ədəbi irsimizi, dilimizi sevirəm və nə qədər ömrüm var bu yolda çalışacam. Dünya genişdir. Məni heç nə ruhdan sala bilməz. 


https://scholar.google.com/citations?user=aD18JA4AAAAJ&hl=en

———————————————————————————————

P.S.

Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı başlayıb 

Festival çərçivəsində Şamaxıda şeir-musiqi məclisi keçirilib

Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalına start verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi Fondun vitse-prezidenti Leyla Əliyevadır. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Şamaxı şəhərindən start götürüb və dörd gün davam edəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın birinci günü Şamaxıda İmadəddin Nəsiminin büstü önündə şeir-musiqi məclisi təşkil olunub. İmadəddin Nəsiminin (1369-1417) fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunan mərasimdə Azərbaycanın tanınmış alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən, o cümlədən Rusiyadan, Çindən, ərəb ölkələrindən gələn qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxının qədim tarixi, böyük sənətkarları barədə danışıb, dahi mütəfəkkir İmadəddin Nəsiminin ədəbi yaradıcılığından, fəlsəfi baxışlarından bəhs edib. Vurğulayıb ki, Nəsiminin adı Azərbaycan xalqı üçün həmişə iftixar mənbəyi olacaq.

Sonra söz musiqiçilərə verilib. Xalq artisti Alim Qasımovun ifasında səslənən muğamlar iştirakçılarda Nəsimi dünyasının möcüzələrini yaşadıb.

Daha sonra festivalın iştirakçıları İmadəddin Nəsiminin qardaşı Şaxəndanın, habelə görkəmli şair Seyd Əzim Şirvaninin dəfn olunduqları Şaxəndan qəbiristanlığını ziyarət ediblər. Hələbdən gələn, İmadəddin Nəsiminin nəslindən olan Məhəmməd Nəsimi burada böyük şair və mütəfəkkirin qəbiri üzərində dua oxuyub. O, bu anı ona bəxş edən festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

Şamaxı, 27 sentyabr 2018

AZƏRTAC 

 

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*