ZAMANA SIĞMAYAN MİFLƏR VƏ ACI HƏQİQƏTLƏR !!!

YAXUD, BİR DAHA “ANALOQSUZ SİYASƏT” HAQQINDA

MÜƏLLİFDƏN:

Hə, əziz və istəkli oxuçum. Bəri başdan deyim ki, bir xeyli dostlarım və həmkarlarım var ki, son vaxtlar məni ciddi qınaq obyektinə çeviriblər. Bilirsinizmi niyə? Hamısı mənə deyir ki, niyə köhnə yazıları dərc edirsən? Mən isə sizlərə məlum olan onlarla, bəlkə də yüzlərlə yazılarımdan heç birinin köhnəldiyini, zamanla səsləşmədiyini, belə tezliklə tarixin arxivinə göndərilməli olduğunu düşünmürəm. Bir Allah şahidimdir ki, mən konkret zaman kəsiyinə, yaxud da konkret dövrə hesablanmış yazılar yazmadım. Heç vaxt bizim çevrələrdə “xaltura” hesab olunan yazılarla gündəmə gəlmək istəmədim.

Baxın, bu gün də sizə bəzi dostlarımın və həmkarlarımın adına  “köhnə” deyərək onu dərc etdiyimə görə ağız büzəcəkləri daha bir yazını təqdim edirəm. Sizlərdən də tək ricam odur ki, bir neçə qızıldan qiymətli dəqiqənizi bu yazının oxunmasına sərf edin və yalnız bundan sonra hər kəs öz sözünü desin. 2008–ci ilin QURTULUŞ BAYRAMI ərəfəsində yazılmış “XƏYANƏT” adlı yazıdı sizə təqdim etdiyim. Oxuyun və düşünün, düşünün və döşünüzə yatarsa, bir də oxuyun.

Qocalar eviKaş mən o zamanlar yanılmış olsaydım da, amma məmləkətimiz bu durumlara düşməsəydi. Bəs nə baş verdi və nədən otən 30 ilə yaxın zaman kəsiyində illik gəlirləri zaman-zaman on milyardlarla ölçülən bir ölkə, vur-tut bir-iki ayın içərisində ard-arda gələn devalvasiyalara qurban gedərək, ciddi böhranla üz-üzə qalnaqla bankrotun eşiyinə gəldi və artıq hər günümüz defolt xəbərini və bu xəbərlə gələ biləcək vəhamət dolu sarsıntları gözləməklə keçir.  Oysa, bəndəniz hələ 10 il öncədən indi olanların və olacaqların anonsunu verib, bunun səbələrini göstərməklə həyəcan təbili çalmışdı. Amma, gördüyünüz kimi, olanlar ortada, bizi isə nəinki eşidən oldu, hətta adımızı “xuliqan” qoyaraq, alnımıza cinayətkar damğası vurmaqla qazamatlara qatdılar.  

——————————————————————————————

XƏYANƏT!!!..

Yaxud, qurtuluş umulan siyasətin mahiyyəti

Sərdar ƏLİBƏYLİ

—————————-

 

Qəzavü-qədərin gərdişi, çərxi-fələyin dönüşü elə gətirdi ki, bu yazı da məhz QURTULUŞ GÜNÜ ərəfəsinə təsadüf etdi. 15 İYUNUN QURTULUŞ GÜNÜ kimi bayram edilməsinə və RESPUBLİKA ÜÇÜN DAHA ÖNƏMLİ OLAN DİGƏR BAYRAMLARA nisbətdə xeyli minnətə mindirilərək, daha təmtəraqlı keçirilməsinə cəmiyyətin münasibəti onsuz da birmənalı deyil. Ancaq bu günün əhəmiyyətini həddindən artıq şişirdənlərdən tutmuş, Qurtuluş bayramına ağız büzənlərə qədər, hamının və hər kəsin səsləndirdikləri fikirlərlə, gətirdikləri arqumentlərlə razılaşmaq da olar, razılaşmamaq da. Lakin heç bir halda, tərəflərdən hansısa bu gün söylədiklərində səmimi deyillər və elə bu səbəbdən də, işlər belə getdikcə, bu ətrafdakı mübahisələr də sonsuzluğa qədər davam edəsidi. İqtidar tərəf və onun adından danışanlar indi bu bayramın tərifini ona görə göylərə qaldırıblar ki, onların çörəyi burdan çıxır, yəni haqq-nahaqq, bu gün onlara belə danışmaq lazımdı və sərfəlidi. Müxalifət və onun adından danışanlar üçün də məsələyə yanaşmanın mahiyyəti eynidi, yəni necə deyərlər, onlar da özlərini bu cür danışmağa mükəlləf sayırlar. Bir sözlə, bütün sahələrdə olduğu kimi, bu məsələdə də hər şey milli maraqlara deyi, firqə və qrup maraqlarına hesablanıb deyə, kimsəyə BÖYÜK HƏQİQƏTLƏRİ danışmaq sərf eləmir. Nəticədə də cəmiyyət iki tərəfə baxa-baxa, çaşqınlıq içərisində olub-bitənləri seyr etməkdədi.

Əslində isə bu yazının Qurtuluş günü ilə o qədər də əlaqəsi yoxdu. Məqsəd Azərbaycanın və Azərbaycan xalqının 15 iyunda kimlərdən və ya nələrdən qurtulub-qurtulmamasını deyil, başlanğıcını 15 iyundan götürən və bu gün də davam etdiyi bəyan olunan siyasətin Azərbaycanı haralara gətirdiyini analiz və təhlil etməkdi.

Heydər ANDİÇMƏ

Bu məsələnin özündə də siyasi başbilənlərin əksəriyyətinin gündəlik maraqlarına hesablanmış mövqelər sərgiləmələri və partiya maraqlarının hər şeyi üstələməsi səbəbindən, proseslərin dərinliklərinə varılmasının qarşısı həmişə alınıb. Daha doğrusu, bəzi HƏQİQƏTLƏRİN DEYİLMƏSİNƏ bu ölkədə, istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə tabu qoyulub. Bəzi HƏQİQƏTLƏRİN DEYİLMƏSİ isə bütün tərəflərə qətiyyən sərf eləmir. Burada söhbət heç də hansısa böyük və qlobal xarakter daşıyan məsələlərdən də getmir. Hər şey hamının gözləri qarşısındadı və baş verən əllaməliklərə görə, gedən proseslərdən baş çıxara bilmək üçün heç də, nə Kessincer, nə də Bjezinski olmağa ehtiyac var. Ölkə bir türlü yaşayır və güman ki, bundan sonra da yaşayacaq. Hərə də bir cürə yolla bir qarın çörəyini tapıb balalarına, heç şübhəsiz ki, yedizdirə biləcək. Onsuz da, nə qədər gurultulu bəyanatlar verilsə də, adına inkişaf deyilən nəsnələr uydurularaq xalqa sırınsa da, bunu bütün dünya da bilir, biz də bilirik ki, əhli-Azərbaycan küllən bir tikə çörəyə görə boğazından asılıb və bu gün prezidentdən tutmuş beşikdəki körpəsinə qədər, bir kimsənin heç nəyinə təminat və bu təminatı verən bir kimsəsi yoxdu. Yəni bu ölkədə hamı və hər şey, guya qurulduğu iddia edilən dövlətin deyil, Allahın umudunadı…

Heydər-İlham

Kimsənin də yaxasından tutub soruşacağı bir ünvan və ya şəxs də yoxdu ki, bu qədər mədh edilən və şişirdilən siyasətin 15 illik davamında, hamının və hər kəsin halal haqqı olan bəşəri və şəxsi hüquqlarına, eləcə də maddi və mənəvi varidatlarına təminat verə bilən bir dövlət niyə qurulmayıb? Məsələlərə Mübariz Qurbanlının təfəkkürü, Səyavuş Novruzovun düşüncəsi, Əli Həsənovun ictimai-siyasi anlayışı və ya Ramiz Mehdiyevin fəlsəfəsi ilə yanaşıb, Əli Əhmədovun gözləri, “Lider”in əxlaq kriteriyaları, Mirşahinin telegüzgüsü ilə baxanda, ola bilsin ki, hər şey doğrudan da çəhrayı rəngdə olsun. Ancaq indiki zamanın özünə uyğun standartları mövcuddu və bu stantdartlarla baxanda, bizim haralarda olduğumuzu, elə bu cənabların özləri də yaxşı bilirlər, hər nə qədər bunu etiraf etmək cəsarətində olmasalar belə. Hər şeyin də önündə gələn bircə problem var ki, ötən 15 ildə Azərbaycanda demokratiya adına bircə addım da atılmayıb, əvəzində isə, Qurtuluş günümüzə qədər olan-qalan demokratya cücərtiləri də kökündən qazılaraq məhv edilib. Nəticədə, Azərbaycanda keçmiş SSRİ-nin balaca bir maketini qurub, cəmiyyəti biz az daha artıq kölələşdirib, adını da qoymuşuq “hüquqi dövlət və demokratik ölkə”. Əslində, heç SSRİ də özünü antidemokratik bir ölkə saymırdı və dünyaya bu monstrın həqiqi sifətinin ortaya çıxması üçün 70 ildən çox vaxt tələb olundu. Bizim də əsl sifətimiz, bəlli zaman kəsiyindən sonra, onsuz da ortaya çıxasıdı. Ancaq nədən elə günü bu gün özümüz hər şeyi etiraf edib, ZİYANIN YARISINDAN DA OLSA, QAYITMAQ İSTƏMİRİK GÖRƏSƏN? Bu nəcə demokratik ölkədi ki, burada rüşvətin, korrupsiyanın miqyasları kritik həddi çoxdan keçib, məhkəmələrində ədələtdən və qanunlardan savayı hər şeyə ən üstün səviyyədə xidmət olunur, səhiyyə sistemi, təhsil sistemi vətəndaşa şəfqət əvəzinə dərd-azar, savad-bilik əvəzinə isə “diplomlu dana” titulu verir. Bu necə demokratik ölkədi ki, burada insan haqlarına, şəxsiyyət azadlığına, vətəndaşların mülkiyyət toxunulmazlığına və sair kimi fundamental dəyərlərə təminat bir yana, tüpürmək belə istəyən yoxdu. Məmur özbaşınılıqlarının, xəzinə oğurluğunun, bütün sahələri öz məngənəsində sıxaraq yarımcan edən monopoliyanın kəlləçarxa çıxdığı bir ölkəni demokratik adandırmaq, Allahsızlıq əlamətidi və bu məmləkətdə indi Allahın özü də, harınlayaraq, heç kim və heç nəylə hesablaşmayan “allahlar”ın qarşısında aciz kimi görünür. Ən dəhşətlisi isə odu ki, nələr baş verdiyini uşaqdan-böyüyə hamı bilir və başa düşür. Əgər bu ölkədə demokratiya deyil, demokratiyanın azacıq işartıları belə olsaydı, ötən 15 ildə, azı 100 dəfə qiyama, 150 dəfə çevrilişə, heç olmasa, cəhd olmalıydı. Amma olmayıb, yoxdu və yaxın aylara, illərə də olacağı gözlənilmir. Ona görə yox ki, hamı hər şeydən xoşhaldı, hər şeydən razıdı, xeyr, əksinə. Sadəcə ölkədə baş verən nə varsa, harada hansı proseslər gedirsə, hamısına total bir nəzarət mexanizmi yaradılıb. Və çox təəsüflər olsun ki, ötən illər ərzində yürüdülən siyasətin büsbtün gücü və mahiyyəti bu mexanizmin yaradılmasına və bir əldə cəmləşdirilərək, idarəolunan hala gətirilməsinə sərf edilib. İndi Mübariz Qurbanlının demokratik dəyərlərin Azərbaycan “sortu” barəsində leksiya danışması, Rəmiz Mehdiyevin isə bu demokratiyanın fəlsəfəsi ilə bağlı ayda bir kitab yazması, o demək deyil ki, biz artıq dünyaya demokratiya dərsi verəcək bir dövlətə sahibik. Demokratiya adlanan nəsnənin və demokratikliyin vazkeçilməz bəzi ünsürləri var ki, onlardan bircəsi belə yoxdusa, demokratiyadan danışmaq, dəcəl uşağı yuxuya vermək üçün söylənilən Məlikməmməd nağılından başqa anlama gəlməz.

İlham ANDİÇMƏ

Məsələn, istənilən ölkənin demokratikliyinin baza göstəricilərindən biri və birincisi, həmin ölkədə siyasi azadlıqların təminatıyla ölçülür. Bu isə özündə əsasən bir şeyi ehtiva edir ki, müxtəlif ideoloji əsaslar üzərində təşəkkül tapan siyasi təşkilatların hərtərəfli inkişafına tam şərait yaradılır və dövlət tərəfindən təminat verilir. Məsələnin mahiyyətində isə o var ki, cəmiyyətin bütün təbəqələrinin öz siyasi maraqlarını təmin edə bilmələrinə imkan yaransın. Bu həm də ona görə lazımdı ki, istənilən situasiyada hakimiyyəti götürüb ölkəni strateji hədəflərinə apara biləcək güclü və yetkin alternativ siyasi qüvvələr mövcud olsun. Yerdə qalan bütün məsələlər isə sıralamada bunun ardınca gəlir.

“Azərbaycanda demokratiya varmı” sualına cavab axtararkən, ilkin olaraq araşdırılmalı məsələ də elə budu. Görünən kəndə bələdçilik etmədən dərhal deyək ki, Azərbaycanda son 15 illik siyasətin mahiyyəti və başlıca məqsədi bütün alternativ siyasi qüvvələri məhv etməyə, təkpartiyalı sistem əsasında idarəetməni bütün parametrləri ilə bərpaya yönəlib. Ortada olan və hələ ki, guya varlığı hiss olunan siyasi təşkilatların isə bir hissəsi can üstədilər və güman ki, bu seçkidən sonra tarixə qovuşacaqlar. Yerdə qalanları isə, ən yaxşı halda, prezidenti dəstəkləməklə, bəzi nazir və ya məmurların ara-sıra tənqidi ilə məşğuldular. Onların da hər birinin hansısa nazir və ya iriçaplı məmurlar tərəfindən maliyyələşdirildiyi və elə həmin kəslərin dar maraqlarının təminatı üçün meydana gəldikləri də heç kimə sirr deyil. Üstəlik də bu partiyaların əksəriyyətinin Bakıdan kənarda hər hansı şəkildə fəaliyyəti yoxdur. Bir sözlə, mövcud siyasi qüvvələrin heç birinin təbii yolla inkişafından və azad fəaliyyətindən söhbət belə gedə bilməz. Ona görə yox ki, həmin təşkilatların potensialı və rəhbərliyinin gücü bunun üçün yetərsizdi, ona görə ki, bu ölkənin 15 ildi ki, yürüdülən və bu gün də davam edən siyasəti, həmin qüvvələrin olmasında, inkişafında, nə vaxtsa Azərbaycanı idarə edəcək gücə və potensiala sahiblənməsində maraqlı deyil. Səbəb isə birdi. Bu siyasət Azərbaycanı demokratikləşdirmək deyil, hər zaman bir nəfərin hakimiyyətində can çəkişdirmək yolunda aparır. Təbii ki, bunun da öz səbəbləri var və məsələnin bu tərəfi tamam başqa bir söhbətin mövzusudu.

Heydər-İlham-1

Bir vaxtlar həmin adamın adı Heydər Əliyeviydi, indi isə İlham Əliyevdi. Yaxın hesablamalar və iqtidar cinahından ötürülən bəzi mesajlar isə Əliyev soyadanın bundan sonra azı 50 illik hakimiyyətinin planlaşdırılması və proqnozlaşdırılmasından xəbər verir. Məsələnin bu tərəfi də, bir az uzun-uzadı izah və şərh tələb etdiyindən, barəsində danışmağı başqa bir zamana saxlayaq…

Əsas məsələ indiki durumdu və ölkənin gətirildiyi bu durum artıq o qədər kritikdi ki, Azərbaycanın hələ 50 ilə ümumiyyətlə dövlət kimi gedib çıxacağı belə mümkün olmaya da bilər. Baxın, bugünkü vəziyyət odu ki, ölkə bütünlüklə İlham Əliyevin varlığından asılı duruma gəlib. Ancaq onun barəsində söylənilən miflərin və mədhiyyələrin hamısı həqiqət olsa belə, enində-sonunda, O, Allah yox, Allahın yaratdığı milyardlarla ölümlü bəndələrindən biridi. Bunun da nə demək olduğunu, şübhəsiz ki, hər kəs bilir və xüsusi izaha və şərhə ehtiyac yoxdu. Allah İlham Əliyevin ömrünü uzun etsin, bunu istəməyənlərin də lap canları çıxsın. Amma birdən ortaya hər hansı fors-major situasiya çıxdı və ya, zəlzələdən ya vəlvələdən, İlham Əliyev hakimiyyəti tərk etməli oldu. O zaman bu ölkənin halının nə olacağını kimsə düşünürmü görəsən?! Ölkədə bir dənə alternativ siyasi qüvvə yox, hakimiyyədə olanlar da ki, İlham Əliyevin yoxluğunda bir-birini param-parça edib qanlarına susayacaq, bir-birini bu qanda boğacaq durumda. Bax, son 15 illik siyasətin, əgər belə demək mümkünsə, ən böyük “nailiyyəti” də elə bundan ibarətdi.

İlfam ANDİÇMƏ-1

Bunun da normal Azərbaycan dilinə tərcüməsi belə səslənir ki, 15 ilə dayanan  pafos və məddahlıqdan savayı heç bir görünən tərəfi olmayan bu idarəetmənin mahiyyətində, əslində, düşünülən bircə siyasət olub, yəni “Azərbaycan ya bizim (yəni indiki hakim AİLƏnin – S.Ə.) olmalıdı, ya da heç kimin”. Bu isə böyük ideallara, millətin minillik varlığından əmanət kimi doğan istiqlalına və bu istiqlalın üzərində təşəkkül tapmlş dövlərinin müstəqilliyinə, bir sözlə,

AZƏRBAYCANA, ONUN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ XƏYANƏTDİ!!!Həm də, 15 iyunda xalqın qovuşduğunu güman etdiyi ümidlərə və bu ümidlərlə təslim etdiyi müstəqillik və dövlət adlı əmanətinə XƏYANƏT!

«Nota bene!» qəzeti
                                          10-16 iyun 2008-ci il

 233 total views, 2 views today

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*